manera.az
manera.az

Tanınmış özbək yazıçısının kitabı Azərbaycanda yayınlanıb

Tanınmış özbək yazıçısının kitabı Azərbaycanda yayınlanıb
Bu günlərdə çağdaş özbək ədəbiyyatının istedadlı nümayəndələrindən biri olan Rüstəm Cabbarovun “Xəyanətin kəsişməsi” adlı kitabı Azərbaycanda yayınlanıb.

MANERA.AZ xəbər verir ki, tanınmış jurnalist Ədalət Məmmədovun orijinaldan çevirdiyi, yazıçı Vaqif Sultanlının redaktoru olduğu kitaba müəllifin müxtəlif dönəmlərdə detektiv mövzularda qələmə aldığı “Kitabın arasındakı məktub”“Xəyanətin kəsişməsi” adlı iki povesti daxil edilib.

Qeyd edək ki, Rüstəm Cabbarov 1979-cu ildə Səmərqənd vilayətinin Urqut rayonunda doğulub. Özbəkistan Milli Universitetinin jurnalistika fakultəsini bitirdikdən sonra “Respublika”, “Kənd həyatı”, “Darakçı” qəzetlərində müxbir, redaktor müavini və baş redaktor kimi çalışıb, habelə Özbəkistan Milli Xəbər Agentliyinin baş redaktor müavini vəzifəsini icra edib.

Rüstəm Cabbarov iyirmidən cox bədii, publisistik və tərcümə kitabının müəllifidir. Şeir, hekayə və publisistik məqalələri Azərbaycan, Özbəkistan, Hindistan və başqa ölkələrdə dərc olunub. Dünyanın tanınmış klassiklərindən Gi de Mopassan, Edqar Po, Qabriel Qarsia Markesin əsərləri ilə yanaşı, Azərbaycan ədəbiyyatından Anar, Sabir Rüstəmxanlı, Vaqif Sultanlı, İlqar Fəhmi və başqa yazıcıların hekayə, povest və romanlarını özbək dilinə çevirərək yayımlayıb. Rüstəm Cabbarovun müəllifliyi ilə çəkilmiş “Vicdan” (2007), “Yoxsul adam” (2011), “Asragil” (2017) və ”Namus” (2017) və başqa bədii filmlər Özbəkistanda böyük şöhrət qazanıb.

Rüstəm Cabbarovun “Xəyanətin kəsişməsi” kitabına daxil edilmiş hər iki povest (“Kitabın arasındakı məktub” və “Xəyanətin kəsişməsi”) ilk öncə “Kredo” qəzetinin 2018-2019-cu il saylarında hissə-hissə yayımlanıb.

Kitaba “Janrların kəsişməsi: modern nəsr texnikasında detektiv” adlı geniş ön söz yazmış filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədli qənaətlərini belə ümumiləşdirir: “Rüstəm Cabbarovun təqdim edilən kitabının sizdə maraq doğuracağına əminik, kitabın içindəki əsərlər modern nəsr texnikasına uyğun şəkildə qələmə alınıb, hesab edirik ki, bu mətnlər detektiv janrının məhz müəllifə xas bir sıra elementlərlə zənginləşməsi ilə də diqqəti çəkəcəkdir. Bu kitab eyni zamanda, Azərbaycan - Özbəkistan ədəbi əlaqələrinin inkişafı və ədəbi proseslərin yaxınlaşması və qovuşması baxımından əhəmiyyətli rol oynayacaqdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930