İstanbulda Hüseyn Cavidin 140 illik yubileyi keçirildi - FOTOLAR
Noyabrın 25-də İstanbulda mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illik yubileyi ilə əlaqədar simpozium keçirilib.
MANERA.AZ xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşkilatçılığı ilə baş tutan tədbir İstanbul Universitetinin ədəbiyyat fakültəsində təşkil olunub.
Simpoziumun rəsmi açılış mərasimində çıxış edən ölkəmizin İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva Azərbaycanın bir çox sahələrdə olduğu kimi, ədəbiyyatı ilə də dünyada tanındığını qeyd edib. Hüseyn Cavid yaradıcılığı haqqında danışan Baş konsul şairin əsərlərində insan faktorunun, türklük və milliyyətçiliyin əsas yer tutduğunu bildirib.
Baş konsul milli dəyərlərimizin qorunub saxlanılması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində türk şairlərinin daima çiyin-çiyinə hərəkət etdiklərini vurğulayıb.
Tədbir iştirakçılarını salamlayan İstanbul Universitetinin prorektoru, professor İlyas Topsakal bu ali təhsil müəssisəsinin ədəbiyyat fakültəsinin türklük, xüsusilə də Azərbaycanla bağlı saysız tədbirlərə imza atdığını vurğulayıb.
Hüseyn Cavid kimi yazıçıların türk dünyasının birliyi, qardaşlığı uğrunda gördüyü əvəzsiz işlərə toxunan professor yazıçının Vətəni olan Naxçıvanı türk dünyasını birləşdirən bir yol olmaqla yanaşı, həm də bu birlik adına böyük işlər görən dahi şəxsiyyətlər yetişdirdiyini deyib.
Prorektor Hüseyn Cavidin yalnız Türkiyə və Azərbaycanı deyil, bütün türk dünyasını bağlayan ən mötəbər körpülərdən biri olduğunu qeyd edib.
Simpozium məruzələrlə davam etdirilib.
İstanbul Universitetinin ədəbiyyat fakültəsinin dekanı, professor Hayati Develinin moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin direktoru, akademik Rafael Hüseynov, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan və Mərmərə Universitetinin müəllimi Mehdi Gəncəlinin ədəbiyyatımızın görkəmli nümayəndəsinin həyat və yaradıcılığı, ədibin əsərləri və türk dünyası üçün gördüyü əvəzsiz xidmətlərini özündə əks etdirən məruzələri dinlənilib.
Məruzələrdə bəzi insanların həyata hər kəs kimi gəlsələr də, hər kəs kimi getmədikləri, Hüseyn Cavidin də belə şəxsiyyətlərdən biri olduğu qeyd edilib.
Bildirilib ki, üzərindən bir əsrdən çox vaxt keçməsinə baxmayaraq bu gün də Hüseyn Cavidin əsərlərinin oxunması, sevilməsi və şairin öyrənilməsi bunun ən böyük sübutudur. Hüseyn Cavid kimi insanlar üçün dünya gəlirli-gedərli deyil, belə şəxsiyyətlər əbədi yaşayırlar.
Ədibin həyatının bəzi məqamlarına xüsusi toxunulan çıxışlarda şairin İstanbul Universitetində təhsil aldığı illər haqqında danışılıb.
Qeyd edilib ki, Hüseyn Cavidin erməni əsilli hakimin qarşısına çıxarıldıqda İstanbul Universitetində təhsil aldığı müəllimləri ilə bağlı verdiyi tam və dəqiq məlumat onun universitet illərinin öyrənilməsinə işıq tutub.
Sonra Hüseyn Cavidin xatirəsinə həsr edilən qısametrajlı bədii film nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib.
Mərasimdə Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova və azərbaycanlı aktrisa Nigar Bahadırqızı şairin şeirlərini səsləndiriblər.
Sonra Xalq artisti Əlixan Səmədov və Türkiyədə yaşayan həmvətənimiz Elgün Quliyevin ifasında Azərbaycan musiqiləri dinlənilib.