Ağacın böyümək ağrısı vardı - Yeni şeirlər

MANERA.AZ Hikmət Nikbinin yeni şeirlərini təqdim edir:
***
Ağacın böyümək ağrısı vardı,
Ovcunda saralan yarpaqlarının
dalıyca yürümək ağrısı vardı.
Tanrı, hanı bu ağacın qayıqları?
Qayıqların ayaqları sular hanı,
bahar hanı?
Buludlar bir azdan
sayıqlayacaq.
Yenə, yenə gözlərini
qaraldıblar.
Dənizinsə gülür ovurdları.
Göy üzünə tökülü
barmaqlarımsa soyuqlayıb,
yağan qarın, illərin,
saç-saqqalın ağardıbdır ağacın!
Gəlirəm, gəlirəm deyir otaqlar,
Gedirəm, gedirəm deyir ayaqlar.
Hamı gecələrə gəlir,
otaqlar da.
Hamı bir gecə gedir,
ayaqlar da.
Daha sular da köhnədir,
Daha axşam da köhnəlib.
Şeirimdəki ağac
üz tuta indilərdə
quşlara-kölgələr fəslini
sevənlərə.
***
Tapa bilmirdi ovcunu,
barmaqlarını dəniz.
Əllərini aparmışdı göy üzü,
sərmişdi buludları üstünə.
Ovunmurdu dişsiz stəkanlar da
qırdıqları göz yaşına.
Dua etməyə qulaqları da yox!
Kiminsə əlləri bulaşıb günaha,
kimsə gizlədir əllərini arxasında,
mənimsə əllərim danışır:
- Küləklər əsir edə bilməmişdi
söndürsə də gözünün odunu.
Üzünün cizgilərisə sürgün edirdi
sahilə ləpələri .
Ay işığı,
batan Günəş,
Ulduzların kölgəsi
evidir dənizin!
Tanrını yox kimi gördüm!
Sənsiz yaşamaq çətindir,
Özünü yoxdan yarat, gəl!
Bizə daşımaq çətindir
dünyanı, Allah, imdad, gəl!
Dünya yaşlanır, gedənim,
Sonu başlanır, gedənim.
Buludlarla zəng edənim
Yerə, qısadır həyat, gəl!
Niyə olmayasan axı?
Hanı, hamı sənə baxır.
Varım, yaxının, uzağın
səndən gözləyir büsat, gəl!
Buludlar imiş güzgüsü
ildırımın, yemiş güzgüsün.
Gör bir neynəmiş güzgüsün?
Bulanıq dadına çat, gəl!
Dünyandan yorulmayasan,
Allahlıq da deyil asan,
Ay qələmi Yerdə sınan,
şəninə verirəm and, gəl!
***
Bu ağac böyüyür bilirəm,
Sabaha yüyürür, bilirəm,
Küləklər kürüyür, bilirəm,
Torpaq, torpaq olmağa gedir.
Könlünü alırlar kərpicin,
Lay-layın çalırlar kərpicin,
Qəlibə salırlar kərpici,
Otaq, otaq olmağa gedir.
Günəşdir tarlası göyünün,
Buludları toyu, düyünü.
Kibriti qırmızı geyinir,
Ocaq, ocaq olmağa gedir.
Axşamı, sabahı səs dadır,
Alır bizlərdən nəfəs, dadır.
Bu dünya bu gecə yoldadır,
Bizdən uzaq olmağa gedir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.