manera.az
manera.az

Özündən yıxılma, adam - Qürbətdən gələn səslər

📅 17.07.2023 17:53

Özündən yıxılma, adam - Qürbətdən gələn səslər
MANERA.AZ "Qürbətdən gələn səslər" rubrikasında Rusiyada yaşayan azərbaycanlı şair Yavər Həsənin şeirlərini təqdim edir:

***
Daşın yaşıl yuxusudu
daşda bu mamır dediyin.
Vaxtın əlində o sənsən,
bu mənəm xamır dediyin.

Nələr çəkdim, nələr çəkdi,
nələri çəkməkdə təkdi.
Sinəmdəki bu ürəkdi
közərmiş kömür dediyin.

Salam verirəm almırsan,
məni yadına salmırsan.
Yalvarıram, yumşalmırsan,
yumşalır dəmir dediyin.

Qəsdin varsa, qəsdimə gəl,
üşüyürsən, istimə gəl...
Yuxumdan çıx, rastıma gəl,
keçir e ömür dediyin.


***
Sərxoş ömür gecəsinin
səhəri də sərxoş gəlir.
Bir sirrimdən sirdaş gedir,
bir sirrimə sirdaş gəlir.

Mən Taleyin siratında,
imtahan var həyatımda.
Ömrün hər bir saatında
pəncərəmə bir daş gəlir.

Həsəd çəkər kimlər mənə?..
Ağlar sarı simlər mənə...
Bacı gəlir qəmlər mənə
dərdlər mənə qardaş gəlir.

Mən öz qürbətimdə Vətən,
Göydə ruham, yerdə bədən.
Xoş gedir ömrümdən gedən,
ömrümə gələn xoş gəlir.


****
Eh, nə deyim sənə, vAllah,
azadam dustaq ömrümdə.
Daşdan bir heykəl qoymuşam
sevgiyə qutsal ömrümdə.

Mən zülmətdə yanan bir şam,
ağrılar alnımda nişan.
Yallı gedir səhər-axşam
küləklər qumsal ömrümdə.

Mərdi daşlaya bilmirəm,
dərdi xoşlaya bulmirəm.
Gedib yaşaya bilmirəm
özümdən uzaq ömrümdə.


***
Yoruldum bu pəncərədən,
bu qapı da yordu məni.
Atdöşü eyləyib qovur
dərd adlı bu ordu məni.

Quru cismimdə can sızlar...
Candan bixəbər cansızlar, —
əlibaltalı qansızlar
budaq-budaq qırdı məni.

Külək deyiləm bir əsim,
Qeyb üzünə çatır səsim.
Çaqqal ulamasın, yesin
dünyanın mərd qurdu məni.


***
Hansı dildə yazılıb
alnımdakı bu yazı?
Mən bu alın yazımı
oxumağa tamarzı.

Min bir birin cəmindən
hasil olmuş bir birəm.
Bilmədiyim bəllidi,
bildiyimi bilmirəm.

Gecə var ki, gündüzdü,
gündüz var ki, gecədi.
Açılan hər bir səhər
mənə bir bilməcədi.

Ürəyimin hissinə
qurban verib ağlımı,
üzümə güzgü tutub
oxuyuram alnımı.


***
Barmağında bir üzük var,
qaşı ürək qanıdı, qız.
Sən ha baxdın, tanımadın,
üzük məni tanıdı, qız.

Gördüm səntək şirin yarı,
əldən verdim ixtiyarı.
Üzün bir gül, gözüm arı,
sinəm arı şanıdı, qız.

Kəssən məndən bir göz payı,
ahım tutar Göydə Ayı.
Həsrətinin qəmlər sayı
Göydə ulduz sanıdı, qız.

Sev, Sevgiyə ver Vaxtını,
Sevgi güldürsün Baxtını.
Sevənlər qeybə çıxdımı,
bu dünyanın sonudu, qız.


***
Mən bu dünyanın üzünə
baxıb getməyə gəlmişəm.
Canımı bir Eşq oduna
yaxıb getməyə gəlmişəm.

Nə bilmirsən, sual elə,
cavablarım sual ilə.
Büllur-büllur sular ilə
axıb getməyə gəlmişəm.

Dünyanın büllur axarı
əvvəl eyləyir axırı.
Ürəyimə bir baharı
sıxıb getməyə gəlmişəm.

Mən bu məndə min bir adam,
min bir məndə Mən bir adam.
Mən bu dünyaya dünyadan
çıxıb getməyə gəlmişəm.


***
Həyatdımı? Ölümdümü? –
bizi bizdən alıb gedən;
Zülmətini kölgə kimi
üstümüzə salıb gedən.

Ömür həsrət limanıdı,
inləyən can kamanıdı.
Hansı dağın dumanıdı
gözümüzə dolub gedən?

Hər gün bir qapı açıram,
özüm özümdən qaçıram.
İnsan gül kimi açılan,
yarpaq kimi solub gedən.

Oxuq, qoyulmuşuq yaya,
hədəfimiz daş və qaya.
Bu dünyadan o dünyaya
görən varmı qalib gedən?


***
Sən bu çiçək gəlişinlə
niyə gəldin qış vaxtıma?
Fələkmi göndərdi səni
mənim dərdə tuş vaxtıma?

Heç bir gözələ baxmadım,
könlümü azad saxladım.
Gözlədim, gəlib çıxmadın
ömrün-günün xoş vaxtına.

Sirrim oldu aləmə faş,
tə’nələrdən ağrıdı baş.
Çiçək yox, daş gələydin kaş
ürəyimin daş vaxtına.

Axşamı sabah eləmə,
dön geriyə, ah eləmə.
Özünü ürcah eləmə
ağlımın bu çaş vaxtına.


***
Ömrün qarlı günləridi,
gülüm, məndən kənar dolan.
Çəkmə mən çəkdiyim kimi
zülüm, məndən kənar dolan.

Can cəfası Tale payım,
mənim nəzərimdən yayın.
Dərdnən keçir günüm, ayım,
ilim, məndən kənar dolan.

Ayrılıq yandırıb yaxır,
beynimdə ildırım çaxır.
Ahımnan Göylərə qalxır
külüm, məndən kənar dolan.

Bədən həyat alətidi,
giley bəşər aqətidi.
Can Canan əmanətidi,
ölüm, məndən kənar dolan.


***
Cadar-cadar, çat-çat olub
Taleyimin gülşən yeri.
Cəhənnəm əhli görməsin
mənim bağrım bişən yeri.

İndi sükutum dil açır,
ahım göylərə əl açır.
Qanlı bir qızılgül açıb
sinəmin ox deşən yeri.

İçim-çölüm qançır-qançır,
məni görən məndən qaçır.
Ürəyimə iynə sancır
ömrün yarpaq düşən yeri.


***
Əlim üzümü yandırır,
dilim sözümü yandırır,
durum özümü yandırım
atım gecənin üstünə.

İçim ağrıdan oyulur,
yüz yerdən dərim soyulur,
bir dərd heykəli qoyulum
bu kor küçənin üstünə.

Özüm özümün qənimi,
Ruhum tərk edir tənimi,
necə atım bu günümü
olub keçənin üstünə?


***
Yaxınlar uzaq oldular,
uzaqlar yaxınmı, adam?
Bax gör sənə yad olanlar
solunmu, sağınmı, adam.

Allah gücü var adəmdə, –
Yaradana Yar adəmdə.
Özünə sığın, aləmdə
özgəyə sığınma, adam.

Qəlbinin gözü olmaqdan,
Ruhunun sözü olmaqdan,
hər yerdə özün olmaqdan
çəkinmə, sıxılma, adam.

Beş bəşərdən dördü paxıl,
sən özünsən sənə yaxın.
Hardan yıxılırsan, yıxıl,
özündən yıxılma, adam.


***
Bu Yol Haqqa gedib çıxır,
tut bu Yolu, yeri, dərviş.
Dünya səni dərk etmədi,
boylanma ta geri, dərviş.

Bilirsən dünya nətərdi...
Hər yan xətadı, xətərdi,
alaq otundan betərdi
bu dünyanın şəri, dərviş.

Bəşər şərə aşiyandı,
hamı günah daşıyandı.
Heç kim bilmir,– yaşayandı,
yoxsa ölən diri, dərviş.

Yavər Həsən oldu dünən,
kölgəsidir böylə dinən.
Məndən də bir salam denən,
gördüyündə Biri, dərviş.

Tural Adışirinin təqdimatında


Baxış sayı - 673 | Yüklənmə tarixi: 17.07.2023 17:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031