Dərdin yolu məndən keçir.. - Şeirlər
Manera.az Mürfəttar Seyidməmmədovun şeirlərini təqdim edir:
***
Dəli sevdam söndü,itdi dumanda,
İşartı yox bu sevginin tumunda.
Dərd göyərtdim daş-kəsəkli şumunda,
Xırmanında döyüləsi dənim yox.
Kökdən düşüb,heydən kəsib havarım,
Kölgə tutmaz ,yelə çəkməz talvarım.
Xəzanımdan şirə çəkməz bal arım.
Pətəyində xanalanmış şanım yox.
Qulaq səsdə, gözüm hələ yol yığır,
Bağlanıbdı dosta gedən yol,cığır.
Ay dan üzlüm,saçlarını yol,çağır,
Yastığımın bir yanı boş,tənim yox...
***
Alnımda yazısı yox qədərimin,
Götür öz əlinlə nə istəsən yaz.
Sənsiz göyərtdiyim daş kədərimin,
Üstü də mamırla örtüldü bu yaz.
Tərsinə yozulur yuxularım da,
Sən gələn yollara canım sadağa.
Yıxıram özümü soyuq yatağa,
Sənə qovuşmaqçın yuxularımda.
Sən yuxumdan qaçıb hara gedirsən?
Barı gözləyəydin gün çıxanacan.
Belə getsə,vallah,canım çıxacaq,
Mənim yuxularım çin çıxanacan...
***
Heç vaxt kəsişməyən yollara bənzər,
Qolların açılıb qoşa rels kimi.
Sərxoş sərsəri tək fit çala-çala
Qolların üstündən keçir bu qatar.
Keçir güllə kimi, uçur səs kimi,
Oyadıb bələdçi xatirələri
İllərin üstündən keçir bu qatar,
Həsrətdən,kədərdən tutub yükünü
Yol gedir...yol gedir ,bilmirəm hara...
Zamanı ötürüb,
başın götürüb
Yol gedir bu qatar ayrılıqlara...
Acı bir təsəlli əlin yelləyir,
Gileyim,ümidim qalmayıb səndə.
Mənəm bu qatarın son sərnişini,
Əlvida söyləyir sonuncu zəng də.
Vüsal qapıların qıfıllayaraq
Geri dönməyəcək bir yerə gedir.
Əzabdan,ağrıdan ufuldayaraq
Sevgi deposuna təmirə gedir...
Həsrət
Gəlirsən...can atır ürək uçmağa,
Min kərə yanmışam bu ana görə.
Əllərim açılıb səni qucmağa,
Lakin ayaqlarım mıxlanıb yerə.
Sönüb o od-ocaq , külü qaralıb,
Daha gülşənimin gülü saralıb.
Gözündən,üzündən qəm sıza-sıza,
İndi yol gəlirsən üzü payıza.
Onda bu gününü görmürdü gözün,
Yaman məst olmuşdun divanəlikdən.
Ay mənim sevgimə dodaq büzənim,
Bəlkə don geymişdin biganəlikdən.
Çılğın etinalar qaldı özünə,
O hikkə,əda,naz ,qəmzə sənindi.
Əlləri qoynunda yollara baxan
Cansız bir heykələ bənzərsən indi.
Keçir
Dəyirmanım dərd evidir,
Gecə-gündüz dərd üyüdür.
Çoxu gəlib dərd ovudur-
Dərdin yolu məndən keçir.
Nə astardan, üzdən deyil
Nə ipəkdən, bezdən deyil.
Keçəl Həmzə bizdən deyil,
Mərdin yolu məndən keçir.
Araz, Samur çaydı-axır,
Yolu bağlı qoydu, axır.
Sinəmi qəm oydu axır,
Yurdun yolu məndən keçir.
Bağlaya bilmirəm qəm qapısını
Dostum R.Qusarçaylıya
Ömür qapıları sirli bir aləm,
Bir qapısı sevinc, bir qapısı qəm.
Onlardan hər zaman keçirəm qardaş,
Bir gözümdə sevinc, bir gözümdə nəm.
Dünya cəhrəsində əyirir məni,
Hissim də, duyğum da düyünə düşüb.
Qapısı dalında bir ''yekəpərin''
Başım çox cəncələ, oyuna düşüb.
Qapının qabağı liman yeridi. . .
Qapıda növbəyə düzülənləri,
Qapıda növbədə üzülənləri
Görəndə üstümə ilan yeridi.
Yoluq tazılardan, qıyıq gözlərdən
Perikən quş kimi diksinir ürək.
İynə baxışlardan, taxta üzlərdən
Sevgi qapısında isinir ürək.
Tarixdir yurdumun daşı, qalası,
Tarix qapısına açar daş yazı.
Dərbənd qapısına kim hakim oldu?
Gəncə qapısını satan kim oldu?
Araz dərdim çoxdan mamır bağlayır,
Dərbənd yollarımı Samur bağlayır.
Bu taydan o taya görüm nə yoldu,
O taydan bu taya qapı qoyuldu.
Qapılar dalında qoydular məni,
Qapılar dalında soydular məni.
İlahi, bu qədər dərdi-sər olar!
Ağrısız-acısız günüm ötüşmür,
Dəli həsrətlərdən qəlb sınıq-sınıq. . .
Açarı heç cürə gözünə düşmür. .
Bağlaya bilmirəm qəm qapısını.
. . . Gedirəm, üzümə açılır hər gün,
bir düşmən qapısı, bir mərd qapısı,
Bir sevinc qapısı, bir dərd qapısı. . .
Dünyanın işindən baş açmaq olmur
Əlinin papağın Vəli geyinib,
Vəlinin papağın Əli geyinib.
Əli quş uçurtdu Dubaya qondu,
Vəli quş uçurtdu Qubaya qondu,
Dünyanın işindən baş açmaq olmur.
Dəvələr qürbətə "nal"daşımaqda,
Qarışqa bazarda dən alverində.
Arılar pətəyə yal daşımaqda,
Gül-çiçək dumanla çən alverində.
Dünyanın işindən baş açmaq olmur.
Buyruq buyuranlar bolluq üstədi,
Quyruq bulayanlar qulluq üstədi.
Xanımlar böyründə "yengə"gəzdirir,
Bəylər öz yanında "cöngə"gəzdirir,
Dünyanın işindən baş açmaq olmur.
Çobanı otaran qoyunlara bax,
İtlər yalağını sürüdə gəzir.
Fələyin qurduğu oyunlara bax,
Suda yaşayanlar quruda gəzir,
Dünyanın işindən baş açmaq olmur.
Hər gündə bir sütül fərədən ötrü,
Tülkü keçmədiyi oyun qalmayıb.
Kürsüyə sərilən gəbədən ötrü,
Daha qırxılası qoyun qalmayıb,
Dünyanın işindən baş açmaq olmur.
Gəzir yer üzünü keşiş küləklər,
Sovurur Kərəmin külünü ancaq.
Dünyanın qarnından ilanlar çıxır,
Sancır şairlərin dilini ancaq,
Dünyanın işindən baş açmaq olmur.
Quba