“Mədəniyyət konsepsiyası – 40” - Ədəbiyyat və təkliflər
![]()
Nərgiz Cabbarlı
Azərbaycanın milli kimliyinə əsaslanan müasir mədəniyyət modelinin yaradılması, inkişafı və 2040-cı ilədək digər mədəniyyətlərlə qarşılıqlı əlaqəsinin genişləndirilməsi məqsədilə “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası dövlətin mədəniyyət siyasətini əks etdirməklə bərabər, mədəniyyətə və ədəbiyyata fundamental yanaşma tələb edən bir sənəddir. Onunla bağlı təkliflər üçün müxtəlif səviyyələrdə və sahələrdə müzakirələrin keçirilməsi, fikirlərin dinlənilməsi çox böyük əhəmiyyət daşıyır.
Məlum olduğu kimi, üç mərhələdə – 2026–2030 (birinci), 2031–2035 (ikinci), 2036–2040-cı illər (üçüncü mərhələ) həyata keçirilməsi nəzərdə tutulan Konsepsiyada Azərbaycan dili, davranış və bilgi mədəniyyəti, ədəbiyyat, incəsənət və mədəni irs sahələri əhatə olunmuşdur. Ədəbiyyat və Azərbaycan dili ilə bağlı xüsusi bəndlər mövcuddur. Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında ədəbiyyatla bağlı məsələlər müzakirə edildi. Əvvəlcə qeyd edim ki, müzakirədə bəzən əsas mövzudan kənara sapmalar olsa da, ümumilikdə bir çox maraqlı təkliflər səsləndirildi. Müzakirədə iştirak edən biri kimi müəyyən məqamlarla bağlı, xüsusilə şəxsən verdiyim, həmçinin digər həmkarlarımın səsləndirdiyi təkliflər haqqında bir sıra qeydlər etmək istərdim.
Bəlli olduğu kimi, Konsepsiyada Azərbaycan ədəbiyyatının və incəsənətinin araşdırılması, inkişafı və beynəlxalq səviyyədə təbliği, ölkədə peşəkar sənət mühitinin zənginləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilibdir.
“Azərbaycan ədəbiyyatı mədəniyyətin inkişafında, eləcə də fərdlərin məntiqi, tənqidi və yaradıcı təfəkkürünün formalaşmasında mühüm rol oynamaq potensialına malik” olduğu üçün sənəddə ədəbiyyatın rolunun artırılması, təbliğinin, o cümlədən nəşriyyat işinin inkişafının sistemli fəaliyyət şəklində həyata keçirilməsi əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
Düşüncəmizə görə, bu istiqamətdə görüləcək əsas iş cəmiyyətin əhəmiyyətli hissəsini təşkil edən şagirdlərin, yəni böyüyən nəslin Ədəbiyyat haqqında təsəvvürünü və biliklərini formalaşdıran Ədəbiyyat və Azərbaycan dili dərsliklərinin keyfiyyətinin artırılmasıdır. Əgər bu dərsliklər kifayət qədər əhatəli deyilsə, təqdim edilən bədii mətnlərin bədii səviyyəsi aşağıdırsa, müəlliflərin və əsərlərin seçimində hansısa prinsiplər sona qədər qorunmursa, bu cür tədris vəsaiti ilə böyüyən nəslin biliklərinin səviyyəsi haqqında nə söyləmək olar ki? Yaxud onların məntiqi, tənqidi və yaradıcı təfəkkürünün formalaşmasında ədəbiyyatın mühüm rol oynaması necə təmin edilə bilər?
Təəssüf ki, bir çox müasir yanaşmalarda ədəbiyyatın funksiyası və təsiri məqsədli şəkildə zəiflədilir və ona ikinci, üçüncü dərəcəli sahə kimi baxılır. Lakin müasir təhsilin məqsədi şəxsiyyətyönümlü tədrisdirsə, deməli, Ədəbiyyat və Azərbaycan dili dərsləri və dərslikləri də bu işdə çox böyük rol oynaya bilər. Deməli, onlar həm də xüsusi strateji yanaşma tələb edir. Çünki məhz Ədəbiyyat və Ana dili bilgiləri şəxsiyyətin inkişafında, dünyagörüşünün formalaşmasında, insanpərvər və vətənpərvər bir fərd kimi yetişməsində əsaslı rol oynayır. Lakin müasir Azərbaycan dili dərsliklərində bədii mətn səviyyəsinin çox aşağı olması, bütün diqqətin standartların tələbləri üzərində köklənməsi, mətn seçimi üçün yetərli qədər material verən Ədəbiyyatımıza əsaslanmanın zəifliyi böyük problemdir.
Bundan başqa, Ədəbiyyat dərsliklərində dərsliklərarası varislik əlaqəsi, inteqrasiya xüsusiyyətləri, demək olar ki, qorunmur. Məsələn, Ümumi tarix dərsliyinin 10-11-ci siniflərində dünya mədəniyyəti haqqında məlumat verilərkən dünya tarixi və mədəniyyətinin gedişatında, inkişafında rolu olan bir sıra yazıçılarının adları qeyd edilir. İnteqrasiya tələb edir ki, o sinfin şagirdləri, ən azından, bu yazıçılar haqqında Ədəbiyyat dərsliyi vasitəsilə məlumatlı olsunlar. Bu zaman fənlərarası inteqrasiyanın qurulması mümkünləşər. Lakin Ədəbiyyat dərsliklərində bu əsərləri də, məlumatları da görə bilmirik. Yaxud Ədəbiyyatın təqdimatında, məsələn, həm dünya ədəbiyyatı ilə, həm də Azərbaycan ədəbiyyatı ilə bağlı (yalnız 10-11-ci sinif dərsliklərini qismən çıxmaq şərtilə) hər hansı bir sistemlilik müşahidə edilmir və s. Təbii ki, bir il ərzində hazırlanan dərsliklərin əksər hallarda yazılmasına daha az, ekspertizasına daha çox zaman sərf edilməsi səbəbdir. Qısa müddət ərzində həm standartların tələblərini reallaşdırmaq, həm də bədii mətn axtarışı ilə məşğul olmaq müəllif və ya müəlliflər üçün real deyil. O da həqiqətdir ki, dərslik hazırlanması prosesi çətindir və böyük zəhmət tələb edir. Lakin bu bizə dərsliklərin bu qədər problemli şəkildə hazırlanması üçün əsas vermir. Bu və bir sıra başqa məqamları göz önündə tutaraq təklif edirəm:
1. Dərsliklərin hazırlanmasında müvafiq olaraq Azərbaycan dili və ədəbiyyat üzrə mütəxəssislərdən, xüsusilə də tədqiqat institutlarının dövrlər üzrə tədqiqat aparmış peşəkarlarından ibarət komanda yaradılsın. Və bu komanda dərsliklərin ekspertiza edilməsində deyil, yazılmasında iştiak etsin. Bu zaman nəticə daha yüksək olacaqdır. Çünki təcrübə göstərir ki, mütəxəssislərin yalnız ekspertiza mərhələsində işə cəlb olunması gözlənilən nəticəni əldə etməyə şərait yaratmır.
İkinci təklif müasir ədəbiyyatın təbliği ilə bağlıdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı vardır. Və bu Sərəncam əsasında 100-dən artıq klassik və müasir Azərbaycan yazıçısı və şairinin əsərləri nəşr edilmişdir. Lakin təəssüf ki, müasir ədəbiyyatımızın, xüsusilə də müstəqillik illərindən bəri yazılan əsərlərin və müəlliflərin həm geniş oxucu kütləsinə, həm də mütəxəssislərə çatdırılması işində problemlər mövcuddur. Hətta ədəbiyyatın ali məktəblərdə tədrisində belə “müasir yazıçılar, şairlər” dedikdə B.Vahabzadə, X.Ulutürkdən, ən yaxşı halda Ramiz Rövşən, Vaqif Səmədoğludan sonrakı nəsil yazıçı və şairlərimizi, demək olar ki, tanımırlar. Bu səbəbdən:
2. “Ən yeni Azərbaycan ədəbiyyatı” seriyasının nəşri təklif olunur. Bu kitabların, əsərlərin siyahısının müəyyən edilməsi zamanı dövrü bilən, əsərlərin bədii dəyərini anlayan mütəxəssislərdən ibarət heyət təşkil edilməsi də təmin edilməlidir.
3. Ədəbiyyatın inkişaf etdirilməsi istiqamətində atılan əsas addımlardan biri də ədəbiyyatla bağlı mükafatların və müsabiqələrin təsis edilməsidir. Bu şərtdir. Lakin bu zaman əsas diqqət yetirilməli məsələ mükafatları dəyərləndirən komissiyaların tərkibinin müəyyənləşdirilməsidir. Bəzən uzun illər həyatını hansısa bir sahəyə həsr etmiş mütəxəssisin, yazıçının, elm adamının kitabını dəyərləndirən şəxs o sahəni bilməyən təsadüfi şəxslər, yaxud çox gənc insanlar olur. Əlbəttə, gənclərə hər sahədə yer verilməsi, şərait yaradılması mütləqdir. Lakin hər hansı bir sahə üzrə mütəxəssis olan birinin kitabını o sahəni, ən azı, onun qədər bilən mütəxəssis(lər) dəyərləndirməlidirlər. Bu faktın göz önündə tutulması vacibdir. Mükafatlandırma, dəyərləndirmə komissiyalarının tərkibi müəyyənləşdirilərkən bununla bağlı müəyyən tələblər qoyulması təklif olunur.
4. Konsepsiyada peşəkar sənət əsərlərinin keyfiyyətinin artırılması, nəşriyyat işi ilə bağlı dəyərlər zəncirinin təkmilləşdirilməsi bölümünün də olduğunu nəzərə alaraq, bu sahədə təcrübəsi olan biri kimi, bir məsələyə də diqqət yönəldilməsini vacib hesab edirəm. Nəşriyyat işinin inkişaf etdirilməsi üçün kitab nəşrində vacib funksiya daşıyan redaktorların, korrektorların, texniki redaktorların hazırlanması şərtdir. Əlbəttə ki, müəyyən ali məktəblərdə bu sahə ilə bağlı tədris mövcuddur. Hətta bəzən tələbələrin təcrübə keçməsi üçün nəşriyyatlara göndərilməsi kimi bir praktikadan da istifadə edilir. Lakin görünən budur ki, hələ ki, istənilən nəticəni əldə etmək olmur. Belə bir yanlış təsəvvür mövcuddur ki, hər bir yaxşı filoloq həm də yaxşı redaktor ola bilər. Amma bu tamamilə yanlış təsəvvürdür. Çünki redaktor və korrektorlardan tələb olunan bacarıqlar tamamilə fərqlidir. Və bunun üçün hansısa nəşriyyat daxilində, yaxud bəlkə, azad bir struktur kimi redaktor, korrektorlar üçün təlim mərkəzinin yaradılması təklif olunur.
Müzakirə zamanı digər mütəxəssislərin də təklifləri səsləndi ki, bunları ümumiləşdirərək qeyd etmək və dəstəklədiyimi bildirmək istərdim:
5. Azərbaycan ədəbiyyatının auido və elektron kitab bazasının yaradılması;
6. Azərbaycan ədəbiyyatı nümunələrinin dünya dillərinə sistemli şəkildə tərcümə olunması işinin təşkili;
7. Ədəbiyyatın bir fənn olaraq DİM imtahanlarına salınması;
Onu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, bəzi təkliflər səsləndirilərkən Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyatı sektorunun müdiri Xəyal Məmmədovun yerində və dərhal, ən xırda detallarına qədər verdiyi şərhlər bu istiqamətdə çox məlumatlı olduğunu göstərməklə bərabər (təqdirəlayiq bir məqam kimi qeyd etməyi özümə borc bildim!), bir çox sahələrdə artıq müəyyən işlərin aparıldığını göstərir. Məsələn, Azərbaycan ədəbiyyatının audiokitab bazasının yaradılması ilə bağlı müəyyən işlər görülüb. Yaxud Azərbaycan ədəbiyyatının tərcümə edilməsi ilə bağlı müəyyən proqramların alınması istiqamətində işlər aparılır və s.
Bir də... Orada səsləndirməsəm də, daha bir təklifi qeyd etmək istəyirəm:
8. Ədəbiyyatın təbliğ olunmasında televiziyalar qarşısında müəyyən məcburi tələblərin müəyyən edilməsi. Fikrimcə, bu da Ədəbiyyatın təbliği məsələsini fərdi təşəbbülər səviyyəsindən çıxararaq dövlət qayğısı altına alınması və müəyyən qurumların üzərinə daha böyük məsuliyyətlərin qoyulması demək olacaq.
Sonda onu da vurğulamaq istəyirəm ki, Ədəbiyyat və kitab nəşri sahəsində (mədəniyyətin bir çox sahələrində olduğu kimi) inkişaf getsə də, bir çox işlər görülsə də, bu Konsepsiya həm məqsədləri, həm də hədəfləri müəyyənləşdirmək üçün hər birimizdən daha masştablı və konseptual baxış, eyni zamanda da boşluqları, çatışmazlıqları görmək, göstərmək, təhlil etmək və aradan qaldırmaq əzmi tələb edir.