manera.az
manera.az

Azərbaycanşünaslıqdan türkologiyaya uzanan elm yolu - Nizami Cəfərov

📅 21.09.2026 08:27

Azərbaycanşünaslıqdan türkologiyaya uzanan elm yolu  - Nizami Cəfərov
Akademik Nizami Cəfərovun 67 yaşı tamam olur

Bu gün görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, dilçi və ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Nizami Cəfərovun doğum günüdür. Akademik Nizami Cəfərovun 67 yaşı tamam olur.

Nizami Qulu oğlu Cəfərov 21 sentyabr 1959-cu ildə Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətinə 1985-ci ildə Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda başlayan Nizami Cəfərov sonrakı illərdə elmi, pedaqoji və ictimai fəaliyyəti ilə Azərbaycan filologiyasının və türkologiyasının inkişafına mühüm töhfələr verib. O, müxtəlif illərdə “Ədəbiyyat və incəsənət” qəzetində, Bakı Dövlət Universitetində çalışıb, universitetin Filologiya fakültəsinin dekanı və Ümumi dilçilik kafedrasının müdiri kimi fəaliyyət göstərib.

Akademik Nizami Cəfərovun elmi yaradıcılığı Azərbaycan dilinin tarixi, ümumi türkologiya, Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan türkcəsinin milliləşməsi, qədim türk və türk xalqları ədəbiyyatı, müasir ədəbi proses, eləcə də Azərbaycanşünaslığın nəzəri və tarixi problemləri kimi geniş istiqamətləri əhatə edir.

Alimin çoxsaylı monoqrafiya, kitab, dərslik və elmi məqalələri Azərbaycan filologiyası və türkologiyasının zənginləşməsinə xidmət edib. Onun hazırlayıb nəşr etdirdiyi dördcildlik “Türk xalqları ədəbiyyatı” türk xalqlarının ədəbi irsinin sistemli şəkildə öyrənilməsi baxımından mühüm elmi əsərlərdən biridir. Nizami Cəfərov həmçinin Azərbaycan dili və ədəbiyyatı üzrə dərsliklərin hazırlanmasında yaxından iştirak edib.

Nizami Cəfərovun elmi fəaliyyətində Azərbaycanşünaslıq xüsusi yer tutur. Onun “Azərbaycan mədəniyyəti məsələləri”, “Azərbaycanşünaslığa giriş”, “Azərbaycanşünaslıq məsələləri”, “Azərbaycanşünaslığın əsasları”, “Azərbaycan xalqının tarixi və tərcümeyi-halı” və digər əsərləri bu istiqamətdə aparılan tədqiqatlara mühüm töhfədir.

Akademik Nizami Cəfərov uzun illərdir Azərbaycanda Atatürk Mərkəzinə rəhbərlik edir. Onun elmi və ictimai fəaliyyətində Azərbaycan–Türkiyə elmi-mədəni əlaqələri, ortaq türk dili, ədəbiyyatı və mədəni irsinin araşdırılması və təbliği də mühüm yer tutur.

Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Nizami Cəfərov 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2019-cu ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

Manera.az olaraq görkəmli alim, akademik Nizami Cəfərovu 67 yaşı münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və ictimai fəaliyyətində yeni uğurlar arzulayırıq.


Baxış sayı - 61 | Yüklənmə tarixi: 21.09.2026 08:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930