manera.az
manera.az

Mən bir qürbət misrasıyam - Qürbətdən gələn səslər

Mən bir qürbət misrasıyam - Qürbətdən gələn səslər
Zakir Qurban - 1971-ci ildə Qazaxıstan Respublikasının Cambul vilayətinin Cu şəhərində anadan olub.Ulu babası Molla Qurban 1937-də represiya olmuş azərbaycanlılardandır. Əsli Cənubi Azərbaycanın Əfsar tayfalarındandır.Hazırda Sankt-Peterburqda yaşayır.

MANERA.AZ Zakir Qurbanın şeirlərini təqdim edir:

BAŞIMIN DAŞI

Azadlığın güzgülənən,
Meydanların hanı, Vətən?
Ayna əvəzi könlümə
Bax, özünü tanı, Vətən!

İndi daha yer süpürür
Azadlıq hayqıran səsim.
Allahın yadından çıxıb,
“İncil” – səsim, “Quran” – səsim.

Vaxt vardı, qırğın düşürdü,
Yanaqda bir xal üstündə,
İndi şair təzim edir,
Bircə qarın yal üstündə.

Şəhid-şəhid damcılayır,
Ürəklərdən adın sənin.
Qarabağda itkin düşüb,
Bir ağız bayatın sənin.

Başıma düşən daşların
Sənsən elə ən böyüyü.
Mən cəhənnəm, qadan alım,
Bir az da, bir az da böyü.!!!

EŞQ

Ah, o qızın yanağında,
Bir körpə çiçək ağlayır.
O diksinən öpüş yeri,
Nə gözəl-göyçək ağlayır.

Dur, şəhid ol, göz yaşında,
Damla-damla səni yuyar.
Sərər dodağı üstünə
İslanmış adın quruyar.

Ağrı kəsən dərman kimi,
Adını qoy dilin üstə.
Bir qonaq get xəyallara,
Əli qonsun əlin üstə.

Yayın əcəlin gözündən,
Bu ömürdə bircə saat.
Bağışlayar, o qız üçün,
Lap istəsən Allahı sat...

QÜRBƏT MƏKTUBU

Bu gördüyün suyun üzü
Gözlərim tək nəmdi, anam.
Bir adımı sən qoymusan,
Bir adım ki, qəmdi, anam.

Mənə çaldığın laylanın,
Düzü bir az çox düşübdü.
Bəxt hamıya bir şey verib,
Mənə isə “yox” düşübdü.

Bu köynəyi qanlı ümid,
Hansı bəxtin güzgüsüdü?!
Üzünə adam çilənib
Gözü dolmus güzgü-sudu.

Üst-başı qürbət qoxulu,
O adamı cağır, anam.
Göz yaşını borc ver ona,
Qoy sevinsin fağır, anam...

Əli xınali əcəlin,
Ovcunda bir anam, anam..
Mən bir qürbət misrasıyam,
Dodağımda: anam, anam...

ZƏHRA

(Balaca şəhid Zəhra üçün)

Bax ürəyin xal yerindən,
Yarasının al yerindən,
Körpə dilin lal yerindən,
Bir misra çək, bir misra çək.

Vətən, düşşün daş başına,
Qar tez yağır yaddaşına.
Qələm batır göz yaşına,
Bir səhra çək, bir səhra çək.

Bir layla sərin üstünə,
Bu körpə qəbrin üstünə.
Allah, öz səbrin üstünə
Bir Zəhra çək, bir Zəhra çək.

UZAT ƏLLƏRİNİ

Götür bu qərib könlümü,
Bağışlayım sənə, getsin.
Çıxım gözünün seyrinə,
Neçə-neçə sənə getsin.

Yanağını əzbərləyim,
Öpüş-öpüş, dodaq-dodaq.
Bir mən olum qiyamətdə,
Bir sən, bir də tənha otaq...

Sətir-sətir döyür qələm,
Hər gün bəxtin qapısını,
İnan, çoxdan itirmişəm,
Mən bu vaxtın qapısını.

Xəyalımdan kölgən düşür,
Sinəmdə sözün üstünə.
Həsrətdən çəkdiyim ahı,
Qoyuram gözün üstünə.

Ürəyimi kirpiyindən,
Nə vaxtdı asıb qalmışam.
Uzat mənə əllərini
Gözündə azıb qalmışam.

QÜRBƏT KÖYNƏYİ

Oxşa bu dərdin saçını,
Körpə, dəcəl balan kimi.
Pıçılda bir qulağına,
Doğruları yalan kimi.

Qeyrət də çırpıb qapını,
Adını süpürüb, gedib.
Nə yaxşı ki, son gedişdə
Üzünə tüpürüb, gedib.

Havalar ta istiləşir,
Çıxar olmayan papağı.
Birdən səni kişi bilib,
Soruşarlar Qarabağı...

Ömrü Ağdam şərabı tək,
Bala-bala çək başına.
Təsəlli ver öz-özünə:
“Mən neyləyim tək başına?!.

Əynimde qürbət köynəyi,
Hər gün təzələnir, vətən
Şairlər öz dərdləri ilə
Belə məzələnir, vətən!

SÖZÜNDƏN
(təcnis)

Ariflərə ayna tutub həmişə,
Gəlib keçib mərifətlə söz öndən.
Külli-aləm bircə sözlə var olub
, Yoğrulubdur söz-hərfdən, söz-ündən.

Ömür-ömür səpilmisən yollara,
Əcəl çaşıb bir ismaric yollar a...
Öz nəfsindən yayınmağa yol ara,
Günah - yağış, ürək - torpaq, sözün - dən.

Zakir, indi keçdiyin hər yola bax,
Bu dünyaya dərdi yola-yola bax.
Öz-özünə hər gün məktub yolla, bax,
Əmanətdir, muğayat ol sözündən

BU VƏTƏNDİR

Bu vətəndir, atam-atam,
Laylası ağlayan vətən.
Göz yaşından köynək geyib,
Anası ağlayan vətən.

Güllələnib pərdə-pərdə,
Ürəyini sərib dərdə.
Bir əzansız minarədə,
Duası ağlayan vətən.

Gen durmayın, yaxın gəlin,
Səbrinizə baxın, gəlin.
Toy günündə gəlin-gəlin,
Hənası ağlayan vətən.

Azıbdır bir söz içində,
Bu dözümə döz içində.
Çiliklənib öz içində,
Aynası ağlayan vətən.

Bacı-bacı, qardaş-qardaş
Dərd sinədə qurub bardaş.
Göz yaşında bir yaşılbaş,
Sonası ağlayan vətən.

Çox söz açma cürətindən,
Göz bərəlir heyrətindən.
Yıxılıb öz qeyrətindən,
Həyası ağlayan vətən.

Şuşada itib qoxusu,
Laçınsız qalıb yuxusu.
Bu şeir belə oxunsun: –
Mənası ağlayan vətən.

ŞEHLİ GÜNAHLAR

Sənə bir məktub yazdım,
Üstündə Allah adı.
Sənə elə gəldi ki,
Bu məktub Allahadı...

Üzündən yerə düşdü,
Bir dodaqlıq təbəssüm.
Şehli günahlarının
Gözləri sadə, məsum...

Yaxınları asan yox,
Uzaqlığın alnına.
Hər gün məktub yazıram,
Yazıqlığın alnına...

Bu misranın içində,
Otur, qapını bağla.
İndi nə günahın var,
Mənim adıma bağla...

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930