manera.az
manera.az

"Azərbaycanda ən çox tənqid olunan şəxsəm" - Aydın Xan Əbilov | MANERA.AZ

"Azərbaycanda ən çox tənqid olunan şəxsəm" - Aydın Xan Əbilov | MANERA.AZ

MANERA.AZ-ın bu dəfə ki, müsahibi yazıçı-kulturoloq Aydın Xan Əbilovdur.

- Yazmaq üçün konkret vaxt müəyyən edirsiniz, yoxsa istənilən vaxt yaza bilirsiniz?

- Mən günün ikinci yarısından sonra yazmağı xoşlayıram, amma yaradıcılıq üçün elə də bir müəyyən vaxta ehtiyacım yoxdur. Axşamlar gecə saat birə qədər işləməyi xoşlayıram. Tənhalıq, iş otağım, kitabxanam, İnternetim, kompyüterim və Lənkəran çayı, mer-meyvə bəs edir ki, normal yaradıcı prosesin içində özümü hiss edim.

- Hər yazar öz sözünün, yazdığının çəkisini daha yaxşı bilir. Siz öz yaradıcılığınızı nə dərəcədə qiymətləndirirsiniz?

- Düzü, bu barədə fikirləşməmişəm, amma səviyyəsinə inandığım şəxslərin fikri ilə desım, çağdaş Azərbaycan ədəbi-kulturoloji fikrinə fəlsəfi yön, intellektuallıq gətirən bir mövqeylə fərqlənənlərdənəm. Heç vaxt ədəbiyyatda iddialı olmamışam, bar-bar bağıranlar, yazısından çox səs-küyü ilə fərqlənmək istəyənlər gəlib-gedir, fəqət Aydın Xan olub, var və qalır. Sevinirəm ki, vaxtilə ədəbi fikrə gətirdiyim yenilikləri başqaları inkişaf etdirib, genişləndirib, yaradıcılığına tətbiq edərək parıldayıblar, tanınıblar. Bircə prinsipim var: ədəbiyyat həyata təsir etməli, insanları tərpətməli, ictimai-mədəni fikri istiqamətləndirməli, söz sənətinin inkişafına xidmət eləməlidir.

Ədəbiyyatımız neçə vaxtdır yerində fırlanır

- Ədəbiyyatımızın indiki durumundan razısınızmı?

- Nəyləsə razılaşmaq durğunluğa aparan əsas amildir.  Ədəbiyyat yerində durmamalı, canlı bir varlıq olaraq inkişaf etməli, genişlənməli, zənginləşməlidir. Bu mənada ədəbiyyatımız sanki neçə vaxtdır yerində fırlanır. İlk baxışdan jurnallar çıxır, çoxsaylı kitablar nəşr olunur, əsərlər yazılır, saysız şeirlər, hekayələr, romanlar oxuculara təqdim olunur, ədəbi saytlar fəaliyyət göstərir, amma diqqətlə fikir verəndə, görürsən ki, dünyaya səs çıxarılası yazılarımızın sayı heç barmaq hesabına gəlmir. Baxın, nəşriyyatlar müəlliflərdən pul alıb istənilən əsəri çap edir, hətta öz hesabına çağdaş ədəbiyyat nümunələri buraxan naşirlər də var, amma ədəbi prosesi alt-üst edən, filoloji-kreativ düşüncəmizdə sıçrayış edə biləcək əsərləri görmürük.

- Kitabların təbliğatında tənqidçilərin rolu danılmazdır. Bu gün tənqidçilər yeni kitabları yetərincə təbliğ edə bilirmi?

- Sualın cavabını bir yazımın başlığıyla vermək istəyirəm: "Ədəbi tənqid, yoxsa ədəbsiz tərif?!" Tənqidçiləri çox qınasaq da, yazı-pozu adamlarımız normal, məntiqli tənqidə qarşı, az qala, bayılmaqla reaksiya verirlər. Kim deyirsə ədəbiyatçıların tənqidedici fikrində maraqlıyam, ianmayın, qeyri-səmimidir, yalan deyir gözünün içinə qədər. Adicə özümdən götürürəm, məclislərdə, tədbirlərdə, dəyirmi masalarda hətta ən yaxın dostlarımın yaradıcılığıyla bağlı bir balaca tənqidi fikir söyləyən kimi adamla düşmən olurlar. Burası nə ingilis, nə türk, nə də rus ədəbi məkanı - kulturoloji mühiti deyil ki, yazarlarla tənqidçilər, şairlərlə esseistlər arasında sivil-mədəni münasibətlər formalaşıb, amma bizdə, sadəcə, əsl ibtidai dövrün rəftarını görürük...

Azərbaycanda ən çox tənqid olunan şəxsəm

- Tənqid olunmaq qorxunuz yoxdur ki?

- Heç vaxt, bəlkə də Azərbaycanda ən çox tənqid olunan şəxsəm: sağdan da, soldan da, məmurlar tərəfindən də, müxalifyönümlülərdən də tənqidlər, kəskin fikirlər görürəm. Yazıçı, ictimai fəal, jurnalist, TV eksperti, kulturoloq, tənqidçi pedaqoq kimi tez-tez tənqid hədəfinə tuş gəlirəm. Fikirlərimin innovativliyi, liberallığı, vaxtından əvvəl səslənməsi başqalarında qıcıq yaradır, çox adam anlamadığına, irəli sürdüyüm fikirləri dərk etmədiyinə görə kimin ağlına və ağzına nə gəlirsə ünvanlayır mənə. Nə etməli, düşüncə adamı olaraq tənqidə açıq olmalıyam və sizə bir sirr açım. Məni nə qədər çox tənqid edirlərsə, bir o qədər daha həvəslə yazıb-yaradıram...

Tənqidçiyə 100 manat verməyə canları çıxır

- Tənqidçilərin dolanışıq üçün hansısa yollara əl atması sizcə, niyə birmənalı qarşılanmır?

- Buna normal baxmaq lazımdır. Vaxtilə tənqidçilər yazıçılardan da artıq ictimai nüfuza, xüsusi imtiyazılara malik sənət sahibi sayılırdı. Ədəbi tənqidçilər daha çox alimlər arasında çıxırdı. Onlara ev verilir, mükafatlar ayrılır, külli-miqdarda qonorar ödənilir, xaricdə istirahət kimi imkanlar yaradılır, kitabları çap olunurdu. Amma indi belə deyil, hamı, xüsusən də qələm adamları tənqidçilərdən ədəbi fəallıq tələb edir, amma onların nəylə dolandıqları heç veclərinə də deyil. Halbuki tənqidçilər də cəmiyyətin aztəminatlı üzvləri sayılırlar və özlərini, ailələrini dolandırmalıdırlar. 2-3 min manat verib kitab çap etmək istəyənlər tənqidçiyə qonorar kimi 100 manat verməyə canları çıxır, sonra da tənqidçilərdən - intellektual oxuculardan öz əsərlərinin təhlilini, təbliğini tələb edirlər. Tutalım, məndən tənqidi yazı tələb edənlərə bəri başdan qonorarımı deyirəm: 300 manatdan 500 manata qədər. Özü də bu yalnız bir irihəcmli məqalə üçün müəyyənləşdirdiyim məbləğdir. İstənilən halda, kimin yaradıcılığı haqqında nəsə yazıramsa, bir prinsipi əsas götürürəm: ədəbi vicdan, mədəni məsuliyyət...  

... Uyuşdurucu, narkotik vasitədən istifadə eləmişəm

- Yazıçı içmədən və çəkmədən yaza bilərmi?

- Əlbəttə, mümkündür, məsələn, mən nə çox içənəm, nə də indiyə qədər uyuşdurucu, narkotik vasitədən istifadə eləmişəm, hətta siqaret də çəkmirəm. Amma onu da boynuma alım ki, intellektuallıq, mütaliə, İnternet fəaliyyətim və tele-yaradıcılığım əslində içməklə-çəkməyi əvəzləyir və mənə xüsusi enerji xüsusi güc verir.

Mələyin qanadından, Tanrının baxışlarından çox az yazan müəllifəm

 


- Ədəbiyyat və müasir dünya bir-birini nə dərəcədə tamamlaya bilir?

- Mənim ədəbiyyata, söz sənətinə münasibətim tamam fərqlidir. Kulturoloji - fəlsəfi mənalar kəsb edən bu yanaşma tələb edir ki, mədəniyyət hadisələri, ədəbi-bədii əsərlər vasitəsilə zamana, olaylara, həyata, insanlara qiymət verim. Siz əsərlərimlə tanışsızsa, bilməlisiz ki, mələyin qanadından, Tanrının baxışlarından çox az yazan müəllifəm. Əksinə, bunların əvəzinə, ictimai-sosial, mədəni həyatda baş verənlərə çevikcəsinə reaksiya verirəm, zəmanənin problemlərini humanitar düşüncəyə daşımağa çalışıram, müxtəlif müzakirələr açdığım yazılarla İnternetdə - soasial şəbəkələrdə, yeni mediada çıxış edirəm. Əslində, ədəbiyyatın özü dünyanın yazı - mətn formasıdır, onları bir-birindən ayırmaq da düzgün deyil

Ədəbiyyatımızın zəifliyi ilə bağlı fikir irəli sürənlər

- Dünyaya çıxış üçün hansı ədəbiyyat nümunələrimizin tərcüməsi səmərəli olardı?

- Azərbaycan ədəbiyyatının klassik nümunələrini davamlı olaraq dünya dillərinə çevirib xaricdə nəşr etməyin, İnternetdə yaymağın vaxtı çoxdan çatıb. XIX və XX əsr söz sənətimizin dəyərli nümunələri ilə yanaşı ən yeni ədəbiyyatımızın da qlobal tanıtıma, təbliğinə xüsusi ehtiyacı var.

 - Kimlər ədəbiyyatımızın zəif olduğunu zənn edir?

- Hər kəs öz səviyyəsindən irəli gələrək fikir sahibidir. Ədəbiyyatımızın zəifliyi ilə bağlı fikir irəli sürənlər unudurlar ki, heç bizim özümüz də böyük millət deyilik, iki-üç hissəyə bölünmüş xalqın söz sənəti elə belə də olmalıdır. Vaxt gələcək, bizim söz sənətimizədə dünyada kreativ tələbat artanda, yazarlarımızın dəyərini anlayacağıq. Düşünürəm, Azərbaycan poeziyası kifayət qədər potensiala malikdir ki, hələ dünyanı çox təəccübləndirəcək.

- Sizə elə gəlmirmi ki, ədəbi mühitdəki qalmaqalların bir qismi yazıçıların sosial durumunun aşağı olması ilə bağlıdır?

- Manıslara, incəsənətdəki başqa sənət sahiblərinə rəğmən, ədəbiyyatçılarımızın sosial durumu heç də ürəkaçan deyil. Baxın, hər il neçə müğənniyə fəxri adlar, mükafatlar, təqaüdlər verilir, amma ədəbiyyatçıları sanki heç sayan deyil. Bu isə, əlbəttə, yazarlarımıza pis təsir edir. İşsizlik, evsizlik, üstəlik də oxumağa, ədəbiyyata marağın get-gedə azalmasını da bura əlavə edəndən sonradurum heç də ürəkaçan deyil...

Bizdə həmişə poeziya nəsri üstələyib

- Çox aktual olan bir mövzu ilə bağlı fikirlərinizi bilmək istərdim. Nəsr şeri arxada qoydumu?

- Xeyr, bizdə həmişə poeziya nəsri üstələyib və elə də olacaq. Baxmayaraq ki, dünya ədəbi standartlarına görə, milli söz sənətinin səviyyəsi şeirlərlə deyil, roman və nəsr əsərləri ilə müəyyənləşdirilir...

- Yeni ədəbi nəsli izləmək imkanınız olurmu?

- İnternetdən mütəmadi olaraq ədəbiyyatımızı izləyirəm. İndi yazanlar isə əsasən gənclər və orta nəslin nümayəndələridir. Gənclərin yaradıcılığına tənqidi yanaşıram. İmza, şeir və roman bumu, əslində, ədəbiyyatın inkişafından çox, hansısa şəbəkələrə  xidmət edir...

Tural Balabəyli
MANERA.Az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031