Bu gecə qardaş tapmışıq... | MANERA.AZ
manera.azMirzə Məhəmmədhüseyn
(hekayə)
- Ədə, səni çağırmıram?!
Hüseyn gözlərini açmağa çalışsa da, aça bilmədi. Çağırana cavab verməyə gücü çatmadı və yuxudan ayılmadan o biri böyrü üstə çevrildi.
- Ədə, sənnənəm, dur ayağa!
Bu dəfə səs daha hirsli idi. Artıq neçənci dəfə idi ki, atası onu çağırır, yuxudan oyatmağa çalışırdı. Amma yaz səhərinin şirin yuxusundan ayılmaq asan deyildi. Oyanmağa çalışan Hüseyn nə qədər əlləşsə də, gözlərini aça bilmirdi. Dumanlı şəkildə durmaq lazım olduğunu, onsuz da isti yataqdan qaldırılacağını bilir, lakin göz qapaqlarını açmağa gücü çatmırdı. Yuxu onu altına alır, yuxunun altında əzilsə də, ondan ləzzət duyurdu. Hər dəfə çağırılanda ani olaraq ayılandan sonra onu yenidən basan yuxu daha şirin olurdu. Yuxuda o, artıq durduğunu, mal-qaranı örüşə sürdüyünü görürdü.
- Ədə, sənnən deyiləm? Dur ayağa da! Day səhər açıldı, dur!
Bu dəfə Hüseyn gözlərini güclə yarı aça bilsə də, onlar öz-özünə yumulur, o, başını üstündə saxlaya bilmirdi. Otaq qaranlıq idi. Bir tərəfdə neft çırağının zəif işığı gəlirdi.
Gözləri necə oldu yenidən yumuldu, heç özü də bilmədi. İsti yorğanın altında büzüşərək, ona daha çox bürünməyə çalışdı. Yanaşı açılmış döşəklərdə böyük ailənin uşaqları həmişəki kimi baş-ayaq yatmışdılar. Onlar da səsə oyanıb səhərin soyuq havasından üşüyərək büzüşür, bir-birinə sıxılırdılar. Hərə yorğanı öz üstündə saxlamağa çalışırdı. Aralarında iki yaş fərq olan uşaqların içərisində yaşca böyük Hüseyn idi. On bir-on iki yaşı olardı. Buna görə də ataları mal-qaranı örüşə sürmək üçün onu oyatmaq istəyirdi. Bəzən də atası bir gün Huseyni, bir gün də Muradı oyadırdı.
Kənddə aprel-may aylarında (ot çalını başlayana qədər) sübh tezdən - saat üçdə-dörddə duraraq mal heyvanı örüşə aparır, qoruqların, zəmilərin qırağında hündür nahara qədər otarırdılar. Bu, örü adlanırdı. Sonra heyvanları evə gətirir, sağılandan sonra meşəyə ötürürdülər.
- Ədə, bə mən səni haçandı çağırıram! Dur da, day camaat örüdən qayıdır.
Hüseyn bu dəfə çətinliklə də olsa, gözlərini açdı. Atası onun başı üstündə durub, onu silkələyirdi. Otaq hələ də qaranlıq idi. Hər dəfə çağırılandan sonra gələn yuxular bir neçə dəqiqəlik olsa da, ataları çağırana qədər uşaqlar uzun müddət yatmış kimi dincəlirdilər, çağırıldıqca yuxu daha şirin olurdu.
Atası onun qolundan yapışaraq qaldırdı. Yatağın içində oturan Hüseyn güclə eşidiləcək səslə:
- Yaxşı, dururam. – dedi.
- Dur, bala, dur. Day səhər açılır. – Atası onun artıq ayıldığını görüb, daha sakit səslə danışdı və bunu deyib otaqdan çıxdı.
Hər gün örüyə getmək üçün uşaqları oyadan ataları əvvəlcə “bala, dur malları aç” deyə mülayim səslə onları çağırardı. Ancaq bir dəfə, iki dəfə çağırmaqla uşaqlar yuxudan ayıla bilmir və hər dəfə ataları onların başının üstünə gəlib onları çağıranda daha hirsli olurdu. Və bu yuxudan oyatmaq uzandıqca o, da daha çox hirslənirdi. O vaxtlar yaz yuxusu, xüsusən səhərlər çox şirin olurdu. Sonralar – yaşa dolduqca onlar o şirin yuxulara da həsrət qaldılar və yuxunun o vaxtkı şirinliyini bir daha heç vaxt hiss etmədilər.
- Hələ buna bax , yenə yatıb! Ədə, bə səni oyatmadım? Dur ayağa da! Sən məni çərlətdin, adamı da bu qədər çağırarlar? Mallar mıxlarını yerindən çıxarır. Qalx, tez ol!
Atası yenidən onun qolundan yapışıb qaldırdı:
- Dur, bala, dur qoy yuxun qaçsın.
Yatağın içində oturan Hüseyn gözlərini əlləri ilə ovaraq yuxudan ayılmağa çalışır, o yana bu yana aşır, başını üstündə saxlamağa səy göstərir, uzanmaqdan özünü güclə saxlayırdı. Əsnəyə-əsnəyə:
- Durdum. Get, gəlirəm. – Dedi.
- Dur gedək. – Atası əl çəkmədi.
Yarı yuxulu Hüseyn axşam döşəyin yanına qoyduğu corablarını ayaqlarına keçirdi. Otaq hələ qaranlıq olsa da, pəncərələrdən gələn çox zəif işıqdan havanın artıq işıqlanmağa başladığı hiss olunurdu. Xoruzlar səs-səsə verib banlayırdılar. Erkən duran quşlar mahnılarını oxumağa başlamışdılar. Axşam yatanda çıxarıb yanına qoyduğu pencəyə əlini uzatdı. Onu özünə tərəf çəkmək istədi, amma pencək ağır idi, arasında nəsə var idi.
- Ədə, ona dəymə. – Bu anasının səsi idi.
- Üşüyürəm. Bə nə geyinim?
- Get, başqa bi şey tap, geyin.
Hüseyn narazı halda otaqdan çıxdı. Köhnə bir pencək tapıb geyindi və həyətə düşdü. O vaxt kənd uşaqları palto, gödəkçə nə olduğunu bilmirdilər. Üşüyəndə iki pencək geyinirdilər.
Alaqaranlıq idi. Həyətdə bağlanmış mallar, ayaq üstə duraraq mələşir dartınırdılar. Açılmaq vaxtları keçirdi. Atası heyvanları açdı. Hüseyn onları yol yuxarı sürdü.
Qonşuların inəkləri Xokeyrədə otlayırdı.Hüseynin heyvanları da onlara qoşuldu. O, özü isə pencəyinin yaxasını daha da qaldıraraq, may səhərinin soyuğundan üşüyərək bir kolun böyründə büzüşüb uzandı.Tay-tuşları da yəqin ki, hərəsi bir tərəfdə mürgüləyirdi.
Səs- küyə gözlərini açanda, günəş artıq bir sicim boyu qalxmışdı. Göydə səs-səsə verib oxuyan torağaylar birdən özlərini daş kimi yerə buraxırdılar. Bu vaxt onlara tamaşa etmək adama ləzzət verirdi.
Uşaqlar mal-qaranı kəndə tərəf sürürdülər. Hüseyn də onlara qoşuldu. Heyvanları sürərək həyətə gətirdi. İnəklərin, buzovların, qoyun-quzunun səsləri kəndi başına götürmüşdü.
Hüseyn evə girdi. İnəklər sağılmalı idi. Amma anası hələ də yatağında uzanmışdı. Uşaqlar da yatırdılar. Hüseynin həmişə örüşə geydiyi iri pencək anasının döşəyinin yanında idi. Onun arasından körpə uşaq səsi gəlirdi. Hüseyn təəccüblə pencəyinə tərəf getdi.
Anası:
- Gecə sizin üçün balaca bir qardaş tapmışıq. - dedi.
MANERA.AZ