manera.az
manera.az

Alnımız talenin əkin yeridi - Yeni şeirlər

Alnımız talenin əkin yeridi - Yeni şeirlər
MANERA.AZ şair Ramiz Orsərin yeni şeirlərini təqdim edir:

Əkin, biçin yeri

Nə əkib, bilmirəm, əkəni məlum,
Alnımız talenin əkin yeridi.
Yaxşının sədası qeyibdən gələr,
Ömür-gün qismətin biçin yeridi.

Demə bu təzədi, bu da ki köhnə,
Lap çoxdan görmüsən,guya tanışdı.
Dünyada əbədi olan nə var ki?!
Hər təzə gördüyün bir aldanışdı.

Əməl də böyüyər, istək də elə,
Böyüyər səninlə oyun,oyuncaq.
Hər şeyin təzəsi tapılar, dostum,
Vətənin təzəsi tapılmaz ancaq.

Görünməz tünlükdə kasıbın boyu,
Ümiddən o yana yolu yox onun.
Sağ əlin sol ələ ehtiyacı var,
Bu qoca dünyadan muğayət olun.

Uçardı göylərdə arzun, xəyalın,
İndi yağışla da ələ gəlirsən.
Bir nağıl başlayıb nəvələrinə
Yuxunun dilini özün bilirsən.

Nə əkib, bilmirəm, əkəni məlum,
Alnımız talenin əkin yeridi.
Əcəlin zəng səsi yaxından gəlir,
Ömür-gün qəhərin biçin yeridi.

Gəlmədi

İlk dəfə həsrətə söz deyəcəkdim,
Hər nə deyəcəkdim, düz deyəcəkdim.
Əlini yaxamdan üz, deyəcəkdim,
Kövrəldi ayrılıq, dilim gəlmədi.

Gözlər görüş yeri, şirin söz yeri,
Gözünün üzümdə qalıb köz yeri,
Yandırır üzümü bumbuz göz yeri,
İstədim su vurum, əlim gəlmədi.

Əsdi dil-dodağım, ciyərim bişdi,
Həsrətlə hicranım əl-əl görüşdü,
Xəbəri dağlara, daşlara düşdü,
Hayımı huylayıb, elim gəlmədi.

Sevgilər zalımmış, bəs bunca niyə?
Bu sınıq könlümə çıxmayır yiyə.
Sürünən kölgələr azalsın deyə
Ölümü çağırdım, ölüm gəlmədi.

Son dəfə həsrətə söz deyəcəkdim,
Hər nə deyəcəkdim, düz deyəcəkdim,
Mən dözürəm, sən də döz, deyəcəkdim,
Ayrılıq hönkürdü, dilim gəlmədi.

Hər şeydən qaçarsan, bəxtdən savayı

Gözlərin arxanda bitib qalınca,
Həsrətin sinəndə çiçək açacaq.
Min dəfə özünü oda vursan da,
Dünyanın ləzzəti, həzzi qaçacaq.

Ləzzət də, həzz də-bunlar nədir ki?!
Kəpənək ümidin sənsiz uçacaq.
Əllərin görüşdən, dilin duadan,
Düşüb ayağından yer də qaçacaq.

Sən də qaçacaqsan həm özgələrdən,
Qatlayıb dizini həm də özündən.
Vaxtsız çiçəkləyən bir qara bulud
Qonar göy üzünə sənin üzündən.

Bilirəm, yarımcan yaşamaq çətin,
O biri yarından təklik söz açar.
Ütülmüş qanadın sürünər yerlə,
Topal ayaqların göylərdə uçar.

İldən də qaçarsan,gündən də elə,
Lap dilə tutarsan həftəni,ayı.
Yuxunun içindən qıy da vurarsan,
Hər şeydən qaçarsan,bəxtdən savayı.

Gözlərin arxanda bitib qalınca,
Həsrətin sinəndə çiçək açacaq.
Min dəfə özünü suya vursan da,
Dünyanın sevinci səndən qaçacaq.

Bir dodaq təbəssüm

Sən payız eşqili,mən yaz havalı,
İçimin oduyla gəlirəm sənə.
Bu nadinc könlümü ovutmaq üçün
Bir dodaq təbəssüm bəs edər mənə.

Sevincin əlini qoy da çiynimə,
Boy verək günəşə baxıb göz-gözə.
Quşlar nəğməsində dua eləyər,
Bədnəzərin gözü dəyməsin bizə.

Gecələr yuxucul,yuxusu şirin,
Ay da gah görünər, gah da ki batar.
Mənim ürəyimdə təzə ağrılar,
Sənin ürəyində həsrətin yatar.

Bu sevda yükünün ağırlığını
Birlikdə daşısa çiyinlərimiz
Vüsaldan bağ salıb-cənnət yaradıb
Bir ilkə imzanı biz atarıq,biz.

Yerin də,göyün də əşrəfi bizik,
Ömrümün içindən keçsin baxışın.
Ələ almaq üçün deyilən sözün
Bu gündən sabaha düşməz işığı.

Sən payız ümidli, mən yaz havalı,
Qəlbimin oduyla gəlirəm sənə.
Bu nadinc könlümü ovutmaq üçün
Bir dodaq təbəssüm
bir ömür
bəs edər mənə.

Unut yuxu kimi

Əllərin yuxulu, fikrin dağınıq,
Od ala bilmədin ürək odumdan.
Mənim də həsrətə başım qarışdı,
Səni xoşbəxt etmək çıxdı yadımdan.

Qar kımı alnıma dəyib əridin.
Yağışa büründün gözümdə lay-lay.
Dağlar dağım oldu,dərələr dərdim,
Yuxuma baş qoydu həsrətlə ah-vay.

İnadla yaşamaq ağlıma gəlməz,
Yudum keçmişimi, yudum yağışla.
Özünə yiyə dur, bir də ki məni
Unut yuxu kimi, ya da bağışla.

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31