manera.az
manera.az

Novruzumuz uğurumuzla baş-başa

📅 21.03.2022 14:39

Novruzumuz uğurumuzla baş-başa
Ramiz Qusarçaylı

Bəşəriyyətin mənəvi dəyərlərindən biri olan Novruzun ölkəmizdə də xüsusi təmtəraqla qeyd olunması xalqımızın zəngin adət və ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən mühüm mədəniyyət hadisəsi olduğunun canlı nümunəsidir.

Tarixən qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olan bu müqəddəs mərasim türk-islam toplumunun milli bayramı kimi hər ilin baharında təbiətimizə,torpağımıza və ellərimizə işıq, təravət, xoş əhval-ruhiyə bəxş edir.

Hər il baharın gəlişi ilə Novruzun fəlsəfəsi bir daha yaddaşları oyadır,dörd ünsürlə,- dörd bayram çərşənbəsi ilə yurdumuza təravət gətirir. İlk çərşənbə olan Su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür.İlin ikinci çərşənbəsi Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən Günəş torpağı daha da qızdırmağa başlayır. Üçüncü çərşənbə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma, oyanma başlayır. Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır.

Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz bayramı adət və ənənələrlə zəngindir. “Papaq atmaq”, “qulaq falı”, “tonqal üstdən tullanmaq”, “səməni göyərtmək”, “yumurta boyamaq və döyüşdürmək” və digər məşhur adətlər Azərbaycan xalqının tarixini və onun zəngin folklorunu əbədi olaraq yaddaşlara həkk edir.

Novruz bayramı ilə əlaqələndirilən bir məqam da ondan ibarətdir ki, Azərbaycan xalqının milli adət-ənənələrinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar.

Xalqı birliyə səsləyən bayram şənlikləri kütləvi bayramlarla müşayət olunur. Ölkədə aşıqların, xanəndələrin, özfəaliyyət kollektivlərinin iştirakı ilə keçirilən tədbirlərdə kəndirbazların, pəhləvanların mərarətləri nümayiş etdirilir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir.

Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında təşkil olunur. Həmin gün nəhəng qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır...

Hələ 2000-ci ildə Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdi ki, Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.

İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub.

Bu gün Novruz bayramı xalqımız tərəfindən xüsusi coşqu ilə qeyd olunur. Mənfur erməni işğalından azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır, Novruz tonqalları alovlandırılır. 30 ilə yaxın dövrdə düşmən tapdağı altında qalan torpaqlarımız rahat nəfəs alır, yazın gəlişini duyur, sahibinə qovuşduğu üçün özünü qürurlu hiss edərək Novruzun bütün ənənələrini sevinclə qeyd edir.

Ötən il dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və ailə üzvləri Şuşamızın Cıdır düzündə Novruz tonqalını alovlandırdılar. Prezident bu məkandan müraciətində sevinclə, qürurla - “Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!” gəlmişik və burada dayanmışıq deyə bəyan etdi.

Bəli, Şuşada qeyd olunan Novruz bayramı Vətənimiz adına, elimiz-obamız adına ən böyük qürur hissimiz, ən müqəddəs fəxarət göstəricimiz oldu!

Novruz bayramınız mübarək!


Baxış sayı - 592 | Yüklənmə tarixi: 21.03.2022 14:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031