Gülhüseyn Kazımlının yeni kitabı nəşrə hazırlanır

Muğam irsimizin tədqiqatçısı Gülhüseyn Kazımlının yeni kitabı nəşrə hazırlanır.
MANERA.AZ xəbər verir ki, tədqiqatçı-alimin “Salam, Məşədi” adlı kitabı Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri Məşədi Məmməd Fərzəliyevə həsr olunub.
Kitabda Beynəlxalq Muğam Mərkəzində büstü ucaldılmış 30 ən qüdrətli xanəndədən biri, Avropaya 6 aylıq qastrol səfərinə çıxmış ilk azərbaycanlı xanəndənin sənət yolu barədə maraqlı faktlar və məlumatlar toplanıb.
Həmçinin professor Murad Hüseynov, araşdırmaçı jurnalistlər Dilqəm Əhməd və Hafiz Əhmədov tərəfindən görkəmli ifaçının Türkiyədəki irsinə aid aşkar edilmiş ən yeni arxiv sənədlərinə də xüsusi bölmə ayrılıb.
Tədqiqatçı-alimin qələmə aldığı kitabda xanəndəni “Şərq konsert”lərində, teatr tamaşalarında çıxış etməsi, Gəncədə açılan şəhər musiqi məktəbində muğamatdan dərs dediyi, muğam üçlüyünün müşayiəti ilə Rusiyanın bir çox şəhərlərində, habelə Polşa, Almaniya, Fransa, Belçika, İngiltərə, Avstriya, Rumıniya, Türkiyə və İranda verdiyi konsertlər barədə də söhbət açılır, onun xalq musiqisinə bağlı ömür yolu barədə ətraflı məlumat verilir.