manera.az
manera.az

“Sahilsiz təzadlar” - elmiliklə bədiiliyin qovşağında

“Sahilsiz təzadlar” - elmiliklə bədiiliyin qovşağında
Dünyanın sahilsiz təzadları içində çaş-baş qalan insan daim yaradılışın sirrini öyrənməyə can atıb, bəşər sivilizasiyası əsrlər boyu bu suallara cavab axtarıb: İnsan dünyaya niyə gəlir? Tanrı dünyanı niyə yaratdı? Fəlsəfə və elm bu sonsuz sualların qovuşuğunda böyük inkişaf yolu keçib. Hansısa filosoflardan biri deyib ki, fəlsəfə həqiqətin səngəridir, elm isə ələ keçirilmiş, fəth edilmiş ərazidir. Elm analitik təsvir, fəlsəfə isə sintetik şərhdir. Yazıçı Sadıq Qarayevin “Sahilsiz təzadlar” romanını oxuyarkən beynimdən bu fikirlər keçdi.

Bu roman geniş təhlil tələb edən əsərdir. Azərbaycan ədəbiyyatında son illərdə bu həcmdə bədii, elmi, fəlsəfi və dedektiv spektrləri özündə birləşdirən bir əsər yaranmayıb.Sənət, ədəbiyyat fərdi yaradıcılığın məhsuludur. Elmdən fərqli olaraq bədii yaradıcılıq həyat həqiqətini olduğu kimi təsvir etmir, yazıçı onu bədii təxəyyülün süzgəcindən keçirir, ona yeni bədii məzmun verir. Sadıq Qarayevin “Sahilsiz təzadlar” romanını başqa romanlardan fərqləndirən cəhət isə elmiliklə bədiiliyi bir araya gətirə bilməsidir. Burda elmilik bədiiliyi əsaslandırır, ona məna, məntiq qazandırır. Əsərin süjet xəttində elm sanki obrazların daxili aləminə işıq salır, onların fərdi dünyasını, mənəvi-əxlaqi keyfiyyətlərini, hiss və həyəcanlarını, yaşadığı cəmiyyətə, ətrafındakı insanlara münasibətini müəyyənləşdirir. Romanda elmi təfəkkürlə bədii təfəkkür vəhdət halındadır. Əsərə ön söz yazmış akademik İsa Həbibbəyli də romanın bu xüsusiyyətini ayrıca vurğulayır:

“Sahilsiz təzadlar” romanı elm adamının Ədəbiyyat cəbhəsindəki addımlarında da yaradıcı təfəkkürün yorulmaz əməli fəaliyyətlə üzvi əlaqəsini aydın surətdə nəzərə çarpdırır. Dedektiv yönlü hadisələrin bədii təqdimatı prosesində geniş elmi düşüncədən doğan təfərrüatlardan istifadə etməyin çətinliklərini aşa bilməsi müəllifin böyük zəhmətinin göstəricisidir”.

630 səhifəlik romanı təhlil etmək çox çətindir, bu, ədəbi tənqidin işidir. Onu da qeyd edim ki, elə bir zaman yetişib ki, indi oxucular irihəcmli roman görəndə onları xof bürüyür. Müasir dövrün yazıçıları 100-150 səhifəlik romanlar yazır. Əlbəttə, nəsrdə həcm meyar deyil, əsas olan əsərin ideya qatıdır, cəmiyyətə ötürdüyü mesajdır, oxucu üçün nə dərəcədə faydalı olmasıdır. Bu gün roman janr olaraq artıq klassik tələbləri inkar edir və dünyada yeni roman növü yaranmaqdadır.

Zamanın dinamikasına cavab verə bilən romanlar bazara çıxarılır. Bu bazar sözü ilə ədəbiyyat təzad təşkil etsə də günümüzün reallığı kitaba da əmtəə kimi baxmağı tələb edir. Kitab sənayesi inkişaf etmiş ölkələrdə yazıçılar da normal ədəbi fəaliyyətlə məşğul ola bilirlər, yazdıqları onlara qazanc gətirir və onlar maddi qazanc naminə başqa sahə ilə deyil, sırf bədii yaradıcılıqla məşğul olurlar.

Azərbaycan reallığında isə ədəbiyyat maddi qazanc gətirmir, buna görə də yazıçılıq əlavə məşğuliyyət sahəsi hesab olunur. Qazancını başqa sahədən əldə edən yazıçı istirahət üçün qalan vaxtını da ədəbiyyat adlı ağır yükün altına vermək məcburiyyətindədir. Əslində yazıçılıq ayrıca bir sənətdir və yazıçı öz sənətinin bəhrəsini görməlidir.

Bütün bunlar başqa bir söhbətin mövzusudur, Sadıq Qarayevin romanının həcmi haqqında düşünəndə istər-istəməz ədəbiyyatın qara fəhləliyi haqqında fikirlər beynimdən keçdi. Doğrudan da ilin-günün bu vaxtında bu masştabda roman yazmaq sözün əsl mənasında fədakarlıqdır. Mən sadəcə, sıravi oxucu kimi fikirlərimi yaza bilərəm. Və bu yazını da yazmaqda məqsədim qələm dostlarımızın diqqətini “Sahilsiz təzadlar” romanına yönəltməkdir.
“Sahilsiz təzadlar” - elmiliklə bədiiliyin qovşağında
Bir-iki il bundan öncə tənqidçi dostum Əsəd Cahangirlə söhbətimiz zamanı o, Sadıq Qarayev adlı müəllifin belə bir roman yazdığını və roman haqda çox yüksək fikirdə olduğunu dedi. Mənə də əsəri oxumağı məsləhət gördü. Nə gizlədim, başımın qayğılara qarışdığı bir dövrdə belə bir qalın romanı oxumaq gözümə durmuşdu. Amma… oxudum. Roman haqqında bir yazı da yazdım, necə oldusa, yazı kompyuterin yaddaşından silindi.

Yenə qayğılar və problemlərlə uğraşdığımdan yazını yenidən yaza bilmədim. Aradan uzun müddət keçdi. Kitab yazı masamın üzərindəydi, arada götürüb vərəqləyir, unutduğum yerləri yenidən oxuyurdum. Oxu təcrübəmdə ilk dəfəydi ki, belə hal baş verirdi. Nə sirdisə, roman məni dönə-dönə özünə çəkirdi. Və nəticədə bu qeydləri yazası oldum.

Əli və Nərmin adlı iki gəncin sevgisi üzərində qurulan süjet xətti şaxələndikcə kainatın, yaradılışın, cəmiyyətin insanı hansı dolanbaclardan keçirdiyini, mənən necə kamilləşdirdiyini görürük. Yazıçı hər fəslin girişində geniş epiqraf təqdim edir, bir növ, oxucunu növbəti hadisələrə hazırlayır. İlk dəfəydi ki, elmiliklə bədiiliyin bu qədər bir-birini tamamladığını görürdüm. Yazıçı hər bir hadisədə, əhvalatda elmi məntiq axtarır, təhkiyə boyu hadisələr elmi baxımdan təhlil edilir və müəyyən nəticə ortaya çıxır.

Beləliklə, əsəri oxuyan hər bir kəs həm də zəngin elmi biliklər əldə etmiş olur. Oxucu eyni zamanda yazıçının elmi təfəkkürü ilə tanış olur, dünyanın, kainatın yaradılışı ilə bağlı elmi-fəlsəfi fikirləri mütaliə boyu insanı düşündürür. Əsərdə müəllifin olduqca maraqlı elmi-fəlsəfi düşüncələri yer alır. Aforizm yükü daşıyan bir neçə cümləni sitat gətirirəm:

“Alın yazısını insan öz əməli və düşüncəsi ilə yazır”.
“Bəşər təxmini məntiqdən uzaqlaşıb, dəqiq və dürüst məntiqə yaxınlaşdıqca qlobal problemlər azalacaq”.
“Bütün insanlar Allahın imkan verdiyi, İblislə mələk arasındakı intervalda o yan-bu yana ömür boyu qaçışırlar. O dünyada isə hansı tərəfdə daha çox gəzişdiklərinə görə mükafat alırlar”.
“İnsanın hansı səbəbdən və necə dünyadan köçməsi onun düşüncə və əməllərindən müəyyən qədər asılıdır”.
“…insan həyatında onun dünyaya gəlişi və gedişi həqiqət, arada olanlar isə illüziyadır”.
Romanda yüzlərlə bu cür aforizmlər var. Bu dərin məna tutumu olan cümlələr təsvir olunan hadisələrin mahiyyətini izah edir.

Əsər bir ailənin arandan yaylağa köçü ilə başlayır. Burda ailədaxili münasibətlər, sadə insanların mənəvi-əxlaqi keyfiyyətləri süjet boyu açılır. Həm də bəşəriyyətin keçdiyi inkişaf yoluna geniş nəzər salınır. Yaylaqda bir cinayət hadisəsi baş verir. Cavanşiri qətlə yetirirlər, hüquq-mühafizə orqanları cinayətin izini tapa bilmirlər. İş dolaşığa düşür. Balaca Əlini bölməyə çağırırlar. Rəis onunla uzun-uzadı söhbət edir. Əli dəmir məntiqi ilə rəisi tərk-silah edir. Uşağın yaşından böyük görünən fikirləri onu heyrətə gətirir. Bu ibrətamiz dialoq romanın sanki onurğa sütunudur, həmin hissə oxucuda unudulmaz təəssüratlar oyadır.

Bu hissə mənə Dostoyevskinin “Cinayət və cəza” romanında Raskolnikovla müstəntiqin söhbətini xatırlatdı. V. Hüqonun “Səfillər”ində Jan Valjanla Javerin dialoqu yadıma düşdü. Oxucunun yaddaşında sarsıntılı izlər buraxan bu tipli səhnələrə “Sahilsiz təzadlar” romanında da rast gəlinir. Balaca uşaq hadisələri düzgün analiz edir, məntiqlə qatilin kimliyini tapır. Əsərin süjeti haqqında uzun-uzadı danışmağa məncə, ehtiyac yoxdur. Ən yaxşısı, əsəri oxumaqdır.

Romanda Qarabağ faciəmiz də geniş yer alır. Həkimlik sənətinə yiyələnən Nərminin çalışdığı tibbi klinikada bir erməni qadınına (o, klinikaya xəstə uşağını gətirmişdi) insani münasibəti Azərbaycan qadınının nə qədər humanist ruha malik olduğunun bariz nümunəsidir. Biz şərə şərlə deyil, xeyirlə cavab veririk. Şər məhvə məhkumdur, Xeyirin varlığı Şərin ölümüdür. Müəllif hadisələr bu məntiqlə yanaşır.

“Sahilsiz təzadlar” olduqca idraki-tərbiyəvi əhəmiyyətə malik bir əsərdir. Əsərin həcmi geniş olsa da onun mütaliəsinə sərf olunan vaxt insan üçün böyük qazancdır. Oxumağınız məsləhətdir, dəyərli oxucular.

Kənan Hacı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31