manera.az
manera.az

“Xəmsə”dən əsrlərə uzanan ədəbi məktəb: Nizami dühasının təsir gücü

📅 26.09.2026 09:44


Nizami Gəncəvinin ədəbi kimliyi özündən əsrlər sonra bu günümüzə qədər yaşadığı kimi, kökləri etibarilə öz cismani doğuluşundan əsrlər əvvələ gedib çıxır. Bu baxımdan Nizami bütün epoxalar üçün bir fenomendir. İstər qədim və orta əsrlər Azərbaycan ədəbiyyatını, istər həmin dövrün farsdilli poeziyasını, istərsə də bütövlükdə Şərq ədəbi düşüncə tarixini Nizamisiz təsəvvür və izah etmək mümkün deyil.

Bunu AZƏRTAC-a açıqlamasında filologiya elmləri doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçisi Xuraman Hümmətova bildirib.

O diqqətə çatdırıb ki, Nizami Gəncəvi “Xəmsə” yaratmaqla dünya ədəbiyyatında böyük bir ədəbi məktəbin əsasını qoyub.

“Orta əsr poeziyasında “Xəmsə” yazmaq bir ənənə, eyni zamanda, şair üçün sınaq meydanı idi. Özünə güvənən, sənət dünyasında ad-san qazanmaq istəyən şairlər “Xəmsə” yazmaqla öz istedadlarını sınayırdılar. Türk dünyasında çoxlu sayda “Xəmsə” yarandı. Onların hər birində Nizami dühasının təsiri duyulsa da, onun sənət zirvəsinə yüksələnlər az oldu. Bu şairlər Nizami ədəbi məktəbinin davamçıları olmaqla fəxr edir, bunu özləri üçün şərəf sayırdılar. Nizaminin fars dilində yazmasına baxmayaraq, əsərlərinin həm Türk dünyasında, həm də Qərbdə geniş rəğbət qazanmasının səbəblərindən biri onların ruhunda türk düşüncəsinin və mədəni mühitinin izlərinin əks olunmasıdır”, – deyə Xuraman Hümmətova vurğulayıb.

Müsahibimiz qeyd edib ki, Nizami yaradıcılığını əbədi edən əsas amillərdən biri gerçəkliklə bədiiliyin vahid kontekstdə bir-birini tamamlamasıdır.

“Bədiilik sənətkarın yaradıcılığının daxilində vermək istədiyi əhvalatları qapayan zahiri-formal örtükdür. Nizami zahirən bədii mətn yaratsa da, əslində, təsvir etdiyi hadisələrin mahiyyəti vasitəsilə gerçəkliyin özünü təqdim edirdi. Bu baxımdan onun əsərlərində tarixi hadisələr və ibrətamiz əhvalatlar insanın dəyərinin, mənəvi kamilliyinin və bir şəxsiyyət kimi yüksəlişinin ifadəsinə xidmət edirdi. Nizami ədəbiyyata Uca Yaradana inam, azad sevgi, ideal məhəbbət və elmə yüksək dəyər kimi konsepsiyalar gətirib”, – deyə o bildirib.

Xuraman Hümmətovanın sözlərinə görə, “Xəmsə”yə bütövlükdə nəzər saldıqda Nizaminin düşüncə sistemində maraqlı inkişaf xətti görünür: “Nizami “Xəmsə”ni təsəvvüf şairi kimi başlayır, filosof kimi tamamlayır. Onun bütün əsərlərində Allaha inam əsas ideya xətlərindən biri kimi çıxış edir. Şair dərindən bələd olduğu irfani düşüncə sistemində dünyanın və insanın varlığını “aləm” və “kitab” metaforları vasitəsilə əlaqələndirir. Yaradılışın mahiyyəti isə kitablar kitabı olan “Qurani-Kərim”də təcəssümünü tapır. Bu mənada “Qurani-Kərim” Nizami üçün yalnız nazil edilmiş müqəddəs kitab deyil, dünyanın və insanın mahiyyətini özündə əks etdirən ilahi “Yazı”dır”.

O bildirib ki, Nizami bütün yaradıcılığı boyu “Qurani-Kərim”dən qaynaqlanıb və onun ideyalarını “Xəmsə”nin əsas ideya mənbələrindən birinə çevirib. Beləliklə, dünyaya, insana və kainata dair fəlsəfi düşüncələr “Xəmsə”nin bədii-fəlsəfi mahiyyətində öz ifadəsini tapıb.

Xuraman Hümmətova Nizami ideyalarının sonrakı əsrlərdə də davam etdirildiyini vurğulayaraq XV əsrin mütəfəkkir filosofu, alimi, şairi və Xəlvətiyyə təriqətinin böyük şeyxlərindən biri Seyid Yəhya Bakuvinin irsinə diqqət çəkib.

“Əgər ölməz Nizami əsərlərində ədalətli hökmdar, azad sevgi, mənəvi kamillik kimi konsepsiyaları önə çəkirdisə, Seyid Yəhya Bakuvi öz əsərlərində irfan elminin nəzəri əsaslarını sistemləşdirib. O, İslam dininin həqiqətlərini şərh etməklə yanaşı, Xəlvətiyyə təriqətinin inanc və düşüncə sisteminin formalaşmasına mühüm töhfə verib. Bu təriqət sonralar Şərq ölkələri ilə yanaşı, daha geniş coğrafiyada yayılıb”, – deyə Xuraman Hümmətova əlavə edib.


Baxış sayı - 19 | Yüklənmə tarixi: 26.09.2026 09:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930