Niyə hər şey Yerə düşür?.. - UŞAQ NAĞILLARI | MANERA.AZ
“Deməyin uşaq yazarı yoxdur!” layihəsi sizə
Reyhan Yusifqızını təqdim edir:
Reyhan Yusifqızı (Şıxlinskaya) (1965), yazıçı və riyaziyyatçı, f.-r.e.n, BDU-nun dossenti, Kompüter Bilikləri üzrə mütəxəssis, Zadə Assosiasiyasının üzvüdür.
1995-ci ildən bədii yaradıcılıqla məşguldur. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Əsasən, uşaq yazıçısı, yazıçı-fantast kimi tanınır. 40-dan çox nağıl, hekayə və povesti qəzet və jurnallarda və ya ayrıca kitab şəklində çap edilib.
Elmi-fantastikia janrından olan ”Yaşıl gözlü qız” povesti 2009-cu ildə Türkiyədə “Şəhərimi oxuyuram” beynəlxalq müsabiqədə üçüncü ödül qazanıb və türk dilində nəşr olunub.
Elmi-fantastikia seriyasından ikinci kitab: “Zamanın əsirləri” 2014-cü ildə oxuculara təqdim olunub.
Hazırda elmi-kütləvi ədəbiyyat sahəsində yeni layihə üzərində işləyir.
Onun uşaqlar üçün yazdığı nağıllarını oxuculara təqdim edirik:
Niyə hər şey Yerə düşür
Bir gün Ayı balası Babu ağacın budağı üstündə oturub iştahla armud yeyirdi. Yaxınlıqdakı hündür ağacın başında özünü günə verən Məstan Pişik ona baxıb gülümsəyirdi. Ayıcıq Məstanı bu dadlı meyvəyə qonaq eləmək istədi. Qəşəng armudlardan birini dərib ona atdı.
Armud əvvəlcə yuxarı – Məstana tərəf uçdu, sonra isə havada dövrə vurub aşağı düşdü və ağacın altından keçən Kirpinin tikanlarına sancıldı. Kirpi “Çox sag ol!” deyib Ayı balasına təşəkkür elədi və sevinə-sevinə getdi.
Babu məəttəl qaldı. O, armudu Məstana atmışdı. Necə oldu ki, Kirpiyə çatdı?
Babunun atdığı ikinci armud isə yaxınlıqdan keçən Dovşanın başına düşdü. “Ay!” –deyə Dovşan tir-tir əsib qışqırdı. “Sənə neyləmişəm ki, məni vurursan?!”
Babu çox pərt oldu. “Bağışla” –deyə Dovşandan üzr istədi.
Məstan məsələni Ayı balasına başa saldı: “Yuxarı atılan hər bir şey qayıdıb Yerə düşür, çünki Yer hər şeyi özünə çəkir. Bir bax!” O, palıd qozasını ayağı ilə vurub top kimi göyə qaldırdı. Palıd qozası əvvəl göyə qalxsa da, sonra dayandı və qayıdıb yerə, otların arasına düşdü. “Gördün?”
Babu sevindi: “Demək belə! Budaqdan qopan yarpaq da, əlimdən saldığım armud da, göyə atılan palıd qozası da qayıdıb Yerə düşür! Mən başa düşdüm! Ay can, ay can!” Bu zaman onun ayağı sürüşdü və Ayıcıq kəlləsiüstə yerə gəldi. O xəzəlin arasından başını çıxarıb donquldandı: “Yer hər şeyi özünə çəkir. Mən də ağacdan yıxılanda Yerə düşürəm...”
Kompüterin kələyi
Toğrul məktəbdən gələn kimi çantasını bir tərəfə atıb kompüterini yandırdı. Həvəslə oyun oynamağa başladı.
Saatlar keçdi, Toğrul isə kompüterdən əl çəkmədi. O hərdən əllərini bir-birinə vurub bərkdən gülür, hərdən qışqırırdı.
Birdən Toğrul acıqlı bir səs eşitdi.: “Bəsdir daha! Bu qədər oynamaq olar?! Mən artıq yorulmuşam!” Toğrul qorxdu. Qaçıb divanın arxasında gizləndi.
- Kimdir o?!
- Tanımadın? Mənəm, sənin Kompüterin!
Toğrulun gözləri böyüdü. Doğrudan da, Kompüter əllərinui belinə qoyub hirsli-hirsli ona baxırdı...
Toğrul qorxa-qorxa soruşdu:
- Bu necə olur? Axı kompüterlər danışa bilmirlər.
- Bəli, elədir. Amma mən daha dözə bilmədim! Bu qədər oyun oynamaq olar? Bəs sən dərslərini nə vaxt oxuyacaqsan?
Dərs kitabları çantadan çıxıb yazı masasının üstünə düzüldülər:
- O bizi oxumaq istəmir!
Qapı açıldı. Toğrulun anası içəri girdi. Ona boşqabda meyvə gətirmişdi. Toğrul anasının yanına qaçıb kompüteri və kitabları göstərdi, kəkələyə-kəkələyə dedi:
- B-bax, ana, b-bunlara bax!
Amma anası təəccüblü heç nə görmədi. Kompüter səssizcə öz yerində durmuşdu, ekranı da sönmüşdü. Kitablar da stolun üstündə qalaqlanmışdı.
- Afərin oğlum! Kompüteri söndürmüsən ki, dərslərini oxuyasan. Bax,
həmişə belə ol!
Toğrul gözlərinə inanmadı. Yaxınlaşıb kompüterə və kitablara bir də baxdı. Sonra ayaqlarını sürüyə-sürüyə dərslərini oxumağa getdi.
Rəşadın sərgüzəşti
Zəng vuruldu. Məktəbin qapıları taybatay açıldı. Birincilər səs-küylə, bir-birini itələyə-itələyə qapıdan çıxmağa başladılar. Həyətdə gəzişən valideynlər uşaqlarını qarşılamaq üçün qapıya yönəldilər. Bir əlilə çantasını qucaqlamış Rəşad papağını düzəldərək uşaqlardan aralanıb ətrafa boylandı, lakin anasını görmədi. Arxadan gələnlər onu itələyərək qapıdan xeyli araladılar. Rəşad diqqətlə ora-bura baxır, tanış sifət, tanış üz axtarırdı. Onunla bir partada oturan Fəridin anasını görüb onlara yaxınlaşdı.
Rəşad, xoş gördük. Necəsən?
Rəşad mızıldandı.
Anan gəlib çıxmayıb?
Yox!
Bir az gözlə. Harada olsa indi gələr.
Anasının əlindən tutaraq ondan uzaqlaşan Fərid arxaya çevrilib qışqırdı:
Ananı tapmasan bizə gələrsən!
Rəşad onların evini tanımadığını demək istədi, lakin dillənmədi.
Yarım saat keçdi. Hamı dağılışmış, məktəbin həyəti boşalmışdı. Rəşad divarın dibində yerə çömələrək, çənəsini əlinə söykəyib fikirli halda yola baxırdı. Ondan bir az aralıda stol qoyub bulka satan oğlan hərdənbir onu süzür, fitlə tanış melodiya çalırdı. İsti bulkaların iyi Rəşadı qıcıqlandırıb onun aclığını bir az da artırırdı. «Bəlkə anam evdədir. Bəlkə xəstələnib, ya da ki, işi çoxdur, mən yaddan çıxmışam». Rəşad çantasını götürüb evlərinə tərəf yollandı. O, ətrafa baxmadan sürətlə gedir, öz-özünə təkrar edirdi: «Anam yəqin evdədir».
Sürücü ayağını əyləcə basdı. Təkərləri asfaltın üstü ilə sürünüb iz qoyan avtomobil Rəşadın düz qarşısındı dayandı. Sürücü hirsli- hirsli pəncərədən başını çıxarıb qışqırdı:
Ay uşaq, geri dur! Adam yola baxmaz?!
Rəşad qaça-qaça yolu keçib tez səkiyə qalxdı. Ürəyi bərk-bərk
döyünürdü. Nə vaxt gəlib maşın yoluna çıxmışdı? Diqqətsiz olduğu üçün özünü danladı. Yolun qalanını da qaça-qaça gedərək birbaşa üçüncü mərtəbəyə - evlərinə qalxdı. Qapılarını bərk-bərk döydü. Amma evdə heç kim yox idi. Suyu süzülmüş halda pillələri düşüb həyətə çıxdı.
Balaca bir qız anasının əlindən bərk yapışaraq kuçədən keçirdi. O biri əlində tutduğu iri gəlinciyi bağrına basmışdı. Qızcığaz nə üçünsə Rəşada acıq verərək ona dil çıxartdı. Rəşad köksünü ötürüb, həyətin o başındakı meydançaya tərəf addımladı. Bir neçə balaca uşaq küncdə yerə çömələrək nəyəsə baxır, gülüşürdülər. Rəşad onların yanına getdi. Uşaqlar balaca bir pişik balasını dövrəyə almışdılar. Onu əzizləyir, sığallayırdılar. Uşaqlardan yalnız biri pişiyə əl vurmağa qorxurdu.
Anam deyir ki, pişiyə toxunmaq olmaz, xəstəlikdir.
Əlimizi yuyacağıq da!
Nə qəşəngdir!
Buna baxın, başından basanda quyruğunu qaldırır.
Uşaqlar bəhsə duraraq pişiyin başından basmağa başladılar. Özünü hamıdan qoçaq sayan oğlan isə onun quyruğundan tutub yuxarı dartdı. Pişik çabalayır, yazıq səslə miyoldayırdı. Rəşad uşaqların başının üstündən əyilib onu ortadan götürdü.
Pişiyimizi ver!
Yazıqdır.
Sənin pişiyindir?!
Hə, mənimdir.
Uşaqlar tərəddüdlə bir-birinə baxdılar. Acığa düşüb Rəşada daş,
kəsək atmağa başladılar. Rəşad onlardan uzaqlaşandan sonra heyvanı hasarın arasından bağçanın həyətinə buraxdı. Dayanıb bir xeyli onun yıxıla-yıxıla necə qaçdığına baxdı. Birdən onun gözü küncdə yerə düşmüş əzik pula sataşdı. Yerdən götürüb hamarladı. «Bir manatdır.Buna iki bulka almaq olar». Rəşad çantasını çiyninə aşırıb qaça-qaça məktəbə tərəf getdi. Bu dəfə maşın yolunu diqqətlə keçdi. Bulka satan oğlanın qarşısında dayanıb pulu şəstlə ona uzatdı. Oğlan tələsmədən manatlığı alıb cibinə qoydu. Ora-bura baxandan sonra süfrənin altından bir bulka çıxarıb Rəşada uzatdı. Rəşad bulkanı dişləyərək dayanıb gözləməyə başladı.
Niyə getmirsən?
Pulun qalığını gözləyirəm.
Nə qalıq? Pulu verdin, bulkanı aldın. Di get də!
Bir manata iki bulka düşür. Ya da qalıq…
Bulka elə bir manatdır! Zəhləmi tökmə!
Rəşad hirsləndi. Bu həyasız oğlanın ədalətsizliyi, haqsızlığı qarşısında aciz qalması onu yandırıb tökdü. Oğlanın pencəyinin ətəyindən tutub silkələdi.
Pulumu qaytar!
Oğlan onu itələdi. Rəşad müvazinətini itirib arxası üstə yerə dəydi. Bulkası əlindən çıxıb yerə düşdü. Uşaq hirsindən ağladı.
Çantasını çiynindən aşırmış, qara saçları gözlərinin üstünə düşən hündür bir oğlan məktəbə tərəf addımlayır və gözucu onlara baxırdı. O, uşağın yıxılmasına biganə qala bilməyib yaxınlaşdı, Rəşadın qolundan tutub qaldırdı:
Nə olub, nəyi bölüşdürə bilməmisiz?
Rəşad bulkasatanı göstərib hadisəni danışdı. Oğlan hədələyici görkəm aldı:
Uşağın pulunu niyə qaytarmırsan?
Qaqaş, o mənə manatlıq yox, 50 qəpiklik verib. Budur, bura
qoymuşam.
Yox, manatlıq idi!
Yox, 50 qəpiklikdi!
Oğlan Rəşadı kənara çəkdi. Əyilib yavaşca soruşdu:
Bəlkə 50 qəpiklik imiş, səhv salırsan?
Yox! Mən balaca deyiləm!
Oğlan cibindən pul çıxarıb bir bulka aldı və Rəşada verdi. Onun
acgözlüklə yeməsinə baxıb gülümsündü:
Bu vaxta kimi niyə məktəbdə qalmısan?
Anam dalımca gəlməli idi, gəlməyib.
Oğlan əvvəl saatına, sonra məktəbin qapısına tərəf baxdı.
Yaxşı , gedək səni evinizə aparım.
Onlar bir xeyli dinməzcə getdilər. Rəşad altdan yuxarı oğlanı süzürdü:
Sənin adın nədir?
Fuad.
Mənimki Rəşad.
Oğlan dayanıb əlini qabağa uzatdı:
Neylək, tanışlığımıza çox şadam.
Rəşad qürrələnib əlini onun əlinə çırparaq, özündən razı halda
gülümsədi. Onlar göy rəngli binaya yaxınlaşdılar.
Orada, üçüncü mərtəbədə oluruq. Amma evdə heç kim yoxdur.
Bura bax, balaca, sənin ucbatından onsuz da dərsə gecikmişəm.
Pillələri çıx, anan evdə olmasa, qapının dalında otur, gözlə. Heç yerə çıxıb getmə ha!
Rəşad pillələri birnəfəsə qalxıb, qapılırını bərk-bərk yumrüqladı. Nəhayət, yoruldu və çantasını altına qoyub qapının dalında oturdu.
… Qonaq otağında başdan-başa stol açılmışdı. Cürbəcür ləziz yeməklər yanbayan düzülmüş, baş tərəfdə isə iri bir tort qoyulmuşdu. Qonaqlar hamısı Rəşadı ad günü münasibəti ilə təbrik edir, ona hədiyyələr verirdilər. Rəşad kefi kök halda əlini torta uzatdı və birdən gözlənilmədən tort iki yerə bölündü: ortadan bulka satan oğlan çıxdı. O, stolun üstündəki yeməkləri qamarlayıb özünə tərəf çəkir, torbaya doldururdu. Rəşad: «Ana! Ana!», deyə qışqırdı. O, gözlərini açanda anasını başının üstündə gördü.
Can! Mənim balam! Yaxşı ki, səni burada tapdım, yoxsa, ürəyim
partlayardı!
Rəşad anasını bərk-bərk qucaqladı. Sanki bunun da yuxu olacağından qorxurdu. Anasının həyəcanlı səslə kiməsə danışdıqlarını ara-sıra eşidirdi: «Dəmir qapının kilidi necə sındısa, idarədən dörd nəfər işçi içəridə qaldıq…». Rəşad anasını nə qədər çox sevdiyini, bundan sonra həmişə onun sözünə baxacağını söyləmək istəyirdi, amma gözləri yumuldu. Elə anasının qucağındaca onu yuxu apardı…
Layihə rəhbəri: ƏFSANƏ ƏLİYEVA
MANERA.AZ