Ölkə universitetlərində monitorinq davam edir - MANERA.AZ
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetdə bu fənn tədris edilir.
Azərbaycan multikulturalizmi fənninin universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığının təmin edilməsi və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə hər semestrin sonunda Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinqlər aparılır.
MANERA.AZ-ın məlumatına görə, Azərbaycan multikulturalizmi fənninin növbəti monitorinqi Gəncə şəhər Azərbaycan Dövlət Aqrar Universitetində və Mingəçevir Dövlət Universitetində baş tutub. Monitorinqi Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Seyfəl Həsənov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Bağır Bağırov aparıb.
Monitorinqin əsas məqsədi Azərbaycan Dövlət Aqrar Universitetində və Mingəçevir Dövlət Universitetində «Multikulturalizmə giriş» və «Azərbaycan multikulturalizmi» fənlərinin tədrisinin vəziyyəti ilə tanışlıq, ali məktəblərdə fənləri tədris edən müəllimlərlə, tədrisi aparan kafedra əməkdaşları ilə görüş, fənnin tədrisinin perspektivlərini və onun təkmilləşdirilməsi yollarının müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin aparılmasıdır. Eyni zamanda fənlərin tədrisinin məqsəd və vəzifələri, tədris prosesinin daim dəyişən reallıqlarla necə uzlaşdırılması ilə bağlı tövsiyələrin verilməsi, eləcə də dərslərin müvafiq kafedralarda müzakirəsi, fənni tədris edən müəllimlərə metodik tövsiyələrin verilməsi, ali məktəblərin tələbələri ilə «Multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi kimi» mövzusunda diskussiyanın keçirilməsi də monitorinqin hədəflərindəndir.
Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində magistratura pilləsi I kursunun bütün ixtisaslarında 154 nəfərə “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Tədrisi universitetin Tarix, ictimai elmlər və hüquq kafedrasının müdiri dosent Azad Bayramov aparır. Bakalavr pilləsində isə «Multikulturalizmə giriş» fənni tədris edilir. Tədrisi kafedranın müəllimləri Elgün Aslanov aparır. «Multikulturalizmə giriş» fənni qiyabi təhsil formasında da tədris olunur və 33 nəfər tələbəni əhatə edir.
Monitorinq zamanı Seyfəl Həsənov və Bağır Bağırov Gəncə Dövlət Universitetinin və Gəncə Texnologiya Universitetinin rəhbərliyi ilə görüş keçirib. Görüşdə universitetlərdə növbəti semestrdə də bu fənlərin nəzərdə tutulan tədrisinin daha səmərəli hazırlığı ilə bağlı fikir mübadiləsi aparılıb və hər iki universitetlər arasında əməkdaşlıqla bağlı tövsiyələr verilib.
Mincəçevir Dövlət Universitetində «Multikulturalizmə giriş» fənni iki fakültənin üç akademik qrupunda 127 tələbəyə tədris edilir. Tədrisi Tarix və ictimai elmlər kafedrasının baş müəllimi İlham Məmmədov aparır. Monitorinq zamanı dərslərin gedişində müəllimlərin hazırlıq səviyyəsi müsbət qiymətləndirilib və tələbələrin Azərbaycan multikulturalizm fənninə böyük marağının olması müşahidə edilib.