Mədəniyyət naziri kino ictimaiyyəti ilə görüşdü - FOTO

Mədəniyyət naziri Anar Kərimov respublikanın kino ictimaiyyəti ilə görüş keçirib.
Nazirlikdən MANERA.AZ-a bildirilib ki, Dövlət Film Fondunda gerçəkləşən görüşdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Azərbaycan Prodüserlər Gildiyası və digər ictimai təşkilatların təmsilçiləri, eləcə də yaşlı, orta və gənc nəsil kinematoqrafçılar, film istehsalı ilə məşğul olan dövlət və özəl sektor üzrə qurumların – kinostudiya, şirkət və prodüser mərkəzlərinin, kinoteatrlar şəbəkələrinin nümayəndələri iştirak ediblər.
Görüşdə kino sahəsindəki mövcud vəziyyət, o cümlədən son iki ildə görülən işlər və qarşıya çıxan problemlərlə bağlı açıq və səmimi ortamda ətraflı fikir mübadiləsi aparılıb. Nazir bu xüsusda mülahizələrini bölüşüb, görüş iştirakçılarının fikir, təklif və qeydlərini dinləyib.
Görüş iştirakçıları ölkədə kino sənayesinin inkişafı və milli kinematoqrafiyanın təşviqi üçün vacib olan belə bir təsisatın yaradılmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Görüşdə kino sənayesinin istehsal prosesindən filmlərin kütləvi yayımının təşkilinə, bu sahə üzrə normativ bazadan praktik fəaliyyətədək müxtəlif sahələr ilə bağlı bir sıra fikirlər, o cümlədən tənqidi mülahizələr səslənib, bu xüsusda boşluqların olduğu vurğulanıb.
44 günlük Vətən müharibəsini əks etdirən filmlərin çəkilişi, bu yöndə vətənpərvərlik mövzusunda ekran əsərlərinin meydana gəlməsinə dəstək veriləcəyi və şərait yaradılacağı xüsusi qeyd edilib.
Nazir sonda görüş iştirakçılarına və onların simasında ölkəmizdə kino sahəsində çalışan hər kəsə uğurlar arzulayıb.


