Metro və marşrutlarda gedişhaqqı artırıldı
Bu gün Tarif (qiymət) Şurasının növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.
MANERA.AZ xəbər verir ki, aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilmişdir. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik).
Qərar 3 fevral 2023-cü il tarixindən qüvvəyə minir.
Məlumat üçün qeyd edək ki, şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası, həmçinin şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin yuxarı həddi və metroda sərnişindaşıma xidmətinin tarifi ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında qüvvəyə minib.