Rəvan Cavidİndi bu şəhərə
yağan yağışlar da adicə sudu,
sənsiz küçələr də
toz-torpaqdan başqa bir şey deyilmiş,
sənsiz bu dəniz də
duyğularımızın sudan heykəli,
indi bu sahildə
darıxmaq sadəcə gündəlik bir iş.
İndi Bakı boyda nağıl gizlənib,
mənim bir şeirlik duyğularımda.
Qara saçlarına xəzəl düzmüşdüm
borc alıb dünyanın son baharından.
İndi musiqilər sadəcə səsdi,
indi şeirlər də heca oyunu.
İndi boz rəngdədi İçərişəhər,
özütək köhnədi xatirələri.
Səni unutmaqçün, indi bilmişəm,
unutmalıyammış bu boz şəhəri.
Səninçün darıxmaq çətindi, amma,
sənsiz darıxanda tükənirəm mən.
Getmirsən, sadəcə,
fikrimdən yolları keçirsən hər gün
lavanda qoxulu saçlarınla sən.
İndi səmalarda Tanrıya ögey,
yerdə də bir sənə yad olmuşam mən.
Çaşıb zamanımın əqrəbləri də,
qışdan sonra yenə mən son baharam.
Əgər bu sevgiyə günahdı desən,
sən gəl, mən Allahla bir dil taparam.
MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.