Milli Məclis: Türkiyə ərazisindən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Azərbaycan Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyə ərazisindən sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb.
“Manera.az” xəbər verir ki, bu barədə komissiyanın yaydığı məlumatda qeyd olunub.
Komissiyanın məlumatına görə, aparılan monitorinqlər nəticəsində müəyyən edilib ki, kampaniyanın məqsədlərindən biri Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinə zərər vurmaq, ictimai rəyi çaşdırmaq, vətəndaşlarda dövlətə və dövlət institutlarına qarşı inamsızlıq yaratmaq, həmçinin cəmiyyətdə qütbləşməni dərinləşdirməkdir.
Bildirilib ki, sözügedən kampaniya koordinasiyalı şəkildə, hədəfli reklamlar, real və saxta sosial media hesabları vasitəsilə həyata keçirilir.
Komissiya qeyd edib ki, “bir millət, iki dövlət” prinsipinə daim sadiq qalan Azərbaycan və Türkiyə cəmiyyətlərində bəzi insanların da bu kampaniyaya, onun mahiyyətini tam anlamadan, dəstək verməsi müşahidə olunur.
Məlumatda həmçinin vurğulanıb ki, Türkiyə Respublikasının qanunvericiliyinə əsasən, bu cür fəaliyyətlər hüquqi məsuliyyət yarada bilər. Buna baxmayaraq, kampaniyanın davam etdiyi bildirilib.
Komissiyanın açıqlamasında qeyd olunub ki, əlaqələndirilmiş informasiya kampaniyasının iştirakçıları ilə bağlı əldə olunan məlumatlar Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına təqdim ediləcək.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya həssas dönəmdə Azərbaycan vətəndaşlarını, eləcə də Türkiyədə yaşayan soydaş və qardaşlarımızı diqqətli olmağa, sosial şəbəkələrdə yayılan məlumatların mənbəyini yoxlamağa və saxta informasiyalara inanmamağa çağırıb.