Yoxluğuna alışa bilmirik, ATA!... - MANERA.AZ
Sahilə Rafiq qızı İbrahimova
Altı aydır artıq bizi tərk etdiyin...
Altı aydır artıq bizi tərk etdiyin... Mən sənin haqqında ‘öldü’ ifadəsini heç zaman qəbul edə bilmədim, canım atam!!! Ona görə də ‘tərk etdi’ ifadəsini deyirəm. ‘Ölüm’ sözü sənə heç yaraşmadı, ata! Həm də axı sən ölməmisən. Mənim ürəyimdə yaşayırsan. Düz 6 ay öncə... 17 iyun... hər zaman ürəyimdə yara olacaq o məşum tarix... Həmin gün səhərə yaxın gözlərim önündə canlanır. Daha da çətini ondan dörd gün əvvəl 12 iyun səni əməliyyata yola saldığımız səhər... Gülə-gülə, əl edərək getmişdin. Çox ümidli idim, çox dua ediridim. Allah həmişə mənim dualarımı qəbul etmiş, nə istəmişdim vermişdi. Bu dəfə ancaq səni istəyirdim, ata! Bəlkə də səhv dua etmişəm, bəlkə də yetərincə dua etməmişəm, bəlkə də hardasa səhvim var imiş, bəlkə də qismət belə imiş... Məni bağışla, ata! Sənə kömək edə bilmədim.
Çox darıxıram sənsiz, ata! 6 ay keçdi... Sənsizlik çox çətindi. Səsini eşitməmək, səni görməmək, iyini hiss etməmək, darıxdığında yalnız şəkillərə baxaraq keçmiş günləri xatırlayıb, səni bu cür yaşamaq çox çətin imiş, ata!
Getməyinlə, hər şeyi dəyişdin. Evimiz dəyişdi, həyatımız dəyişdi. Hər şey bir anın içində dağıldı sanki. Amma... Amma bir şey dəyişmədi. Sənə olan SEVGIMIZ. Sənin yoxluğuna alışa bilmədik ki, sevgimiz də dəyişsin. Həyatının sevincini itirmək nə qədər acıymış ki, ay ata! Bu acını yaşadım sənin yoxluğunla. Həyatda ən qorxduğum şey səni itirmək idi, ilk səni itirdim. Yoxluğuna görə o qədər təsəllilər, oxşar hekayələr eşidirəm ki, saysız-hesabsız. Amma heç bir təsəlli, heç bir söz ovundurmadı məni. Sənin yoxluğunu heç cür qəbul edə bilmədim.
Mənimlə bağlı o qədər arzuların var idi... Hamısı bir anda puç oldu, sənin faciəli gedişinlə, mən hər şeyimi itirdim. Bilmirəm buna qismət deyim, Allah sınağı deyim...
Qismət idisə nədən belə qismət? Bu suallara cavab tapa bilmirəm. 4 gün xəstəxanada keçirdiyin anlarda necə kömək istəmisən?! Hansı sözlər ürəyində qalıb?! Canın ağrımışmı?! O an nə demək istəmisən?! Sualları məni rahat buraxmadığı kimi, Allahın niyə belə tale yazdığı sualı rahat vermir mənə. Ana və oğul… 2 gün… Arxa-arxaya bitən dünyalar… Bildiyim tək doğru, sənin ürəyimdə əbədi olaraq yaşayacaqsan. Ta ki, əbədiyyətə qovuşana, sənin yanına gələnədək. Haqq dünyasında sənə qovuşacağam, canım atam. Ən böyük təsəllim bundadır, inan!
Ağlamadım... Sən getdiyindən bəri. Çünki, güclü olmağı öyrətdin mənə. Axı özün deyirdin birdən başıma bir iş gəlsə ağlamayın deyə. Icazə ver heç kimsənin olmadığı, heç kimsənin məni eşitmədiyi, görmədiyi bir yerdə ağlayım, çox doluyam, ata! Hər dəfə adın ağlıma gəldiyində, sonuncu dəfə çəkdirdiyimiz şəkli görəndə içim yanır, ata! Hər gecə yatanda yalvarıram yuxuma gələsən deyə. Sənə söz verirəm ki, mənə dair olan bütün arzularını həyata keçirəcəyəm. Mən inanıram... Sən məni görürsən və arzularının həyata keçdiyini gördükcə sevinəcəksən. Təkcə sənin dualarına ehtiyacım var, ata! Heç kim və heç nə sənin yerini doldurmur.
17 dekabr... səni itirdirdiyimdən 6 ay keçir. 5 gün sonra doğum günümdü, ata! Həmişə birinci 22 dekabr səhəri sən zəng edib təbrik edərin. Indi yenə sənin zəngini gözləyəcəm.
Bəzən deyirlər ki, ata sənin nəyinə lazım? Böyük qızsan… Axı mən sənin balaca qızınam. Sən mənə hər yaşda lazımsan. Bəzən yanımda atalarından danışırlar. Axşam atama mən dedimki… Atam mənimlə zarafat elədi… Atamla getdik bazarlıq etdik… və s. və s. səninlə keçirdiyimiz günlər yadıma düşür. Çox darıxıram sənsiz.
Mənə ən çox təsir edən sənə qulluq edə bilməməyimdi.Həmişə corablarını geyindirmək istəyəndə deyirdin qocalanda geyindirərsən. Niyə qocalmadın, ay ata?! Həmişə ayrı-ayrı şəhərlərdə yaşadıq, ancaq telefonla danışırdıq…Bayramlarda görüşürdük…Mən səndən doymadım, ata!
Bir zamanın tez keçməsini o qədər arzulayıram ki. Çünki ömrümdən gedən hər il, hər ay, hər gün, hər saat, hər dəqiqə məni sənə yaxınlaşdırır. Mən bilmirəm nə zaman sənə çatacam. Amma bir gün qovuşacam sənə, ata!
‘Elə kişinin qızı ağlamaz’, ‘Kaş mən öləndən sonra qızım mənə görə getdiyi yerlərdə belə qarşılansın’, ‘Atanın etdiyi yaxşılıqlar həmişə sənin köməyin olacaq, qızım!’ və s... və s... belə sözlər sənin qızın olduğum üçün məni qururlandırır, ata!
O qədər xatirələr qoymusan ki, canım atam... Onları belə kiçik həcmli yazıya sığışdırmaq mümkünsüzdür. Sadəcə sənə, sənin ruhuna üzr borcum var. ‘Ata! Sənə bir şey olsa ölərəm’ deyirdim. Amma mən sənsiz ölmədim, yaşayıram. Bağışla məni, ata!
P.S. Bütün övladlara səslənirəm. Valideynlərinizi qoruyun! Onlar əvəvzolunmaz varlıqdırlar. Daha sonra çox gec olur.