Yazıçı Sadıq Qarayevin tarixi romanı nəşr edildi
Biologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı Sadıq Qarayevin “N” saylı qəhrəmanlıq” tarixi romanı nəşr olunub.
MANERA.AZ xəbər verir ki, həcm etibarilə 3 fəsildən ibarət olan romanda hadisələr “Müharibə tumurcuqları”, “N” saylı qəhrəmanlıq” və “Mövcudluğun səpələnməsi” fəsilləri üzrə inkişaf etdirilir.
I fəsil “And”, II fəsil “Aləmlərin” söhbəti, III fəsil “Zəfər günü” yazıları ilə başlayır.
Müharibə tumurcuqları açılır, əsgər and içir, cəbhəyə gedib qəhrəmanlıq göstərir, zəfər əldə edir, işğal mövcudluğu səpələnir, qələbə günəşi doğur. Əsərdə proloq kimi 200 illik ermənilik faşizminə qalib gəlmiş “Azərbaycançılıq məfkurəsi”nin mahiyyəti verilir. Bu yazılar nəsrlə poeziyanın birgə, həmahəng nümunəsidir, fəsillərin vəhdətini yaradır, mahiyyətini işıqlandırır.
Romanın “Müharibə tumurcuqları” adlanan I fəslində müharibənin səbəbləri, ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri vəhşiliklər, soyqırımlar, torpaqlarımızın işğalı və I Qarabağ müharibəsi, “Aprel döyüşləri”, “Tovuz döyüşləri” vaxtı əsgər və zabitlərimizin qəhrəmanlığından, Azərbaycan xalqının “Şəhidlik məktəbindən” bəhs edilir. Bədii nəsrimizdə ilk dəfə olaraq Ali Baş Komandanın bədii obrazı canlandırılmış, dövlətimizin rəhbərininin müharibədən əvvəl və müharibə dövründəki düşüncələri, ideyaları və fəaliyyəti gerçəklik əsasında işıqlandırılmışdır. Əsərdə, eyni zamanda məhz bu fonda “Müharibə tumurcuqları”nın yaranması, böyüməsi obrazlaşdırılmışdır.
“N” saylı qəhrəmanlıq” adlanan II fəsildə müharibəyə hazırlıq, döyüşün planlaşdırılması, başlanması, “N” saylı hərbi hissənin timsalında 30 il ərzində möhkəmlənmiş “keçilməz Ohanyan xəttinin” rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgər və zabitləri tərəfindən yarılması, kənd və şəhərlərimizin işğaldan azad olunmasından bəhs edilir. Onlarla şəhid və qazilərin döyüş yolu, göstərdikləri N sayda və “N” saylı qəhrəmanlıqları, şücaətləri əsasən sənədli, real faktlar əsasında təsvir edilmişdir.
III fəsil “Mövcudluğun səpələnməsi” adlanır. Burada Şuşanın azad olunması, möhtəşəm tarixi qələbə sayəsində 30 il davam edən işğalın sona çatması, Cıdır düzündəki “Sərxoş qarğa rəqsilərinin” bundan sonra “Xarıbülbül” festivalı ilə əvəz olunması fonunda mövcudluğun səpələnməsi təsvir olunur. Qəhrəman şəhidlərin şücaətindən doğan müqəddəslik Azərbaycanın üçrəngli bayrağına, dövlətin gücünə, xalqın milli-mənəvi dayaq nöqtələrinə səpələnir. Azərbaycançılığın qəhrəmanlıq məktəbi 200 illik ermənilik faşizmi və havadarları üzərində tarixi, həlledici qələbə çalır. Ermənilik ideyaları birdəfəlik yoxluğa, keçmişə səpələnir.
Romanda müəllif tarixi zəfərimizlə başa çatan II Qarabağ müharibəsi haqqında dünya xalqlarında, gələcək nəsillərdə geniş və əhatəli təsəvvür yaratmağı qarşıya əsas məqsəd kimi qoymuşdur.
Qeyd edək ki, müəllifin son illərdə meydana çıxmış irihəcmli “Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr” romanları, povest, hekayə, esse və publisistik yazılardan ibarət “Sarvansız zamanlar” kitabı ədəbiyyatımızdakı ilk elmi-fəlsəfi bədii nəşr nümunələridir.