manera.az
manera.az

Müasir romançılıqda yeni nəfəs - Rəfael Həbiboğlu yazır..

📅 26.04.2024 13:24

Müasir romançılıqda yeni nəfəs - Rəfael Həbiboğlu yazır..
Və yaxud Sadıq Qarayevin ədəbi yaradıcılığı haqqında düşüncələr..

Mən Sadıq Qarayev imzasını ara-sıra eşidir, sosial şəbəkədə statuslarına tez-tez rast gəlirdim.

Virtual dostluğumda olduğundan, özünün bütün yazıları, eləcə də onun haqqında yazılanlar qarşıma çıxırdı, vaxtım-zamanım imkan verdikcə, diqqətimdən kənarda saxlamır, demək olar ki, hamısını olmasa da, əksəriyyətini oxuyurdum.

Artıq bilirdim ki, Sadıq müəllim ixtisasca bioloq, təbiətşünas olmağına rəğmən, bir neçə irihəcmli bədii romanların müəllifidir. "Sahilsiz təzadlar", "Sahibsiz kölgələr", "Sarvansız zamanlar" adlı əsərlərin adını eşitmişdimsə də, nə onların, nə də qiyabi dostum olan müəllifin üzünü görmüşdüm...

Qismətdə varmış!..

Bu yaxınlarda elan olundu ki, Yazıçılar Birliyinin "Natəvan" klubunda biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayevin yenicə çapdan çıxmış "N" saylı qəhrəmanlıq" romanının müzakirəsi keçiriləcək.
Sadıq müəllim özünün tədbirinə, necə deyərlər, yaradıcılıq gecəsinə məni də dəvət etmişdi.

Vaxt tapıb getdim, tədbirdə sona kimi iştirak elədim və qətiyyən peşman da olmadım. Bu gözəl saatlar mənimçün itirilmiş yox, qazanılmış saatlar idi. Əvvəla, sonda "N"saylı qəhrəmanlıq" romanıyla yanaşı, müəllifin imzasıyla "Sahilsiz təzadlar"romanını da əldə etdim, ikincisi, müəlliflə şəxsən tanış olub, bir neçə dəqiqəlik həmsöhbət oldum, üçüncüsü isə bu nadir şəxsiyyət barədə deyilən təqdimatların sayəsində Sadıq müəllimi daha yaxından tanıya bildim...
Müasir romançılıqda yeni nəfəs - Rəfael Həbiboğlu yazır..
Düşüncələrimi yazmağa heç kimə yox, özümə söz vermişdim, ancaq günlər həftələrə, həftələr aylara keçsə də, iş-güc başımı elə qatdı ki, bir də onda "ayıldım", "Ey dadi-bidad, bu qədər zaman ötüb, sən bu dəyərli və qiymətli əsərlərin özü, müəllifi haqda fikirlərini ürəyində gəzdirirsən, artıq bu ağır yükdən xilas olmaq zamanıdır..."

Və bu keçən müddətdə oxuyub başa çatdırdığım "Sahilsiz təzadlar" romanını bir də ötəri şəkildə nəzərdən keçirtdim. Bu dəfə əsər haqqında söz demək, düşündüklərimi yazmaq məqsədiylə. Gördüm yox, elə-belə, 5-10 cümləylə iş bitməyəcək, yük, həqiqətən, çox ağırdır...

Bizim bu təbiətşünas alim dostumuz "Sahilsiz təzadlar"da əməlli-başlı külüng çalıb, yeniliklər edib, roman janrına bir sıra əlavə qatqılar qatıb, əsərin oxunaqlı olmasından ötrü etnoqrafik, mifoloji süjet və epizodlar daxil edib, nəticədə olduqca maraqlı bir əsər meydana çıxıb...

Bu əsərdə bədiiliklə elmiliyin vəhdəti uğurla təqdim olunub. Amma tək bu deyil, bu romanı həm də fəlsəfi-detektiv janrın nümunəsi saya bilərik.

Əsərin iki baş qəhrəmanı var-Əli və Nərmin. Süjet xətti bu iki gəncin saf, ülvi məhəbbəti, bu məhəbbət yolunda başlarına gələn olmazın müsibətlər, faciə və fəlakətlər fonunda, gözlənilməz hadisələr əsasında qurulmuşdur. Eyni zamanda, yeri gəldikcə, dialoqlarda bir sıra obrazların diliylə elmi fikirlər, müxtəlif elm sahələrinə aid konseptual-nəzəri yanaşmalar, fəlsəfi ideyalar, məntiqi nəzəriyyələr irəli sürülmüşdür.

Bundan başqa, əsərdə rənglərin əmələ gəlməsi, kainatın yaranması, zamanın, sürətin, fəza-qalaktika-kainat harmoniyasının, nizamlı dünya düzəninin, sahələrin arasıkəsilən mahiyyətdə olması, bəşəriyyətin bir çox qlobal problemləri haqqında müəllifin özünəməxsus fikirləri də yer almışdır.

Yeni ictimai formasiya quruluşunun yaranması haqqında fikir və mülahizələr, Əlinin müxtəlif vaxtlarda baş vermiş iki cinayətin üstünü xüsusi peşəkarlıqla açması, insanların çox zaman gerçəkləri, həqiqətləri lazımınca dərk edə bilməmələri, bunun səbəbləri və s. haqda düşüncələr də əsərdə öz əksini tapmış, beləliklə, romanı olduqca axıcı, oxunaqlı etmişdir.

Əsər 2014-cü ildə çap olunsa da, sonda baş qəhrəmanların görüşü Şuşada gerçəkləşir.

44 günlük müqəddəs savaşdakı şanlı qələbəmizdən düz 6 il qabaq...

Bu nədir, yazıçı uzaqgörənliyi, haqq uğrunda mübarizənin gec-tez haqlı tərəfin qələbəsi ilə bitəcəyinə dərin inam, yoxsa, şüuraltı telepatiya?!..

Bu, heç şübhəsiz, bütöv bir millətin, dövlətin sönməyən, öləziməyən arzusu, istəyi, diləyi idi ki, sonda da gerçəkləşdi...

Romanın "İthaf" hissəsində oxuyuruq:

"Bəşəriyyətin dünyagörüşündəki təzadlı, çoxüzlü baxışlar sistemi və mövqeyindəki ətalət, çoxbucaqlı standartlar sayəsində Xocslıda, Somalidə, Əfqanıstanda, Yaxın Şərqdə, eləcə də dünyanının digər yerlərində vəhşicəsinə qətlə yetirilmiş, aclıqdan, susuzluqdan dünyasını vaxtsız dəyişmiş insanlığın vicdan indikatorları olan uşaqların əziz xatirəsinə ithaf edilir".

Əsərdə bir sıra xarici, əcnəbi surət və personajlar da iştirak edirlər. Albert Tal, Zilan, Alison, Olqa və s. belə surətlərdir. Onların da dialoqları, bir-biriylə danışıqları maraqlı səhnələrdir. Qarşılaşmalarda ziddiyyətlər, təzadlar, müəllifin kəskin kontrastlar, konfliktlər yaratması və əsər boyunca bu konfliktləri həll etmə bacarığı, metodları bu romanı çox maraqlı edir...

O ki qaldı "N" saylı qəhrəmanlıq" romanına, bu əsər daha uzun və geniş yanaşma tələb edir...

Əsər 44 günlük 2-ci Qarabağ müharibəsinə həsr olunub və 2023-də çap edilib. Bu əsər də özündən əvvəlki romanlar kimi geniş həcmlidir-373 səhifəlik bir epopeya.

Sadıq Qarayev bir yazıçı, qələm adamı kimi, zaman-zaman bi mövzuya toxunmuş, ürəyində gəzdirdiyi fikirləri qələmə almışdı. "Sarvansız zamanlar" kitablnda yer almış "And", "Aləmlərin söhbəti", "Zəfər günü" esseləri, "44 gün" yazısı Vətən müharibəsinin ağrı-acılarına güzgü tutmuş, bu müharibənin həyəcan, döyüş, əməliyyat, kəşfiyyat, vuruş, qələbə anlarını, epizodlarını inandırıcı boyalarla təsvir etmişdi.

Lakin müəllifin müharibəyə həsr olunmuş "N" saylı qəhrəmanlıq" əsəri isə, bu mövzuda yazılmış əsərlərdən öz keyfiyyət və sanbalı ilə seçilir.

Roman 3 fəsildən ibarətdir:

I fəsil "Müharibə tumurcuqları",

II fəsil ""N" saylı qəhrəmanlıq",

III fəsil "Mövcudluğun səpələnməsi".

Və Epiloq əvəzi. "Azərbaycançılıq məfkurəsi"...

Hər fəsil də özü-özlüyündə bitkin, müstəqil əsər təsiri bağışlayır, ayrıca götürülmüş bir roman gücündə, səviyyəsindədir.

Hər fəsli ayrılıqda tədqiqata, təhlilə cəlb etmək olar və heç şübhəsiz, gələcək araşdırmaşılar belə də yanaşacaqlar...

Mənim məqsədimsə bu əsəri geniş tədqiqata çəkmək deyil, sadəcə, qələm dostumun uğuruna olan sevincimi siz oxucularla bölüşməkdir.

Yalnız bu qədər.

Oxuculara tövsiyə və məsləhətim:

Sadıq Qarayevin göstərilən əsərlərini əldə edin və oxuyun! Peşman olmayacaqsınız!

Müəllifə, əziz dostum Sadıq Qarayevə isə bol-bol yaradıcılıq uğurları arzulayıram!

Yeri gəlmişkən, "N" saylı qəhrəmanlıq" romanının dizaynı Nəzrin və Əli Qarayevlərə aiddir-Sadıq müəllimin övladlarına.

Demək ki, "Ot kökü üstə bitər!" Estafet uğurlu əllərdədir! Ardımızca başarılı, qabiliyyətli gənclər gəlməkdə!

Nigaran olmaya bilərik!..

26.04.2024


Baxış sayı - 470 | Yüklənmə tarixi: 26.04.2024 13:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031