Ruhum əldən getmədən gəl - Yeni İmza
![]()
MANERA.AZ "Yeni İmza" layihəsində Zülfiyyə Yaqubun şeirlərini təqdim edir:
Unudan adam
Özgələşdim hər kəsimlə,
Torpağıma, daşa yadam.
İnsan-insan yol dolaşıb,
İzini unudar adam.
Unudarmış sirlərini,
Aylarını, illərini.
Qucaqlayıb dizlərini,
Üzünü unudar adam.
Dualar cənnətdən ətir,
Qoxusu ovcumdan itir,
Kəlmə-kəlmə, sətir-sətir,
Sözünü unudar adam.
Ömrün yalanı, düzü nə?
Kimsə görünməz gözünə,
Doğmalaşıb göy üzünə,
Özünü unudar adam.
Bir bənd şeir bəndəsiyəm
Gecəni dönüb dolaşıb,
Söz çəkir azan vaxtına.
Yarpaq-yarpaq ömür düşür,
Qələmin yazan vaxtına.
Kəpənək qanadlarında,
Qırx nərgizəm, qırx bənövşə.
Qırx gizli qapıdan keçib,
Tələsmişəm bu görüşə.
Deyirlər ulduzu da var,
Mənə bənzər, öz yaşıdım.
Göylər çiçək açan gündən,
Sirrimi əl-əl daşıdım.
Yağış, qar, dolu şəklində,
Bulud ovcumda gizlənir.
Toxumu qəlbimdə olan,
Cismimdə ruhum cücərir.
Nə gizlinəm, nə aşikar,
Layla səsi, şur səsiyəm.
Tanrının söz kitabında
Bir bənd şeir bəndəsiyəm.
Qağayı nəğməsi
Səma aydınlıqdır, çaylar bulanlıq,
Suların dibinə çökən qaranlıq,
yatıb yuxusunu sübh oyanacaq.
Orda çox uzaqda,
lap uzaqlarda.
Dan yeri əyninə günəş geyinər,
sonra libasını yağış isladar.
Buludlar dənizə səpələndikcə
göylərin tamını balıqlar dadar.
"Səma aydınlıqdır, dəniz bulanlıq"
deyir bu nəğməni bəxtsiz qağayı.
Sahibsiz qayıqlar,
sınıq qayıqlar,
Baxıb gülümsəyir günəş sayağı.
Tanrı dünyaya belə baxardı
Orda səndən sonra işıqlar vardı,
Baxışlarının ardınca axan.
Gecənin süzgəcindən keçib,
Bir ümid kimi ələnmişdi şəhərə.
Axşamdan bir az keçib,
Hələ bir gecəlik yol var səhərə.
Saatı ümid vaxtına qurub,
Həsrət vaxtı oyanmışdın, deyəsən.
Ey sən, sən, hə sən,
Bəlkə özün də bilmirsən,
Orda səndən sonra işıqlar vardı,
Kainat büsbütün şeir olsaydı
Tanrı da dünyaya belə baxardı.
Nadinc şeirlər
Dağınıq otaq kimidir şeir də.
Hər küncündə bir misra söz dolaşıb.
Kəlmələr əlimdən səpilən yerdə,
Kağız da, qələm də küsüb, dalaşıb.
İnsan sözünə də dost ola bilmir,
Doğmalıq hissini çarmıxa çəkib.
Hakim sual edir, müttəhim dinmir,
Səssizlik, ürəyə şübhələr əkib.
Bu nəyin davası, nəyin dərdidir?
Soruşan da mənəm, dinləyən də mən.
Ruhum göydədirsə burdakı nədir?
Nə gələ bilirəm, nə də gedirəm.
İlahi, bu nadinc şeirlərimi,
Düşdüyü qaranlıq otaqdan çıxar.
Bu kağız qəlbimi, qələm əlimi,
Dağınıq sözlərin kölgəsi yıxar.
Ruhumun dərviş tərəfi
Yeraltı dünya kimidir,
Göyün görünməz tərəfi.
Düyün-düyün açılacaq,
Çözüldükcə söz kələfi.
Dahilərin divanında,
Yatar min-min sirli aləm.
Oyatmağa gücüm yetməz,
Haqdan yetişməsə vədəm.
Cahanın gücü insan,
Dəfn olunan xəzinədir.
Ölməmiş dirilə bilsəm,
Anlayardım sirrim nədir.
Hanı çomaq, yırtıq obam?
Hanı daş-kəsəkli yollar?
Ruhumun dərviş tərəfi,
Gəl al, məni, məndən qopar.
Sən göy deyilsən, görməyim,
Yer altındasan, bilməyim:
Özümdəsən, sözümdəsən,
Açmadığım gözümdəsən.
Hələ çox çəkər gəlməyim?
Gəl
Günəşin aləmə çıraq,
Külək sərinlik nəfəsin.
Gün üzünü gecə gizlər,
Dünya qədər dar qəfəsin.
Kim bilir, bəlkə sənin də,
Səsində ney nəfəsi var.
Üflə, küləyin mən olum,
Ocağımdı əsim diyar-diyar.
Hər sözdə, hər kəlmədə sən,
Hər kəsdən bir zərrə varsan.
Könül verdim, söz dinlədim,
Bilmirəm, kimdə taparsan.
İnsan-insan dolaşaram,
Ruhum əldən getmədən gəl.
Sındır ürək qəfəsimi,
Eşqə zindan etmədən gəl.
Bir damcı yaş
Bu bir damcı yaşa bax sən,
Yerə düşür, yerdə itmir.
Əkib torpağa verirsən,
Gəlib yenə gözdə bitir.
Bəlkə ölüb-dirilirəm,
Şahidimdi göz yaşım da.
Amma ölüm tariximi,
Xatırlamır yaddaşım da.
Verin mənə başdaşımı,
Üstünə göz yaşı çəkim.
Bu dünyanın qəm yaşını
Öldürüb, qəbrimə töküm.
İnqilab İsaqın təqdimatında