manera.az
manera.az

Məndə darıxmaq mövsümüdü - Yeni şeirlər

📅 23.08.2020 12:30

Məndə darıxmaq mövsümüdü - Yeni şeirlər
MANERA.AZ Elməddin Nicatın yeni şeirlərini təqdim edir:

ŞƏHİDİM!

Bu il cəbhənin müjdəçiləri göyərçinlər yox,
İlan ağzından çıxmış mərmilər oldu,
Şəhidim!

Nədir üzündəki bu nur, bu işıq,
Bığ yerin yenicə tərləyib
Nə tez şığıdın ölümə
Şəhidim!

Barmağını üzük sıxdı, ürəyini həsrət,
Sevginə sərhəddən başladın,
Toyun çalınmadı, bu nə qismət!
Şəhidim!

Körpəni buraxıb tabutuna sarıla bilmədi anan,
Aranızda qaldı uşağın...
Şəhidim!

Oğlun şəklini əlində saxlaya bilmir,
Sənə böyüdülən şəkil,
Oğlundan böyük...
Şəhidim!!!

Sevdiyin qıza yazdığın məktubu oxudu,
Səndən sonra əsgər gedəcək biri.
Daşını atdı qız sevməyin,
Dənf etdi içində eşqini diri-diri,
Ürəyi bağlı gedəcək xidmətə,
Şəhidim!

Bütün şəhid atalarının,
Elə bil hamısı eyni boydadı,
Ağrı baxışlarını köhnəldib
Əyinlərindəki paltar kimi.
Boyunları düşüb sol çiyinlərinə
Ürəyindən yıxılırlar, onları ayaqda
Sol qolları üstündəki
Tabutunuza bükülən bayraq saxlayır,
Şəhidim!

Əlvida demirəm cənab general,
Sənin görüşünə Qarabağdan gələcəm.
Qələbə muştuluğu ilə.
Zəfər qaravuluna düzərsən şəhidlərimi, ŞƏHİDİM!


***
Bir az gözlərim yol çəkir,
Qulağım səslənir bir az...
Adın dodağımın qaysaq tutmayan yeri,
Səni düşünməklə, darıxmaq taraz...

Sevgin qarışdırır fikirlərimi,
Baş edə bilmirəm duyğularımla.
Otağımda təkəm, xəyalımda sən,
Baş-başa qalmışam qayğılarımla...

Adı sən olan ümidlərin,
Yer süpürür qaş-qabağı...
Ürəyim tez duyur ayaq səslərini,
Gəl könlümün, əbədilik qonağı.

Əlinçün darıxıb qapımın cəftəsi,
Məndə darıxmaq mövsümüdü,
Bir azdan da başlayar
Nigaranlıq həftəsi...


***
Bir udum torpaq qoxusudur,
Bir içim bulaq suyudur
Gözlərimin sənə yol çəkməyi...

İndi yaddaşımın qərib yanıdı,
İtən uşaqlığımın adı
Gözümün yanağıma gül çəkməyi...

Qanı qurumuş ağacın yarpağı,
Gözü tutulmuş bulaq kimidir.
Eşdikcə çatlayır dodağı...
Hardasa darıxan ürəyin,
Səsini içinə çəkib kövrəlməyidir.
Məndən sənəcən yolun uzağı...

Barmaqlarımın rəqsidir saçların
Baxış bucağımdır gözün giləsi...
Nigah masasıdır dizinin üstü
Qalır Tanrının qol çəkməyi....

SEVDA TÜRKÜSÜ

Sanki baxışların göy qurşağıdır,
Mən də can atıram keçim altından.
Həsrət dedikləri ömrə yağıdır,
Ayları, illəri salır atından.

Telinin altında gülümsər çöhrən,
Təzəcə oyanmış yaz günəşidir.
İllərin o başı;- hardaydın görən...
Mən özüm hardaydım... tale işidir!...

Bu hansı yoldur ki, qarşılaşmışıq,
Səmti hayanadır yolayrıcının..
Nə qərib duyğudur, çaşıb qalmışıq,
Çəkirik ağrısın bir ayrı canın.

İki çay bulanıb baxışımızdan,
O tay-bu tay axır gözyaşı seli.
Bizim gətirməyən naxşımızdan,
Nə güllər toxudu taleyin əli.

... Yazın yaxasında bənövşə süsü,
Nərgizin şeh çəkən buludu sənsən...
Sarı simdə dinən SEVDA türküsü,
Bağrı çatlayana bir udum səssən...
28.04.2020.

YAŞILI...

Mənim gözlərimin ovsun yeridi,
Gördüyün dağların, düzün yaşılı.
Solmaz yaddaşımda min il də keçsə,
Ətri sevgi yayan sözün yaşılı.

Nə yaxşı oxutdun qu ürəyimi,
Nazlı baxışlarla yu ürəyimi.
Salıb kəməndinə bu ürəyimi,
Saçların sarısı, gözün yaşılı.

Könlümü məst edib dil oxuyan qız,
Eşqimi gözümdən bir oxu, yan qız,
İlin hər fəslində gül qoxuyan qız,
Mənə sevdirmisən özün yaşılı.

ÇÖL ÜZÜNDƏN AĞLAYIR...

Tək oturub otaqda darıxan adamların,
Kimlər duyar səsini, kim anlar yalnızlığın.
Hisslərim qurbanıdır sükutlu edamların,
Ürəyim çabalayır əlində yalqızlığın.

Çöl üzündən ağlayır pəncərəmin şüşəsi,
Göz yaşını sovurur vıyıldayan küləklər.
İliyinə işləyib ayrılığın rişəsi,
İntizarı çəkməsə dözməz sevən ürəklər.

Suya həsrət səhradı sevdaya baş əyənlər,
Qanıyla suvarmalı əkdiyi toxumları.
İlahi sevgilərə qəlbən əli dəyənlər,
Canının içi bilir ən uzaq yaxınları.

Ehey... yenə darıxdım, bu qışın əvvəlində,
Gizil-gizil başladı canımın üşütməsi.
Ürəyimlə adını qışqırıram dilimdə,
Qulağını tut deyim, bir kimsə eşitməsin...
07.01.2020.

OĞLUMA...

Yenə uzaqları çəkir gözlərin,
Qayğılar tökülür baxışlarından.
Buraxma ətəyin dəcəlliklərin,
Uzaq dur talenin yoxuşlarından...

Get oyna "gizlən qaç", "qaçdı-tutdunu",
Xəyala dalmağın başını burax.
Get çıxart dadını bu uşaqlığın,
Məndə olmayıbdı, səndən min iraq.

Kim var o başında yol ayrıcının,
Bir belə həsrətlə gözün yol çəkir!
Mənim balam, hələ tezdir, tələsmə,
Adam baxışlarla eşqə qol çəkir...

Şıltaqlıqla günlərini gün elə,
Baxışına yük eləmə xəyalı.
At daşını dalğın-dalğın baxmağın,
Burax qalsın gözün nuru mayalı.

Bir gözəlin gözlərinə toxunub,
Ürəyinə od salacaq bu baxış.
...Dur qaç oyna, sənin oyun vaxtındı,
Çək ömrünə uşaqlıqla bir naxış...
08.01.2020.


Baxış sayı - 1 185 | Yüklənmə tarixi: 23.08.2020 12:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031