Türk dünyası qadın rəssamlarının incəsənət düşərgəsi keçirilib

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) ənənəvi “Türk dünyası qadın rəssamlarının incəsənət düşərgəsi” (“Türk dünyası kadın ressamlar buluşması”) bu dəfə Azərbaycanda gerçəkləşib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən budəfəki incəsənət düşərgəsi ölkəmizlə yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədən 15 qadın rəssamı Qarabağın dilbər guşələri Şuşa və Xankəndidə bir araya gətirib.
Rəssamlar beş gün ərzində Azərbaycanın mədəniyyət paytaxtı Şuşada və sürətlə dirçələn Xankəndi şəhərlərini gəzərək bu qədim torpaqların zəngin tarixi, memarlığı, füsunkar təbiəti və şanlı Zəfərdən sonra bərpa edilən mədəni ruhu ilə yaxından tanış olmaq imkanı qazanıblar.
Şuşanın Cıdır düzündən, Qala divarlarından və Xankəndinin modernləşən mənzərələrindən ilhamlanan fırça ustaları açıq havada (plener mühitində) canlı yaradıcılıq prosesinə cəlb olunublar. Hər bir rəssam Qarabağda duyduğu hissləri və gördüyü gözəllikləri özünəməxsus yaradıcılıq texnikası və unikal sənət dili ilə kətana köçürüb. Şuşaya həsr olunan əsərlərdə altı il öncə işğaldan azad olunan şəhərin tarixi abidələri, Cıdır düzünün əzəməti, köklü mədəni irsi və zərif təbiət motivləri öz əksini tapıb. Xankəndi ilə bağlı əsərlərdə isə 2023-cü ilin lokal antiterror əməliyyatı ilə düşməndən təmizlənən şəhərin yeni növrağı, bərpa olunan mənəvi mühiti, eləcə də sülh, ümid və Türk dünyasının birliyi ideyaları tərənnüm edilib.
20 sentyabr – Xankəndi Şəhəri Günündə layihənin yekun sərgisi keçirilib. Xankəndi Mədəniyyət Mərkəzində təşkil edilən sərgidə nümayiş olunan əsərlər ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, türk xalqlarının mədəni inteqrasiyasına və birliyinə töhfə vermək məqsədi daşıyan “Türk dünyası qadın rəssamlarının incəsənət düşərgəsi” bundan əvvəl Bişkek (Qırğızıstan), Daşkənd (Özbəkistan) və Marmarisdə (Türkiyə) təşkil olunub.
#Azərbaycan #MədəniyyətNazirliyi #mədəniyyət