Xalq Şairi: “Söz savaşı bitməyib”

İctimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri ilə bağlı Ermənistan cəmiyyətində səsləndirilən reaksiyalara münasibət bildirib.
Manera.az xəbər verir ki, Sabir Rüstəmxanlı sosial media hesabında paylaşdığı yazıda diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə səfərinin Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin beynəlxalq səviyyədə qəbul edilməsinin növbəti təsdiqi olduğunu qeyd edib.
O, səfərlə bağlı Ermənistan cəmiyyətində səsləndirilən mənfi münasibətin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınması ilə ziddiyyət təşkil etdiyini bildirib.
Sabir Rüstəmxanlı uzun illərdir Azərbaycan və Türkiyəyə qarşı aparıldığını bildirdiyi informasiya təbliğatına da diqqət çəkib. Onun sözlərinə görə, müxtəlif ölkələrdə və dillərdə nəşr olunan kitablar və aparılan təbliğat Azərbaycan tarixi ilə bağlı beynəlxalq ictimaiyyətdə yanlış təsəvvürlərin formalaşmasına səbəb olub.
Xalq şairi 1918-ci ildə Bakı və Şamaxıda azərbaycanlıların kütləvi qətlə yetirilməsini, 1992-ci ildə Xocalıda baş verən hadisələri də xatırladıb.
“Ermənilər heç bir tarixi əsası olmayan kitablar çap etdirirdilər, biz isə gerçəkləri, həqiqəti ifadə edən kitab çap etdirmək istəyəndə hətta Azərbaycan rəhbərliyi deyirdi ki, yox, bu, qonşular arasında nifaq yaradır. Düzdür, bu artıq tarixdir, amma biz bu tarixi yaşadığımıza görə bugün müəyyən nəticələr çıxarmalıyıq”, – deyə S. Rüstəmxanlı yazıb.
O qeyd edib ki, Azərbaycanın Zəfərindən sonra Ermənistanın baş naziri Nikol Paşinyan və Ermənistan rəsmiləri Qarabağın Azərbaycan ərazisi olması ilə bağlı mövqelər səsləndirib. Bununla belə, S. Rüstəmxanlının fikrincə, informasiya mübarizəsi davam edir. O, Qarabağdakı Gəncəsər və Xudavəng kimi tarixi-dini abidələrin erməni irsi kimi təqdim edilməsi ilə bağlı iddialara da toxunub. O, bu cür yanaşmaları tənqid edib və Ermənistan ərazisində Azərbaycan xalqının tarixi-mədəni irsinin mövcudluğunun da nəzərə alınmasının vacibliyini vurğulayıb.
İctimai-siyasi xadimin sözlərinə görə, diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri bölgədə yaranmış yeni reallığın beynəlxalq ictimaiyyət tərəfindən yerində müşahidə edilməsi baxımından əhəmiyyətlidir.
“Bu səfələrə qarşı çıxmaq əslində Azərbaycanın yaratdığı yeni reallığın qəbul edilməsinə qarşı çıxmaqdır”, – deyə o bildirib.
S. Rüstəmxanlı Azərbaycanın informasiya mübarizəsində daha fəal olmasının vacibliyini qeyd edib. O, Azərbaycan alimlərini, ziyalılarını və ictimaiyyət nümayəndələrini bu istiqamətdə fəaliyyət göstərməyə çağırıb.
Xalq şairi xüsusilə sosial şəbəkələrdə süni zəka vasitəsilə yayılan saxta tarixi materialların ifşa edilməsinin vacib olduğunu bildirib və bu istiqamətdə sistemli fəaliyyət göstərən xüsusi bir mərkəzin yaradılmasını təklif edib.
“Bir həqiqəti qəbul etməliyik ki, Qarabağda hərbi qarşıdurma bitsə də, daha böyük coğrafiyada, beynəlxalq arenada diplomatiya və informasiya savaşı davam edir”, – deyə Sabir Rüstəmxanlı vurğulayıb.
Xalq şairi belə yekunlaşdırıb: “Bir sözlə, erməni ilə davamız bitdi deyib arxayınlaşmaq doğru deyil. Erməni yalanı dünyada hansı səviyyədə yayılırsa, o səviyyədə də biz cavab verməyi bacarmalıyıq.”