manera.az
manera.az

Hər şəkil dilində lal xatirələr.. - Şeirlər

📅 13.05.2021 12:46

Hər şəkil dilində lal xatirələr.. - Şeirlər
MANERA.AZ Səfər Valehin şeirlərini təqdim edir

Nə gəzir məndə

Daha itirməli bir canım qalıb,
Sevgidi, ağıldı nə gəzir məndə.
Hesab kitabıyam cızma-qaralı
Səninki nağıldı, nə gəzir məndə.

Ondakı yetmişdim gənc yaşlarıma,
Sevgi dastanıydım tay-tuşlarıma.
Ümidlər bənd idi göz yaşlarıma,
Bir ahdan dağıldı, nə gəzir məndə.

Hanı maraqlanan, deyə hay verən?
Yatdı tikan üstə yerini sərən.
Hansı bəxtəvərin qəmidi görən,
Bu qədər yığıldı, nə gəzir məndə?!

Dəryaydım vermişdi hər nə Xalıq tək,
Qarışdı ovqatım bu ortalıq tək.
Bir ürək qalmışdı qızıl balıq tək
Bax o da boğuldu, nə gəzir məndə...

Üşüdü

Qanımı dondurdu qəmin,
Əlimdəki buz üşüdü.
Sındı pəncərə gözlərim,
İçimdəki qız üşüdü.

Ağacam ömür dirəyim,
Sonuncu yarpaq ürəyim,
Olmadı ümid gərəyim
Neçə bahar, yaz üşüdü.

Mənim eşqim qərib leylək,
Başına dolandı xeylək,
İndi tənha- təkəm neylək,
Ocağında az üşüdü?!

Al canımı, olsun behin,
Ver üzünə gülüş mehin.
Acı ki, acı Valehin
Bəsdir etdin naz üşüdü...


***
Bilmirəm baxanda şəkillərinə
Necə toparlayım diddiklərimi.
Birində yanağın, gözün, birində
Heç uşaq etməzdi etdiklərimi.

Gördüyüm əməldən elə peşmanam,
Məni yüz yerimdən yaralasan da.
Gərək ki üzünü qaralamazdım,
Büsbütün ömrümü qaralasan da.

Hər şəkil dilində lal xatirələr,
Bağrımı kəsdikcə ağrısı kəsdi.
Birində göz yaşı dadıma çatdı,
Birin əzdələdim, ayrısı kəsdi.

Bütün həyatımdı, bu bütün ömrüm,
Mən indi deyiləm tək bu şəkildə.
Qələm, sözlərimə bu gecə rəng qat
Bir az da ağrımı çək bu şəkildə...

İçim

Qarlı qış gecəsi qonağın olam,
Bir dəmli çayından süzəsən içim.
Axa damla-damla od baxışından,
Qəlbimin buzunu çözəsən içim.

Gecəmiz ləngiyə, gəlməyə səhər,
Dönə söhbətimiz gülüşünlə hər
Qala stəkanda çay ola zəhər,
Dadıb dodağını büzəsən içim.

Keçə od sobada, soyuya otaq,
İşıqlar kəsilə, uyuya otaq,
Bənzəyə qaranlıq quyuya otaq,
Suyundan balıq tək üzəsən içim...

Eh bu da həyatdı hər işi qurma?
Min arzu edirəm könlümü qırma,
Bitir bu həsrəti, gözlədib durma,
Gəlincə keçməsin bizə sən içim...

Soyuyub

Soyuyub biri birinə,
İsti baxışlar soyuyub.
Qışa dönübdü hər fəsil,
Yağan yağışlar soyuyub.

Həyatın şüşə üzündə
Məna gəzdik əl izində.
Görmədik heç vaxt özündə
Nə buz naxışlar soyuyub.

Elə buna etdik ürək
Güc çatdıqca vuraq-sökək.
Odur uçub yuvası tək
O damdan quşlar soyuyub.

Qaçmaqdansa hər üzündən,
Şərə düşdük şər üzündən.
Daha Tanrım yer üzündən
Kimi bağışlar, soyuyub...


***
Gələsən dünyaya, sən tək gözəlin sevmiyəsən?
Şirinin, həm belə şıltaq, dəcəlin sevmiyəsən?

Çırpılıb sahilinə dalğası tək gözlərivin
Oxşayıb hüsnünü hər qaş- göz, əlin sevmiyəsən?

Edə bilməzdi təbib iynəsi- dərmanı ilə,
Gülüşün etdi başımdan əcəlin, sevmiyəsən?

Mən sevim həsrətini, dərdini aşiqliyimin,
Sən özün bil, öz işindir, öz əlin sevmiyəsən.

Bu ağac taleyimin sev necə sevdinsə odun,
Axı düz çıxmaz, əzizim, xəzəlin sevmiyəsən.

Vay o gündən hamı tək sən də inad eyliyəsən,
Sevəsən Valehi, ancaq qəzəlin sevmiyəsən...


***
Xəta olub bir kərə eşqə inandırmısan,
O gündən ancaq mənim qəlbimi sındırmısan.

Durub gedirsən qəfil, gözləməyirsən ədəb,
Edib də rüsvay məni eldə utandırmısan.

Çox ərköyünsən, di gəl söz-söz iliş sən mənə,
Yetərki məndən yapış, bəsdir usandırmısan.

Yox od- ocağım  hələm tüstülərəm tüstülər,
Ömür çırağın, gülüm,  gör necə yandırmısan.

Nə cür bəla gəlməsin bir də bəla üstünə,
Mənim ki kor bəxtimin bəxtin oyandırmısan.

İtirdiyin qəm nədir, ver çəkə, ver ,Valehə
İlahi, öz rəhmini sən nə dayandırmısan.


***
Qaldıq insafına, barı gələydin,
Yol alaydın bizə sarı gələydin.

Sanki bir yarpağam, sən qara yazsan,
Sondu, son kəs səni tarı gələydin.

Ləlsə susmaq, subaylıq belə şahlıq,
Neynirəm dövləti-varı, gələydin.

Getdi bir yarı şəm ömrümün əfsus,
Getməmiş kaş qalan yarı gələydin.

Düşmüşəm dağ-daşa, sən qan izimdən
Tərk edəydin kaş əğyarı gələydin.

Var tərəddüdlərin, eşqə mənim tək
Eyləməzdin heç israrı, gələydin.

Aşiqin olmuşam Valeh olandan,
Şad edəydin sənətkarı, gələydin.


***
Nə eşqə aşiqin, gülüm, inandırıb gətirmisən,
Salıb dalınca çöllərə dolandırıb gətirmisən.

Apardığında ağlımı saat tək işləkiydi, bəs
Nə oldu şişmiş, az qala dayandırıb gətirmisən.

Könül əmanət eylədimsə hər dəfə əfəlləyib,
Ya duyğusun itirmisən, ya sındırıb gətirmisən.

Nə cür de dincələrki can, hüzur yox, ahu gözlərin
İçində yatmış aslanın oyandırıb gətirmisən.

Gün axşam olduğunda, nur görəndə gözlərim deyil,
Gətirmisən, gətirdiyin yubandırıb gətirmisən.

Ovuc yarım kül olmadım İlahi eşqə canlanam,
Bu cismə bəsdi Valehin usandırıb gətirmisən.

MANERA.AZ


Baxış sayı - 1 522 | Yüklənmə tarixi: 13.05.2021 12:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031