Kukla Teatrı beynəlxalq əlaqələri genişləndirir

Azərbaycan Dövlət Kukla Teatrı beynəlxalq miqyasda əlaqələrini genişləndirməkdə davam edir.
Teatrdan MANERA.AZ-a bildirilib ki, bu çərçivədə qardaş Özbəkistanın Qaraqalpaq Dövlət Kukla Teatrının kollektivi ölkəmizdə səfərdədir.
Özbəkistanın Qaraqalpaq Dövlət Kukla Teatrının direktoru Usmanatdin Mambetalievin başçılıq etdiyi teatr təmsilçiləri Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Sonra Azərbaycan Dövlət Kukla Teatrında iki sənət ocağının rəhbərinin iştirakı ilə əməkdaşlıq haqqında müqavilənin imzalanma mərasimi olub.
Sənəddə qarşılıqlı qastrol səfərlərinin təşkili, ustad dərsləri, müştərək tamaşaların hazırlanması kimi məqamlar yer alıb. Bununla yanaşı kadrların - dramaturqların, rejissorların, rəssamların, aktyorların xidmət və təcrübə mübadiləsi, yüksək səviyyəli milli və xarici səhnə əsərlərinin birgə yaradılması, habelə beynəlxalq festivallar, qastrol səfərlərinin təşkilində əməkdaşlıq, teatr sahəsində tərəflərin səmərəliliyin artırılması sənədin əsas mövzusudur.
Əməkdaşlığın əsas istiqamətləri və vəzifələrə gəlincə, müqavilənin əsas məqsədi tərəflər arasında, xüsusilə teatr sənəti və yaradıcılıq sahələrində müxtəlif mədəni əlaqələrin qurulması, inkişaf etdirilməsi və möhkəmləndirilməsidir.
Belə ki, tərəflərin əməkdaşlığı ilə tamaşaların yaradılması layihələrinin perspektiv planına uyğun olaraq prosesə Özbəkistanda azərbaycanlı rejissor, Azərbaycanda isə özbək rejissorun quruluşunda milli dramaturgiya nümunələrindən tamaşaların hazırlanması ilə başlanacaq. Sənəddə yaradıcı kadrların - dramaturqların, rejissorların, rəssamların, aktyorların hazırlanması üzrə birgə tədris layihələrinin həyata keçirilməsi də nəzərdə tutulub.


