manera.az
manera.az

"Satılmışlar"- (Hekayə)

"Satılmışlar"-  (Hekayə)
Şəfaqət Mirzəyeva

Şəhərə yenicə qədəm qoymuş qışın soyuğundan qorxmurdu. içində odun dolu balaca köhnə soba olan bir otaqlı mənzildə iki azyaşlı uşağıyla; qızı və oğluyla bir il əvvəl tanış olduğu bu şəhərdə yaşayırdılar. Qonaq kimi, ömür boyu sakin kimi yaşayacaqları hələ məlum deyil... Övladları yatdığı üçün işığı söndürmüşdü. Əvvəlcədən aldığı şamı yandırdı, sobaya yaxın masanın üstündəki dəftər qələmə yaxın qoydu. Soba yalnız otağı isidirdi, şam isə rahat yazmağı üçün işıq salacaqdı. Masanı lap qabağa çəkib əyləşdi. Hardan, necə başlayacağını bilmir, qaranlıqda yatmış balalarına kədərlə baxmağından məlum olurdu ki, yazdıqları onlara aid olacaqdı. Dəftəri açdı, dərindən ah çəkdi. Qələm əlində əsirdi, həyəcanlıydı. Çox fikirləşəndən sonra yazmağa başladı:

“ Övladlarım, sizə baxıram ürəyim qan ağlıyır. Bilmirəm nəyin dərdini çəkim. Atanızın məni atıb getməyindənmi,yoxsa sizi atasız qoymağınanmı yazım? Bəli, atanız məni aldadıb. Məşuqəsi olan varlı bir qadınla yaşayır. Onu hamımızdan üstün tutub. Bugün gedib onu tapmışdım. Danışdığımız kimi gərək bugün yanımızda olaydı. Amma o qadın baxa-baxa məni qapıdan qovdu. Ağlaya – ağlaya qovdu. Bilmirəm bunları sizə niyə yazıram. Eh, həyat çox çətindir, balalarım. Çoxlu insanları olan bu şəhərdə gərək hamı bir-birinə həyan olsun. Bu şəhər atanızla bizi ayırdı. Atanız indi geyimi kimi çox dəyişib. Əslində atanızın günahı yoxdur. İmkansızlıq atanızı itirməyə məni məcbur etdi. Eh, fikirlərim dağınıqdır balalarım. Son günlər yaman tez-tez atanız yadıma düşür.

Bilirsiz, orta məktəbdə oxuyanda müəllimənin bizə verdiyi ev tapşırığını indi-indi qanıram ki, nə deməkdir? Uşaq ağlımıza görə cavab yazmalıydıq. Həyat nədir? Mən məktəbi beşinci sinifə qədər oxumuşam, qızım. Doğulduğum kənddə qızların çoxunu ataları ya məktəbə qoymaz, ya da ki, mənim kimi alayarımçıq oxudardılar. Bir az böyüdük, oğlanların da fikri-zikri bizdə oldu, işimiz tamamdı. Mütləq ərə getməliydik, toyumuz olmalıydı. Atanız isə kəndin ən yaraşıqlı oğlanıydı. Qızların çoxu atanıza vurulmuşdu. Bəzi gəlinlər də ərlərini aldatmağa dünəndən razı idilər. Amma atanız Allahdan qorxan kişi idi, ya da mən elə bilmişəm...
Dərd bu deyil, dərd gözlərimizi açanda hər şeyi geridə qoymağımızı görmək idi.

Məcbur kəndimizdən çıxanda hər şeydən əlimizi üzmüşdük. Ölümdən qaça-qaça ölümü arzulayırdıq. Yadımnan heç çıxmaz ,oğlum, qatarda gözlərini açanda çox qorxmuşdun. Atanı-ərimi əlimdən alan şəhərə ilk dəfə ayaqlarım dəyəndə mən də sənin kimi qorxmuşdum, gözlərimi sənin kimi bərəltmişdim. Heç birimizin yaşamağa həvəsimiz qalmamışdı. Hər şeyə təzədən ,heç nə olmamış kimi başlamaq, zamanla yaddan çıxartmaq, nətər deyim bilmirəm, adama toxunur...”
Qadın yenidən uşaqlarına nəzər saldı. Bacı-qardaş yorğanlarından bərk-bərk yapışmışdılar, sanki özlərini yorğanlarının altında gizlətmək istəyirlərmiş kimi...
Qadın təəccübləndi; -“ nətər yəni? Soba onları isidmir?” öz-özünə deyinməyə başladı. Ona elə gəldi ki, şəhərin özünə qonaq dəvət etdiyi qışın soyuğu sobaya da öz təsirini göstərib - ondan başqa.
Zamanın hansısa bir məqamında vicdanımızın qarşısında bizi məhkum kimi çıxardan səhvimiz və ya səhvlərimiz olanda içimizdən elə alışırıq ki, dünyanı şaxta, boran öz ağuşuna alsa, bizə təsir edən deyil. Yanan ürəyimizin istisi bütün istilik cihazlarını əvəz edir. Qadının səhvini, yoxsa ərinin səhvini deyim bilmirəm, öyrənəndə başlanğıcda çox qınadım. Zamanla isə qınamadım. Nə bilim, yəqin, mənim üçün həyatda ən pis hadisənin müdafiə ediləsi tərəfi var. Nəticədə heç kim müqəddəs deyil!...Bəlkə, ona görə öz aləmimdə qadına vəkillik də etdim. Əvvəlcə qəhrəmanımı sizə tanıtdırmaq istəyirəm...

O, işğal olunmuş rayonların birinin tanınmayan kəndində, heç xəritədə adı da yoxdur( xəritədə olub vaxtından tez silinən o qədər kəndlər var ki...) – ailənin üçüncü qız övladı kimi dünyay göz açmışdı. Orta məktəbi yarımçıq oxumuşdu. On yeddi yaşında onların diliylə desək dədə evindən ər evinə gəlin köçmüşdü. Kənddə qızların tez ərə getməsi ataların fəxridir. Öz sözüdür ki, qat-qat özündən gözəl birisinə qismət olmuşdu. Dediyinə görə qonşu kəndlərin qızlarından gəlininəcən ərinə eşq məktubları gəlirmiş. Əri heç birinə fikir vermirmiş. Onu seçib, onu sevirmiş.

Gözlərini açıb keçən bir-neçə ilə nəzər salanda artıq iki övladları vardı. Üç yaşında oğlu, iki yaşında qızları. Bir müddət xoşbəxt yaşadılar. Düz deyirmişlər,xoşbəxtlik daima olmur. O da insan kimi vaxtı çatanda insandan bezir. Gedəndə isə kədərlə,uğursuz günlərlə yerindəki boşluğu doldurur. Guya tərk edilənə təsəlli verir...
Bir müddətdən sonra gözlərini açanda özünün,ailəsinin ,valideynlərinin ,nəsil-nəcabətinin ,bütöv bir kəndin və daha sonra bizim rayon da içində olmaqla kifayət qədər rayonların və n...qədər kəndlərin sakinləri şəhərdəydilər. Əyinlərində paltar olmasına baxmayaraq öz dillərində özlərini lüt-üryan adlandırırdılar. Həm onlar tərəfindən, həm də onları qarşılayanlar tərəfindən...

Sonra yenə ürəklər yandı, gözlər həlqəsindən çıxacaq qədər ağladı. Canlarını oralarda tapşıran n... qədər ölənləri, n...qədər əsirləri demirəm!...
“ İlk aylarda hər birimizə elə gəlirdi müvəqqəti qonaqlarıq və hər birimiz bir yerə yerləşdirilənə qədər , o yerə öyrəşib doğmalaşana qədər elə bildiklərimiz bizə təsəlli oldu. Vəziyyət çox ağır idi - sübh açılmamış insanların ala-qaranlıqda çörək növbəsinə duracaq qədər...
Bəziləri başlarına gələnləri qiyamətin əlaməti, cəhənnəm zənn edib üsyan, bəziləri də sağ-salamat qaldıqları üçün şükür edirdilər.
Aradan iki il keçdi. Hər kəs yerlərinə alışdıqdan sonra yavaş-yavaş bir-birilərinin evlərinə gediş-gəliş etməyə başladılar. O da xeyir-şər günlərində qohum-əqrabanı bir yerə toplamaq üçün, yadlaşıb itməmək üçün... Halbuki hər kəsin psixologiyası kifayət qədər pozulmuşdu. Hər şeyə sıfırdan başlaya bilməyib daxilən parçalanmış ailələr də yavaş-yavaş üzə çıxırdı. Bunlardan biri də otaqda uşaqlarıyla tək qalan qəhrəmanım idi. Yenə nə isə düşünürdü, nə isə yazmaq üçün...
Birdən əlini saxladı, qeyri-ixtiyarı həyəcan keçirməyə başladı. Sobaya övladlarından da yaxındır,lakin üşüdüyünü hiss etdi. Çöldə maşının saxladığını eşidəndə pəncərədən baxmaq üçün ayağa qalxmaq istədi dayandı. Düşünürdü, hər şey onun istədiklərinin əksi ola bilər; yenidən məyus, pərt olmaq istəmirdi. Qapı ağzından ayaq səslərini eşidəndə bədəninin titrədiyini hiss etdi. Qapı açarla iki dəfə açılanda isə gözləri doldu, əlləriylə üzünü bağladı, elə bil gələn qonaqdan utanırdı. Bir kişi otağa daxil oldu və işıqları yandırdı. Gözlərinin qızarmağından əvvəlcə ağladığı aydın idi. Yerdə yatan uşaqlara baxa-baxa onlara elə yaxınlaşırdı ki, təki balacalar soyunmağı unutduğu ayaqqablarının səsinə oyanmasınlar. Dizlərini yerə qoydu, hərəsinin başına ehmalca sığal çəkdi. Gözləmədiyi halda qadın ərinin sakit hönkürtüylə ağladığını eşidəndə əllərini üzündən götürdü. O da ağlayırdı. Ayağa qalxdı,əriylə bağlı xatirələrini xatırlaya-xatırlaya ona yaxınlaşdı, sərt qarşılıq verməsindən qorxsa da yaxınlaşdı. Kişi başını qaldırıb hər şeyini itirmiş adamlar kimi yazıq baxışlarla baxdı. Sonra ağır-ağır ayağa qalxdı. Ağlamağa,qucaqlaşmağa həsrət adamlar kimi bir-birilərini qucaqlayıb ağlaşdılar.
***
Məskənin tanımadığın başqa bir məskənlə əvəz olunanda öyrəşənə qədər özünü səfillər kimi hiss edirsən. Avaralar kimi gününü bir-birinin ardınca boş-bekar yola verdiyini düşünürsən. Tədricən özünə inamın itəndə isə doğmalarının səndən soyumağından şübhələnirsən. Baxmayaraq ki, sən onların yaxşılıqlarını həmişə istəmisən. Keçmişini,gələcəyini danışmaq üçün ən yaxın insanı axtarırsan. Gələcəkdə necə olmaq istədiyini, keçmişdə kimlərə görə kimlərin qarşısında nələr,nələr etdiyini , necə pis vəziyyətdə qaldığını izah etmək üçün...Qarşındakını yorana qədər... səni səbrlə dinləyəndə isə danışdıqlarının ona zövq verdiyini düşünəcək qədər danışmaq istəyirsən. Onlara unuda bilməyəcəkləri, ömür boyu xatırladacaq “sənin” həmişə arzusunda olmusan. Beləliklə,özün də bilmədən qurban rolunu oynayırsan. Həqiqətdə isə hər kəs öz işini görür. Köhnə çarpayıda yan-yana uzanmış, əslində bir-birilərinə yadlaşan ər-arvad kimi... İkisi də gözlərini qarşılarındakı lüt divara zilləmişdilər. Qadının gözləri dolmuşdu. əri ona baxmasa da görmüş kimiydi. Ikisi də danışmaq istəyirdi, insan kimi isti söhbətə ikisinin də ehtiyacı vardı. Lakin çıxılmaz vəziyyət onlarda nə həvəs qoymuşdu, nə də güc... Qadın yerindən qalxıb oturdu. Yoldaşı eşitsin deyə “off” etdi. Susmaqdan yorulan ər də onun kimi çarpayıda oturdu. Susmaqla heç nəyin həll olunmayacağını o da dərk edirdi. Sükutu özü pozmalı oldu:
- Hər şey balalarıma görədir.
Qadın yerlərini sobaya yaxın saldığı döşəkcələrdə yorğana bərk-bərk bürünən onlardan fərqli olaraq rahat yatan övladlarına baxdı. Məyus görkəmindən ərinin dediklərini təsdiqlədiyi məlum idi;
- Hər şey balalarımıza görədir.
- Sən özün birinci istədin.
- Birdən qayıtmadın?
- Mən uşaqlara görə edirəm hər şeyi. Vaxtı çatanda qayıdacam.
Qadın bu dəfə ərini birdəfəlik itirmək qorxusunun həyəcanını keçirdi. Üzü də qaralmışdı, qaranlıq olsa da əri onun simasını başqa gözlə görürdü. Qadın ürəyindən səsini başına atmaq ,çığırmaq, qonşularını da yuxudan dəli kimi oyatmaq üçün qışqırmaq keçdi. Susdu, burda da övladları üçün susdu. Onları şirin yuxudan oyatmaq olmazdı. Yorğanı bir tərəfdən dişləriylə, bir tərəfdən də əlləriylə sıxıb sakit hıçqırtılarla ağlamaqla guya özünü sakitləşdirirdi. Kişinin də gözləri dolmuşdu. Arvadının başını sinəsinə söykədi, pıçıltıyla qulağına;
- Daha gecdir. Özün o qadınla danışdın. Özün məni bu işə vadar etdin. Uşaqları fikirləş..

Qadın iki dişi arasında sıxdığı yorğandan da əlini üzdü, sakit üsyanına son qoydu. Başını qaldırıb ərinin gözlərinə baxanda ona elə gəldi ki, uğursuz gələcəklərini görür, ərinin gedəcəyi yolları qayıtmaq üçün bağlandığını görür:
- Qayıdan deyilsən. O qadın səni mənə qaytaran deyil. Bilirəm qayıdan deyilsən.

Qadın bu sözləri təkrarladıqca ərini özünə bərk-bərk sıxırdı,səhərin açılmasını istəmirdi. Kişi isə bircə şeyi dərk etmişdi; - qadınlar onun ətrafında pərvanə olsalar da o onların heç birini tanıya bilməmişdi və yalnız hadisələrin qarşısında aciz qalmışdı. Bütün bunlara arvadıyla birgə övladları üçün dözürdü. Onların əlində səbəb vardı- övladlar. Övladlar isə bəhanə ola bilməzdi.
***
Səhər açıldı. Balacalar isə yuxudan doymamışdılar. Heç onların oyanmağını valideyinləri də istəmirdilər. Ana evdə yoxuydu. Ata birinci oğluna baxandan sonra onun başından öpdü. Sonra qızının iki hörülmüş saçına sığal çəkib əlindən öpdü. Ev adlandırdığı idarənin otağına da son dəfə nəzər salandan sonra qapıdan çıxdı, həyətə ağır addımlarla həvəssiz düşdü. Sevmədikləri qonağın- yad qadının arvadının ovcuna pul sıxdığını,arvadının isə sıxıldığını gördü. Özünü onları görməmiş kimi apardı. Maşına minmək üçün ikisinin də yanından saymazyana keçdi. Bunu görən yad qadın arvadıyla yanaq-yanağa görüşdü ,ən böyük mükafatın qalibi kimi başıdik o da maşına tərəf addımladı, kişinin yanında - arxa oturacaqda oyunu udan qaliblər kimi əyləşdi...
***
ər-arvadın qucaqlaşmağı uzun çəkmədi. Ikisi də qapının ağzında kiminsə olduğunu hiss edib aralaşdılar. Aralarında məsafə yaratdılar. Qadın qapıdan otağa keçməyi özünə rəva bilməyən, bahalı kürklə qışın soyuğundan isinən qadını- ərini ondan, övladlarından qoparan o yad qadını gördü. Kişi də qapıya tərəf baxdı. Yad qadın qəzəbli gözləriylə ona getmək vaxtı olduğunu söyləyirdi. Gördüyü səhnə onu sonradan kişini sorğu-suala çəkəcək qədər qısqandırmışdı. Kişi cibindən pullar çıxartdı. Övladlarının anasının gözlərinə sonuncu dəfə baxırmış kimi baxdı və ovcuna sıxdı. Sonra sonuncu dəfə əyilib yenidən övladlarının başlarını qoxlayıb öpdü. Qarşısındakı qadına baxmadan qapının ağzında onu gözləyən qadına tərəf getdi. Qapını örtəndə gözləri yenidən yaşardı. Övladlarının başında qalan qadın isə hıçqıra-hıçqıra masaya yaxınlaşdı, hirsini uşaqları üçün yazdığı vərəqdən çıxdı. Vərəqi əzib hikkəylə sobanın içinə tulladı. Bu dəfə uşaqlarının vaxtsız oyanmağını vecinə də almadı. Bacardığı qədər hönkürtüylə ağladı. Özü də bilmədən satdığı,itirdiyi kişi onu çox yandırmışdı. ikisi də satılmışdılar. Bir səbəb vardı- övladları üçün... Ona görə də torpağın altınacan susmağa məhkumdular... Övladlar isə bəhanə ola bilməzdi!...
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031