Azərbaycan Ankara kitab sərgisinə niyə qatılmadı?..
Manera.az yazıçı Aslan Quliyevin "Ankara kitab fuarı" yazısını təqdim edir:
Elazığda, Kahramanmaraşda kitab fuarında iştirak elədik, Konyaya çatdırmadıq. Amma Ankara kitab fuarında iştirak eləyə bilərdik. Əvvəlki fuarlarda bələdiyyələr qalmaq xərcimizi qarşılayırdılar, burda isə fuarın təşkilatçılığını özəl şirkət almışdı və bütün xərclər öz hesabımıza olmalıydı.
Firuz Mustafa İstanbula gedəcəkdi, böyük ehtimalla qatılmayacaqdı. Qalib Şəfahət Elazığda şer günlərində iştirak eləmək üçün qalmşdı, o da gəlməyəcəkdi. Eyvaz Zeynalov, Arif Ərşad və mən iştirak eləməyə qərar verdik. Eyvaz İstanbuldan gələcəkdi, Arif birbaşa Kahramanmaraşdan uçacaqdı, mən də Eskişəhərdən...
Deyilən gün Eskişəhərden sürət qatarıyla Ankaraya getdim. Arif oteldə yer almışdı, məni gözləyirdi. Kiçik, səliqəli, rahat oteldi, ən əsası fuara yaxın idi. Soyuq olmasına baxmayaraq Arif otağın pəncərəsini açıb siqareti siqaretə calamışdı. Mənin şərəfimə çay da gətirtdi. Çayımızı içdik, təbii, təkcə çayımızı yox. Azərbaycandan gedəndə hazırlıqlı gedirik. Gecəyarısına kimi oturduq. Arif təkcə maraqlı ədəbiyyat adamı deyil, həm də maraqlı həmsöhbətdir.
Səhərisi fuara getdik. Azərbaycandan biz ikimizik. Eyvaz sabah axşam gələcək, yəni iki gün elə ikimiz olacağıq. Bir kimsə bizim Azərbaycandan olmağımızı bilmir. Yalnız Arif özünə xas olan qızğınlıqla kim olduğumuzu, hardan gəldiyimizi önümüzdən keçənlərə izah eləyir.
Azərbaycandan gələn iki yazıçı. Öz pulumuzla gəlib buralara çıxmışıq. Ölkəmizi, ədəbiyyatımızı təbliğ edirik. Burda yüzlərlə iş adamlarımız, dövlətimizi təmsil eləyən qurumlar, səfirliyimiz, minlərlə həmyerlimiz var. Bir kimsə nə sərgiylə, nə bizimlə maraqlanır. Halbuki digər ölkələrin səfirlikləri az qala hər gün burdadılar.
Bundan az əvvəl Bakıda Mədəniyyət nazirliyimiz kitab sərgisi təşkil eləmişdi. Türkiyədən 10-a yaxın nəşriyyat gəlmişdi. O cümlədən bizim naşirimiz də. Nazirlik təkcə onların qalmaq, yemək xərclərini qarşılamır, yol xərclərini də ödəyirdi. Hələ bir axşamlar restoranda qonaqların şərəfinə məclislər təşkil eləyirdilər və bu məclislərdə xalq artistlərimiz çıxış edirdi. Təsəvvür eləyirsinizmi, xalq artistini yeyib içmək məclislərində oxumağa, əcnəbi qonaqları əyləndirməyə məcbur eləyəsən!
Bu sərgiyə isə Azərbaycandan heç bir nəşriyyat qatılmamışdı. Mədəniyyət nazirliyimiz də. Özün iştirak eləmirsən, olmazdımı bizə burda bir stend alasan, qalanını özümüz təşkil eləyək. Qoy heç olmaya bilsinlər də Azərbaycan da burda iştirak eləyir.
İçəri girmək üçün növbəyə duranların sonu yox, amma bizim stendimizə tək-bir adma gəlir. Onların da çoxu əvvəlki kitablarımızı oxuyanlardır, bir qismi də vaxtilə Azərbaycanın müxtəlif bölgələrindən bura köçənlərdilər. Bizim timsalımızda Azərbaycanı görürlər. Kitab təbliği qalır bir tərəfdə, onlara ölkəmiz haqda, Qarabağ haqda danışırıq.
Yenə sağ olsun, Şəhla Aslan! İkinci günün sonunda Azərbaycan bayrağını gətirib stendimizdən asdı. Yalnız bundan sonra stendimizə güclü maraq oldu. Çünki oxucular artıq burda Azərbaycan yazıçılarının kitablarının satıldığını bilmişdilər.
Yeri gəlmişkən Şəhla Aslan haqda. Bu qız Azərbaycan adına, ölkəmiz adına Türkiyədə bütöv bir nazirliyin gördüyü işləri görür. Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Türkiyədəki səfirliyimiz, bu qızın gördüyü işləri dəyərləndirin. Bacarığından, işküzarlığından, imkanlarından istifadə edin!
İkinci gün axşam Eyvaz da gəlib çıxdı. Ancaq heç birimiz oteldə deyildik. Arif yaxın qohumunun ad gününə getmişdi, məni də Vüqar Abdullah axtarıb tapmışdı. Vüqar iş adamıdır, çoxdandır Türkiyədədir, burda evlənib, ailəsi, uşaqları, amma ürəyi daima ölkəsiylə döyünür, xüsusiylə öz doğma Şəkisini bircə anlığa belə unutmur. Azərbaycandan bir sənət, ədəbiyyat adamının gəldiyini bildimi, mütləq axtarıb tapacaq. Kitab sərgisi başlayanda Ankarada deyildi, amma mənə hələ Ankaraya gəlməmişdən əvvəl zəng eləmişdi. Dediyi vaxtda da gəldi, görüşdük. Sayəsində bir daha əmin oldum, Ankara gözəl şəhərdir, xüsusi ilə də gecələri!
Mən üçüncü gün getməliydim, Antalyaya bilet almışdım. Eyvazla Arif məni avtovağzaldan yola saldılar, özləri isə fuara getdilər. Yol boyu elə hey onları düşünürəm. Azərbaycandan gələn iki yazıçı. Gözləri yol çəkir. Türk oxucularla bərabər özümüzküləri də gözləyirlər. Özümüzkülər isə gəlməyəcəkdilər. Bunu artıq bilirdim.
Sonradan Eyvazla telefonda danışanda dedi ki, sərgiyə gətirilən bütün kitablarımızı satdıq. Şəhla Aslanın evindən gətirdiyi bayraq vəziyyəti kökündən dəyişmişdi.
Sərgiyə gələnlər Azərbaycanlı yazıçıların sərgidə iştirak elədiyini əvvəldən bilsəydilər, ayrıca stendimiz olsaydı, daha yaxşı təmsil olunsaydıq, kitablarımız daha yaxşı satılardı. Ölkəmizi daha yaxşı təbliğ eləyərdik.
Amma yenə də düşünürəm, hər şey yaxşı olacaq.
Yenə də fuarlarda iştirak eləyəcəyik.
Ölkəmiz adına, ədəbiyyatımız adına.
Nəhayət özümüzkülər də gələcəklər....
Aslan Quliyev,
Manera.az