Ay qonşu, bu evin yiyəsi hanı? - Camal Yusifzadənin şeirləri

MANERA.AZ Camal Yusifzadənin şeirlərini təqdim edir:
Payızım oy, qışım oy
Əhməd Oğuza
Payızın başı üstdən
Birər-birər qar gəlir;
Payızım oy, qışım oy.
İndi bilirəm ki, nə itirmişəm;
Birər-birər günlərim;
Birər-birər yaşım oy.
Göy üzündən
Yer üzünə qar gəlir,
Kişilikdən danışmaq
Yaman mənə ar gəlir.
Ümidi vağam olan
Torpağım oy, daşım oy!
Ovcumun arasında
Havalanmış başım oy.
Düzü-dünya ələnibdi ağappaq;
Meşəsi ağ,
Baxçası ağ, dağı ağ;
Dağım, bağım, qarım oy.
Nə yaxşı ki, sifarişlə ələnmir,
Yağır, yağır, yağır oy,
Yağır, yağır özbaşına;
Ayının yuxusuna,
İgidin qorxusuna,
Alçağın baş daşına;
Namərdim oy, mərdim oy!
Hələ məni gözləyən
Diri gözlü dərdim oy.
Varlığım qara təşnə,
Ardıc gözlü ocağım,
Çörək dolu tabağım,
Eşq havalı otağım;
Ocağım oy, eşqim oy.
Laxtalanmış bəxtim oy.
Dostların başı üstə
Qaldırılan taxtım oy.
Payızın başı üstdən
Birər-birər qar gəlir...
Niyə belə soyuqdu?
Vətən mənə dar gəlir!
Vətən mənə dar gəlir.
Ay qonşu, bu evin yiyəsi hanı?
(Anamın xatirəsinə)
Uzaqdan, uzaqdan,
Çox-çox uzaqdan,
Darıxıb gəlmişəm,qaçıb gəlmişəm,
Ay qonşu, bu evin yiyəsi hanı?
Eyvanda çıxardım ayaqqabımı,
Açdım pəncərəni, açdım qapını,
Görmədim qonağı qarşılayanı
Ay qonşu, bu evin yiyəsi hanı?
Yağış suvağını yuyur bu evin,
Külək şüşəsini döyür bu evin,
Sükut hay- küyünü qovur bu evin,
Zaman taxtasını ovur bu evin,
Ay qonşu, bu evin yiyəsi hanı?
Qapıda soyumuş bir əl yeri var,
Həyətdə qurumuş ayaq yeri var,
Alça ağacının sol tərəfində
Külü laxtalanmış ocaq yeri var;
Ay qonşu, bu evin yiyəsi hanı?
Uzaqdan gəlmişəm, ay ev yiyəsi,
Darıxıb gəlmişəm,uçub gəlmişəm,
Kül olub gəlmişəm, ay ev yiyəsi.
Hər dəfə, hər dəfə ay ev yiyəsi,
Qovrula-qovrula gəlib gedirəm,
Hər dəfə, hər dəfə, ay ev yiyəsi,
Bu həyət-bacadan,
qonum-qonşudan
Soruşub gedirəm;
Ay qonşu bu, evin yiyəsi hanı ?
Dünyaya qorxunun gözüylə baxma
Vaqif Səmədoğluna
Dünya bir pəncərədi -
Baxsan da, baxmasan da.
Çay axır, vaxt aparır,
Axsan da, axmasan da -
Dünyaya qorxunun gözüylə baxma!
Dünyaya qorxunun gözüylə baxma,
Dərin olmaz,
Sərin olmaz,
Yarın olmaz qara ağac kölgəsi!
Qara daş,
Qara qum,
Duz göyərəndə,
Çiynində qanadlı mələk görəndə
Dünyaya qorxunun gözüylə baxma.
Ruhun həbsdəsə,
Kədər xəstəsə,
Bəd xəbər kəssə -
Dünyaya qorxunun gözüylə baxma.
Nə mən arzunun sonuyam,
Nə sən sevdanın ilki.
Dünyaya qorxunun gözüylə baxma -
Dünyaya özümüz gəlməmişik ki!
Dünyaya qorxunun gözüylə baxma -
Ya qul olacaqsan,
Ya da ki quldar.
Beş günlük dünyanın feilinə uyma.
Qanı laxtalanmış azadlıq da var.
Sevən sevilmirsə,
Bəxtin kəmdirsə,
Sarı sarı deyil,
Yaşıl nəmdirsə,
Qürub qanqırmızı batan qəmdirsə -
Dünyaya qorxunun gözüylə baxma!
İçində izin azalsa,
Dizində dözüm azalsa,
Tanrıdan izin azalsa,
Dünyaya qorxunun gözüylə baxma.
Gec tapdın,
Tez itirdin?
Atam oğlu, fərq eləməz!
Nə isə tapılmalı,
Nə isə itməlidi -
Əzəli bir kələkdi;
Nə vaxtsa ötməlidi.
Qanadlı şəlaləyə,
Al badə lalələrə,
Zeytun gözlü dənizə,
Gümüşü balıqlara,
Kül altında közərən
Müqəddəs eşqə görə,
Zərli kəpənəklərə,
Kəhkəşanlı göylərə,
Allı-güllü payıza,
Quşbaşı qara görə
Dünyaya qorxunun gözüylə baxma!
Milçəkdən fil düzəlsə,
Fahişələr mələyə,
İblislər bütə dönsə -
Qorxunun gözüylə dünyaya baxma!
Eh, nə isə,
Eh, nə qəm,
Ölüm haqsa, qəmin kəm -
Dünyaya qorxunun gözüylə baxma.
Bəlkə də... bəlkə?
Bəlkə də Nuh dedik?..
Bəlkə də?...Bəlkə..??
Bəlkə də peyğəmbər demədik, ALLAH?
Bəlkə ağlamağa göz gərək deyil?
Bəlkə ovutmağa söz gərək deyil?
Bəlkə qovrulmağa köz gərək deyil?
Bəlkə də?
Bəlkə də, vallah?
Bəlkə özümüzdən öndə özümüz?
Bəlkə sözümüzdən öndə sözümüz?
Bəlkə torpaqdadı hələ dizimiz?
Bəlkə də... bəlkə?
Bəlkə ölüm varsa, sevilməyəsən?
Bəlkə sevməyəsən?
Bəlkə sevəsən?
Bəlkə ruh dediyin al-qırmızı qan?
Bəlkə torpaq üstə cənnət meyvəsi,
Bəlkə torpaq altda toxumdu insan?
Bəlkə də hər dahi tənha bir dəli?
Bəlkə də hər dəli tənha bir dahi? - Sirdi İLAHİ!
Bəlkə göz yaşıdı?
Bəlkə sırsıra?
Bəlkə kəhrəbadı yağış damlası?
Bəlkə pişikləri maraq öldürüb?
Bəlkə məhəbbəti Məcnun söndürüb?
Bəlkə qatilləri qatil eləyən hakimdi ancaq?
(onun da qətlinə fərman olacaq!)
Bəlkə də qatillər içində ağlar?
Bəlkə də qatilin...
Bəlkə də, bəlkə Vətənə quruca bir can borcu var?
Bəlkə yer üzünün əşrəfi İBLİS?
Bəlkə də İblisdi bizim bütümüz?
Bəlkə də... bəlkə də ölüm şəxsi iş?
Bəlkə də ƏZRAİL şəxsi sifariş?
Bəlkə də... bəlkə?
Bəlkə nə xeyirsə - odur həqiqət?
Bəlkə çin olmayan muradı ağ at?
Bəlkə də? Bəlkə?..
Bəlkə qəhrəmanlıq dəlixay bir "ah"!?
Bəlkə cızılmayan səmadı ALLAH?
Bəlkə də, bəlkə də,
Bəlkə də, vallah?
Bəlkə yediyimiz heç çörək deyil?
Bəlkə satqınlara üz gərək deyil?
Bəlkə göyərməyə düz gərək deyil?
Bəlkə qürur duyaq rüşvət alanda?
Bəlkə utanmayaq xoşbəxt olanda?
Bəlkə satqınlara vicdan heykəli,
Bəlkə heykəllərə vicdan sırıyaq?
Bəlkə vaxt dediyin puldur kiməsə?
Bəlkə bəxt dediyin - quldur kiməsə?
Bəlkə taxt dediyin - cəllad kötüyü? -
Nə sən fərqindəsən,
Nə mən fərqində?
Bəlkə TANRI bizdən çox yuxarıda?
Bəlkə biz TANRIDAN çox aşağıyıq? -
çatmır səsimiz!
Bəlkə də payızda öləsən ancaq -
yarpaq töküləcək, yağış yağacaq.
Bəlkə yaz başı? -
alçalar xəfifcə gülümsəyəcək?
Bəlkə də,
Bəlkə də,
Bəlkə də, vallah!?
Bəlkə şəkillərdə ağlayaq bir az?
(Niyə şəkillərdə ağlamaq olmaz?)
Bəlkə dünya sənin?
Bəlkə də mənim?
Bəlkə heç kimin?
Bəlkə qır qazanı İBLİS xeyrəti?
Bəlkə borc vermişdi TANRI qeyrəti?
Bəlkə də həqiqət - danılmaz "dünən"?
Bəlkə də ən böyük qorxu - "sabah"dı?
Bəlkə də? Bəlkə?
Bəlkə nənni asaq göy qurşağından?
Bəlkə yırğalayaq yer kürəmizi?
Bəlkə bu dünyaya bir də qayıtdıq?
Bəlkə qayıtmayaq, YA RƏSUL ALLAH?
Tanrıya sözümüz var
"Sındırmaga qozumuz,
Cırmağa bezimiz var"!
Yalamağa duzumuz,
Öpməyə dizimiz var!
Sevişməyə gözümüz,
Yandırmağa közümüz,
Üfüqlərdə izimiz,
Ruh kimi üzümüz var!
Səhra sonsuz və susuz,
Mən gedirəm, sən də gəl!
Tanrıya sözümüz var,
Tanrıya sözümüz var!
Təqdim etdi: Tural Adışirin
MANERA.AZ