manera.az
manera.az

Darıxmaq dağ boyda həsrəti qəlbində daşımaqdır - Şeirlər

📅 12.01.2023 19:27

Darıxmaq dağ boyda həsrəti  qəlbində daşımaqdır - Şeirlər
MANERA.AZ Lənkəran Dövlət Universitetinin 3-cü kurs tələbəsi İlkin Füzulinin şeirlərini təqdim edir:

Darıxmağın tərifi

Darıxmaq nəyə deyilir,
Kim bilir?
Mən deyim:
Darıxmaq küsmüş yalnızlığınla
barışmaqdır,
Darıxmaq dağ boyda həsrəti
qəlbində daşımaqdır...
Daxilində fırtınalar qoparmaq,
“Göz Yaşı” dənizini daşırmaq
darıxmaqdır...
Darıxmaq nəyə deyilir,
Kim bilir?
Mən deyim:
Darıxmaq ölü xatirələri
canlandırmaq,
diri xatirələri yandırmaqdır.
Boş vədlərlə özünü aldatmaq,
ya da inanmaq darıxmaqdır.
Darıxmaq hər gün pazıltək özündən
parça-parça azalmaqdır.
Eyni görüş yerindəki boş skamyanın
vaxtını almaqdır...

Dünənin bu günü

Dünənmiydi səni tanıdım,
Yoxsa, bir ay, bir il əvvəl?
Mən zənnimdə yanıldım,
Fikrimlə yad bir sahilə
Yelkən açdım, yan aldım...

Sənlə keçən hər saniyə
Ömrün ağ varaqlarına
Şeir kimi yazıldı,
Mahnılartək bəstələnib
oxundu...

Eh, saatlar da məni sevmirdi,
Sən yanımda idin deyə
vaxt da inan səbirsizdi.
Yavaşlamaq, asta olmaq istəmirdi,
Əqrəblərin tələsməyi səbəbsizdi...

Tələsmir vaxt, daha can atmaz,
Sənsiz dünya dardı mənə, dar.
Yazda sənə gün aşiq idi,
yadında?
Payızda sənə gül aşiq idi,
mən də yayda.

Qaldı yaxın keçmişdə şirin xatirələr, acı anılar,
Hərdən səni incitsə də, həmin anlar
yada düşər, anılar.
Mən xoş sabahı daha necə arzulayım, düşünüm?
Dünənim sevincli idi, qəmlidi axı bu günüm.

Sevgi Tablosu

Bir sevginin ən gözəl təsviri nədir
bilirsənmi?
Ya qucaqlamaqdır, sarmaşıq kimi
sevgilini,
Ya da dərk etməkdir qəlbinin titrəyişinin
dəyişdiyini.
Bir sevginin ən gözəl təsviri nədir
bilirsənmi?
Sazaq gecədə buz kəsməyib,
Həzin öpüş ritmində hiss etməkdir
sevdiyinin hənirtili nəfəsini.

Naməlum

Jalə qoxulu tər gülsən
Ləçəyi həsrətlə açan.
Yerə süzülən gur yağışsan,
Ürəyi şəfqətlə coşan.

Sən şedevr, sən şeirsən,
Misrası tək qəmlə yanan.
Sən nağılsan, sən romansan,
Real yox, fantaziya, yalan.

Qəzəb saçan tornadosan,
Uçurmusan, aşırmısan, dağıtmısan.
Hər yer xaraba, hər yan viran,
Sənsiz ötmür inan bir an.

Sən tufansan, sən çovğunsan,
İsti qəlbi soyutmusan...
İndi sən nə yanımdasan,
Nə uzaq, nə yaxındasan...

Nağılvari düşüncə

Həyat nağıl deyil sən,
Xoş sonluğa inanma!
Daş düşəsi bəd bəxtinə ,
Göydən düşmür üç alma.

Nağıllar aləmindən
çox ləng, çox gec ayıldım,
Sağım, soluma baxdım.
Baxdım, baxdım... yenə mən,
Yol çəkən gözlərimlə
yanıldığmı anladım...

Çox şeymi istəmişdik?
Azca inam yetərdi.
Bəlkə, səhv ümiddədir,
Hey xoş gün vəd edərdi.

Bizi yanıltdı sədaqət,
Əvvəl uca dəyərdi.
Görən, alçaq xəyanət,
Nə vaxt, haçan dəbləndi?

İstər azalsın sevinc, kədər bizə yar olsun.
İstər dağılsın aləm, dünya bizə dar olsun.
Vəfalıydıq, məğlub olduq, vəfasızlar ar olsun!
Qəlbimiz saxta deyil, qəlp qalib onlar olsun!

Həyat nağıl deyil sən,
Bunu saxla yadında.
Sən sadiqsən, sən safsansa,
Qalmaz kimsə yanında!

Şəhid qızına xitab

Ağlama sən, gözəl qız,
Sil gözündən incini.
Atan burda deyilsə,
Qəm etmə sevincini.

Ağlama sən, gözəl qız,
Əymə məğrur, dik başı.
Sənsən elin işığı,
Bəzək-zinət, daş-qaşı.

Ağlama sən, gözəl qız,
Atan üçün qəm yemə.
O cənnətdə mələkdir,
Mən “atasızam” demə!

Ağlama sən, gözəl qız,
Sən bu xalqın qızısan.
Gözlərin yol çəkməsin,
Yol açanın qızısan.

Ağlama sən, gözəl qız,
Sənin atan ölməzdir!
Biz bölünsək də olar,
Vətən tək bölünməzdir!

Ağlama sən, gözəl qız,
Qoymarıq səni yalnız.
Sən şəhiddən yadigar,
Bu xalq sizi unutmaz!

Təbriz Azərbaycandır!

Yaşı tarixdən qoca, totemi boz qurddur,
Bu yurd türklər diyarı, türklər yurdudur.
O tay, bu tay – şimal, cənub birik biz,
Od torpağı, məskənimiz Təbrizdir, Təbriz!

İki yüz il didərgindir ruh quru candan,
Ayrı qalıb qardaşlar – həm nəsil, eyni qandan.
İntizarda qoyanları yenəcəyik, şübhəsiz,
Doğma yurd, vətənimiz Təbrizdir, Təbriz!

“Türkmənçay” qılınc kimi böldü xalqı tən yarı,
Dostun biri güneydə, quzeydə bunun yarı.
Ayrı-ayrı, parça-parça ağırdı vəziyyətimiz,
Gücümüz, taqətimiz Təbrizdir, Təbriz!

Tarix boyu ad salmış, tam tanınmışıq,
Vulkan kimi partlamış, ildırımtək çaxmışıq!
Yağılara qorxu saçmış qara kabus idik biz,
İradəmiz, daş əzmimiz Təbrizdir, Təbriz!

Üzü dönsün sərhədlərin, məftilin,
Biz səbr etsək tanrı dözməzdir, bilin.
Nə Cavanşir, Xiyabani, Nə də Babək əydi diz,
Kökümüz, mənbəyimiz Təbrizdir, Təbriz!

Dursun artıq zülm, dayansın zaman,
Bizimdir Ərdəbil, Zəncan və Tehran...
Rəsulzadə əmanəti, Elçibəy vəsiyyətimiz:
“Ata yurd, vətənimiz, Təbrizdir, Təbriz!

MANERA.AZ


Baxış sayı - 1 342 | Yüklənmə tarixi: 12.01.2023 19:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031