manera.az
manera.az

Dünənimiz xəyaldır xatirələr çənində - Şeirlər

Dünənimiz xəyaldır xatirələr çənində - Şeirlər
MANERA.AZ "Unudulmazlar" rubrikasında Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndəsi Hüseyn Razinin şeirlərini təqdim edir:

Bir anlıq həvəs

Sevirəm – dedilər bir-birlərinə,
Başladı o gündən gediş-gəlişlər.
Əhdə, sədaqətə inam yerinə
Çoxaldı vədlər, odlu görüşlər.

Oğlanın köksündə sehrləndi qız,
Odlu məhəbbətdən sözlər dedilər.
Nikah kağızını sorğu-sualsız,
Yanan dodaqlarla möhürlədilər.

Sabahdan ədalar göründü sərin,
Baxışlar, gülüşlər qırov bağladı.
Bir anlıq qıy vuran qəhqəhələrin
Ömürlük yasına ömür ağladı.

Bu zərbə duyğunu, eşqi kiritdi,
Ürəyi göynədən yanıqlar kimi.
Hərəsi bir yana baş aldı getdi
Tilovdan sürüşən balıqlar kimi.

Bəlkə də sevdilər yenidən, ancaq,
İlk eşqə xəyanət ləkəsi qaldı.
Qəlbin güzgüsündə çapıq salaraq
Bir yetim məhəbbət kölgəsi qaldı.

Sevgi qanadlarında

Atsan məhəbbətimi ayrılıq vadisinə,
Barı güman ol mənə.
Düşsəm də solğun ümid, təsəlli şöləsinə,
Sökülən dan ol mənə.

Həsrətin bürüyəndə eşqimi duman kimi,
Kaş sərin meh olasan,
Qəlbimin tellərini həzin bir kaman kimi,
Ürəyimcə çalasan.

Dünənimiz xəyaldır xatirələr çənində,
Bugünüm ol gözəlim.
Elə qürbət yarat ki, eşqimin vətənində, -
Sənə yetişsin əlim.

Qalsam əgər çox uzun intizar gecəsində,
Ulduza, aya çevril.
Həsrətinlə sıxılan ürəyimin səsində
Kövrək haraya çevril.

Hər sınaqdan keçirəm məhəbbətin gücünə,
Təki qürurum sən ol.
Heç bir zülmət, qaranlıq sədd çəkə bilməz mənə,
İşığım, nurum sən ol.

Adın, eşqin, ürəyin, məhəbbətin kök salıb
Qəlbimin qatlarında.
O gündən arzularım zirvələrə ucalıb
Sevgi qanadlarında.

Gülüm

İkimiz bir eşqin çevrəsindəyik,
Sən duran nöqtədə mən varam, gülüm.
Pozulmaz cazibə qüvvəsindəyik,
Ayrılsaq, heçlikdə qalaram, gülüm.

Gözəlli, göyçəkli dünyamda birsən,
Yuxudan durmayım yuxuma girsən.
Bir dəfə ruhuma təsəlli versən,
Yüz il həsrətində qalaram, gülüm.

Qəlbinlə qulaq as qəlbin səsinə,
Dəli duyğuların bəsləşməsinə.
Mən öz fəryadımla yer kürəsinə
İstəsəm fırtına salaram, gülüm.

Bəm xallar üstündə kövrək neyəm mən,
Dərdimi dünyaya gərək deyəm mən
Bir zümrüd quşuyam, çılğın leyəm mən,
Hər yerdə mən qanad çalaram, gülüm.

Bir gün saf eşqimi danası olsan,
Sən məni yandırıb yanası olsan,
Başqa xanimanın sonası olsan
Mən o xanimanı talaram, gülüm.

Dönmərəm eşq adlı bir günahımdan
Qara gözüm kimi qibləgahımdan
Saçına dən düşsə, mənim ahımdan,
Dünyanın saçını yolaram, gülüm.

Şimşəyə çevrilib başımda çaxsan,
Bilsəm ki, qan daman odlu bıçaqsan.
Qəfil ölüm olub qarşıma çıxsan,
Mən səni köksümə alaram, gülüm.

Əriyən ruhuma süzür su kimi,
Bir dağ çeşməsinin sal buzu kimi,
Raziyəm istəsən bir quzu kimi,
Hər saat qurbanın olaram, gülüm.

Özümə nəsihət

Dağ dağa söykənər, bulud buluda,
Buludun öz yeri, dağın öz yeri.
Dözmək çətin olmaz hicrana, oda,
Olmasa ürəkdə acı söz yeri.

Hər yaşın barını məhəbbətlə dər,
Ömür əmanətdir, sovurur illər.
Baxımsız deyildir işlər, əməllər,
Vardır hər baxışda neçə göz yeri.

Düşsən kin oduna közər, alışma!
Qaynar qazan kimi köpürmə, daşma,
Hirsin cin atında hüdudu aşma,
Saxla barışmağa barı üz yeri.

Yalan qızıl tacda sevilə bilməz,
Haqqa yüz qılınc vur, yıxılar, ölməz.
Namərd bazarına alıcı gəlməz,
Düz danış, düz otur, düz gül, düz yeri.

Pak eşqin odunda alışdıqca yan,
Ver öz məsləkinə başını qurban.
Qalsın əməlindən, arzularından
İşindən həyatda barı iz yeri.

Ağır daş yüküdür soyuq ədalar,
Hörmətin cavabı ehtiram olar.
Hüquq bir olsa da, böyük, kiçik var,
Allah göstərməsin böyüksüz yeri.


***
İllər boyu eşq allahına yerdə əvəzdim,
Məcnun kimi, Leyla kimi səhraları gəzdim.

Yollar uzanıb getsə də, hey yollara baxdım,
Yüz arzumu səbrimlə, iradəmlə mən əzdim.

Bilsəydim əgər ahıma yadlar güləcəkdir,
Mən nalə çəkib göz yaşı tökməz, mələməzdim.

Hərgah kişilik qeyrətim olsaydı, əzəldən,
Daş bütlərə «Ya rəb, mən gün ağla» deməzdim.

Duysam, düşünüb dərk eləsəydim mən ürəkdən,
Boş sözlərə, ehkama sitayiş eləməzdim.

Azadlıq üçün ölməyə olsaydı mətanət,
Azadlığı bir fitrə kimi mən diləməzdim.

Razi, de bütün aləmə, olsaydı qürurum,
Beş gün yaşayar, ömrü boyu mürgüləməzdim.


***
Yüz nəğmə yarandı hər ahımdan, kədərimdən,
Yüz eşqin odu yandı könül dərbədərimdən.

Allah usanıb bezdi mənim nalələrimdən,
Mən bezmədim ancaq yenə «allahu-kərimdən».

Yadlar içərək nəhrimi, dəryamı qədəhdə,
Yaqut gölü, altun dənizi qurdu tərimdən.

Hər dərdə dözüb nisgilimi boğdum ürəkdə,
Zövq aldılar ancaq ki, mənim dərdi-sərimdən.

Bir çay süzülüb axsa da dəryama şimaldan,
Yüz çay axını başladı zümrüd Xəzərimdən.

İllər boyu haqsızlığa sövq etdilər ancaq,
Haqqın günəşi düşmədi lakin nəzərimdən.

Köksümdəki sərvətlə çoxu xoş günə çatdı,
Xoşbəxt güzəran keçmədi öz dövrü-bərimdən.

Mən haqqımı boş sözlərə, təriflərə verdim,
Yadlar sevinib güldü, xeyir umdu şərimdən.

Razi, nə qədər haqqı danırsan, yenə söylə,
Bir zərrə həqiqət qalar əlbət əsərindən.

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1234
567891011
12131415161718
19202122232425
26272829