“Gənclik ölümə inanmır...” – Səməd Vurğunun qızının xatirələri
![]()
AZƏRTAC silsilənin növbəti yazısında Azərbaycan Xalq şairinin qızı Aybəniz Vurğunun xatirələrini oxuculara təqdim edir. Bu dəfə o, Səməd Vurğunun tanınmış şair və yazıçılarla görüşlərindən danışır, həmçinin Moskvaya səfəri ilə bağlı səmimi xatirələrini bölüşür.
“Axşam atamın dostu və tərcüməçisi Pavel Antokolskinin qonağı olduq. Ukraynadan Mikola Bajan, Gürcüstandan Simon Çikovani, Moskva şairlərindən Konstantin Simonov, Mixail Lukonin, Aleksandr Mejirov da orada idilər. Mən Pavel Antokolskinin həyat yoldaşı Zoya xalanın yanında oturmuşdum. Əvvəlcə şairlər yeni yazdıqları şeirləri oxudular. Sonra atam məclisi ələ aldı. Ədəbiyyatda romantik qəhrəman problemindən söz açdı. Özünəməxsus səmimiyyət, ehtiras, yumorla danışırdı. Məclisdəkilər susub diqqətlə ona qulaq asırdılar. Zoya xala isə atama heyrətlə baxırdı. Birdən yerindən sıçrayıb:
– Pavel, sən məni öldürsən də, mən Səmədi öpəcəyəm, – dedi. Zoya xaladan sonra bütün qonaqlar ayağa qalxıb atamı qucaqlayıb öpdülər. Sevincimdən yerə-göyə sığmırdım. Kaş atamın o axşam dediyi sözləri qələmə alaydım... Neyləmək... Gənclik ölümə inanmır, övlad isə ata ölümünü heç təsəvvürünə belə gətirmir...
Mehmanxanada atamın yanına tərcüməçilər, o vaxt Moskvada təhsil alan azərbaycanlı tələbə və aspirantlar gələrdilər. Darıxmayım deyə atam bilet alıb məni teatra göndərərdi. Hər dəfə teatrdan qayıdanda isə tamaşa haqqında fikrimi soruşardı. Bir gün Böyük Teatrda “Qu quşu” baletinə tamaşa etməyə getməli idim. Həmişə olduğu kimi, mehmanxanadan çıxıb taksiyə mindim və hara gedəcəyimi şoferə bildirdim. Sürücü güldü, düşüb piyada getməyimi məsləhət gördü. Doğrudan da, bir az getmişdim ki, Böyük Teatr öz əzəməti ilə qarşımda canlandı. Qayıdanda bunu atama danışdım. Tezliklə peşman oldum, çünki atam bu əhvalatı yanına gələnlərin hamısına danışırdı.
Bir gün atamın yanına Rəsul Rza gəldi. O, bizi “Bakı” restoranına nahara dəvət etdi. Atamla Rəsul əmi musiqidən, poeziyadan danışırdılar. Arada bir az mübahisə də elədilər. Sonra başladılar uşaqlardan danışmağa. Rəsul əmi Yusifi, atam isə Anarı tərifləyirdi. Sonra Rəsul əmi mənə baxıb dedi:
– Səməd, Aybəniz sənə yaman oxşayır, yəqin elə ona görə də onu çox istəyirsən. Mən rəssam olsaydım, Aybənizin şəklini çəkərdim, əsl azərbaycanlı qızıdır.
Atam isə:
– Düz deyirsən, məndən daha çox anama oxşayır, ona görə bunu çox istəyirəm, – deyə cavab verdi”.
Ardı var...
/Azertac