manera.az
manera.az

Görkəmli folklorşünas

Görkəmli folklorşünas
Ramazan Qafarlı - 70

Xalq şairimiz Bəxtiyar Vahabzadənin “Vətəndaş” şeirində belə bir bənd var:

“Vətəndaş! Nə gözəl səslənir bu söz.
Yəni bir qaynaqdan su içmişik biz.
O su qəlbimizdə coşdu, qaynadı,
Eyni bir ad ilə tanıtdı bizi...”


Şairin də şeirində vurğuladığı həmin o qaynaq, sözsüz ki, əsrlərdən bəri xalqımızın yaddaşından süzülə-süzülə, saflaşa-saflaşa gələn milli-mənəvi dəyərlərimizlə, əski inamlarımızla, adətlərimizlə naxışlanan zəngin folklor qaynaqlarımız olan laylalarımız, atalar sözlərimiz, nağıllarımız, əfsanələrimiz, rəvayətlərimizdir. Bu tükənməz qaynaqlar bizə bir-birimizi tanıdır. Bizi yadlaşmaqdan, manqurtlaşmaqdan qoruyur. Öz ömrünü bu müqəddəs xəzinənin araşdırılmasına, təbliğinə həsr edən hər bir insan, ziyalı, alim bu yurdun əsl vətəndaşı olmağa layiqdir.

Filologiya elmlər doktoru Ramazan Qafarlı da ömrünün 70 ilini xalqımızın bu zəngin xəzinə qaynağının araşdırılmasına, öyrənilməsinə, təbliğinə həsr etmiş, bu yolda bütün bacarıq və qabilliyyətini, gücünü, intellektini səfərbər edən dəyərli elm fədaisi, folklorşünaslıq sahəsində özünü çoxdan təsdiq etmiş alimlərimizdəndir. Bu sahəyə aid bir sıra dəyərli monoqrafiyaların, məqalələrin müəllifidir. Həm ölkəmizdə, həm də ölkəmizdən kənarda kifayət qədər tanınır və folklora aid yeganə Azərbaycan saytının da müəllifidir.

Əsərlərindən hər zaman bəhrələnsəm də, Ramazan müəllimlə ilk dəfə əyani tanışlığımız 2015-ci ilə təsadüf edir. Fəlsəfə doktorluğu üçün yazmış olduğum dissertasiyanın müzakirəsi aparıcı təşkilat kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinə göndərilmişdi. Ramazan Qafarlı həmin təhsil ocağında “Dədə Qorqud” Elmi-Tədqiqat Laboratoriyasının müdiri vəzifəsində çalışırdı. Dissertasiyamın müzakirəsindən əvvəl və müzakirə əsnasında Ramazan müəllimin dissertasiyamla bağlı fikirləri, dəyərli məsləhətləri mənə çox faydalı oldu. Yazdığım işlə bağlı belə dəyərli ziyalımızdan xeyir-dua almaq mənim üçün, əlbəttə ki, böyük bir mənəvi dayaq idi.

Ramazan Qafarlı 1951-ci ilin iyun ayının 17-də Şəki şəhərində sənətkar ailəsində anadan olmuşdur. Sovet dönəmində atası xüsusi mülkiyyətçi adı ilə həbs olunmuşdur. 1956-cı ildə atasının vəfatından sonra ailənin yükü anası Zərifə xanımın üzərinə düşür. Ailə 1961-ci ildə Bakı şəhərinə köçmüşdür. 1974-cü ildə V.İ.Lenin adına ADPİ-nin Filologiya fakültəsini bitirən R.Qafarlı İnstitutun Elmi şurasının qərarı ilə həmin ali məktəbdə saxlanılmışdır. Bir müddət müxtəlif ictimai vəzifələrdə çalışdıqdan sonra 1984-cü ildə N.Tusi adına ADPİ-nin əyani aspiranturasına daxil olur və 1988-ci ildə “Azərbaycan uşaq folkloru” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Həmin ildən bu ali təhsil ocağında çalışmağa başlamış, baş laborant, problem laboratoriyanın baş elmi işçisi, müdiri, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. 2011-ci ildə “Dədə Qorqud Elmi-Tədqiqat Mərkəzi”nin müdiri vəzifəsinə seçilmiş və Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olmuşdur. Alim 2003-cü ilin oktyabrından 2004-cü ilin fevralınadək Rusiyanın Sankt-Peterburq şəhərində doktorluq təcrübəsi keçmişdir. A.Gertsen ad. Rusiya Dövlət Pedaqoji Universitetinin Elmi şurasında onun “Мифологическая картина мира азербайджанского этноса” (“Azərbaycan xalqının təsəvvüründə mifoloji dünya modeli”) adlı doktorluq dissertasiyası mövzusu təsdiqlənmişdir. Tədqiqat işi həmin ali məktəbin “Etnokulturologiya” kafedrasında müzakirə olunub müdafiəyə buraxılsa da, ADPU-nun rəhbərliyinin təkidi ilə R.Qafarlı tədqiqatının mövzusunu dəyişməyə məcbur olmuş və 2010-cu ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Müdafiə Şurasında “Azərbaycan türklərinin mifologiyası (qaynaqları, təsnifatı, obrazları, genezisi, evolyusiyası və poetikası)” adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. Ramazan Qafarlı 2015-ci ilin dekabr ayında AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri vəzifəsinə şeçilmişdir və hazırda Folklor İnstitutunun şöbə müdiri olmaqla yanaşı beynəlxalq indeksli (İndex Copernicus) “Dədə Qorqud” ədəbi-elmi toplusunun da baş redaktorudur. Alim eyni zamanda ADPU-nun Quba filialının Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru kimi pedaqoji fəaliyyətini davam etdirir.

Ramazan Qafarlı 16 dərs proqramının, 14 monoqrafiyanın, 5 dərs vəsaitinin, bir neçə folklor toplusunun, o cümlədən “Mif və nağıl” (1999), “Azərbaycan mifologiyası” (2001), “Azərbaycan atalar sözləri, xalq mahnıları və dramlarının poetikası” (2001), “Folklor poetikası” (2001), “Mifologiya və folklorşünaslıq məsələləri” (2002), “Azərbaycan türklərinin mifologiyası (mifik dünya modeli, təsnifat)” (2004), “Azərbaycan türklərinin mifologiyası (bərpa, genezis)” (2004), “Mif, nağıl və əfsanə (epik ənənədə janrlararası əlaqə)” (2011), “Uşaq folklorunun janr sistemi və poetikası” (2013), “Mifologiya. Mifogenez: rekonstruksiya, struktur, poetika” (2015), “Mifologiya. Ritual-mifoloji rekonstruksiya problemləri” (2019) “Azərbaycan qorqudşünaslığı (məqalələr toplusu)” (2020) kitablarının, 300-dən çox elmi-publisistik məqalənin, AMEA Ədəbiyyat İnstitutunun hazırladığı 6 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildində (Bakı, Elm, 2004) və eləcə də 10 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildində (Bakı, Elm, 2018) yer alan oçerklərin – “Uşaq folkloru”, “Xalq dramları”, “Xalq mahnıları”nın müəllifidir.

Səmərəli elmi-pedaqoji fəaliyyətinə görə alim iki dəfə Azərbaycan Pespublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 2010-cu ildə “Qızıl qələm” media mükafatına layiq görülmüşdür. Görkəmli alim neçə illərdir ki, folklor poetikası, mifologiya, “Kitabi-Dədə Qorqud”un poetik strukturu, uşaq folkloru, xalq dramları, atalar sözü, aşıq sənəti və sufizm, Nizami və “Avesta” və s. mövzular üzərində tədqiqat işləri aparır.

Ramazan Qafarlı hər zaman öz prinsipiallığını və cəsarətini qorumağı bacaran, elmi həqiqətləri çəkinmədən deyə bilən və elmi əsası olmayan gerçəkliklərə, mülahizələrə qarşı açıq şəkildə mübarizə aparmağı bacaran əsl ziyalı, istedadlı tədqiqatçıdır. Söhbət Azərbaycan xalqının soykökü, milli, mənəvi dəyərlərinin qorunmasından gedirsə, Ramazan Qafarlı bu yolda heç nədən, heç kimdən çəkinmir, ağıl və bacarığının, alim zəkasının, istedadının bütün imkanlarını həqiqətləri üzə çıxarmaq üçün səfərbər edir, ən ağır elmi müzakirələrdə belə ağlının, fəhminin işığına arxalanaraq elm adına heç bir güzəştə getmir. Məhz buna görə Ramazan Qafarlının ziyalı qələmindən süzülüb ərsəyə gələn və gərgin zəhmətin, yuxusuz gecələrin bəhrəsi olan hər bir əsəri folklorşünaslıqda böyük hadisə kimi qiymətləndirilmişdir. İstedadlı alimin folklorşünaslıq sahəsində dəyərli əsərlərindən biri onun “Mif və nağıl” monoqrafiyasıdır. Təsadüfi deyil ki, Xalq şairi Bəxtiyar Vahabzadə də bu əsərlə tanış olandan sonra onu çox yüksək qiymətləndirərək haqqında çox yüksək fikirlər söyləmiş və həmin tədqiqatı “soykökümüzü tikanlardan təmizləyən əsər” kimi dəyərləndirmişdir.

Tədqiqatda ilk olaraq müəllifin vətəndaş mövqeyi, milliliyi, dərin biliyi, mülahizələrinin elmiliyi diqqət çəkir. Xalqımızı, millətimizi sevməyənlər, milli varlığımızdan narahat olanlar uzun müddət “mif ümumbəşəri anlayışdır, kiçik xalqa məxsus ola bilməz” konsepsiyasını əldə bayraq edərək kökümüzü bu torpaqdan ayırmaqla əsrlərdən bəri xalqımızın yaddaşında yaşayan müxtəlif adət-ənənələrimizi, inanclarımızı unutdurmağa çalışırdılar və qeyd edirdilər ki, Azərbaycan türklərinin mifologiyası, mifik görüşləri yoxdur. “Mif və nağıl” kitabı məhz həmin yanlış tendensiyaya cavab olaraq yazılmış olduqca sanballı bir tədqiqat əsəri kimi Azərbaycan türklərinin soykökündə dayanan mifoloji təfəkkürün mövcudluğunu, hətta bu mövcudluğun çox qədim tarixi köklərə malik olduğunu sərrast və tutarlı elmi dəlillərlə təsdiqləyir. Məhz bu yüksək keyfiyyətlərinə görə Xalq şairi Bəxtiyar Vahabzadə Ramazan Qafarlının bu tədqiqatını “özümüzə qayıdışın təsdiqi kimi” qiymətləndirirdi. R.Qafarlı tədqiqatda ortaya qoyduğu bütün problemləri faktlar əsasında həll edir. Qədim adətlərimizlə, inanclarımızla bağlı dilimizdə işlənən bir sıra ifadələrin elmi, məntiqi izahını verir və hətta yurdumuzun adət-ənənələrinin, yaşayış tərzinin, xalqımızın mifik düşüncəsinin dünya folklorşünaslığındakı izlərinə dair misallar gətirir. Bu tədqiqatda Azərbaycan türklərinə aid mifik görüşlər və mifik düşüncə tərzi dünyadan təcrid edilmiş halda deyil, bir sıra xalqların(yunan, misir) yaratdığı abidələrlə üzvi şəkildə əlaqədə təqdim olunur. Tədqiqatın hər səhifəsində, həttə hər cümləsində Azərbaycan türklərinin əski düşüncə tərzində, əski inanclarında öz soykökünə bağlılığının nə qədər möhkəm olduğu görünür. Bu, bir daha tədqiqatçının milli vətəndaşlıq mövqeyini, vətən təəssübkeşliyini, yurduna olan sonsuz məhəbbətini əyani şəkildə sübut edir.

Azərbaycan türklərinin epik ənənəsində əfsanə və rəvayətlərin xüsusi yeri olmuşdur. Vətənini, torpağını öz qanı bahasına düşmənlərdən qoruyan əcdadlarımız vətənin hər qarışına- hər daşına, dağına, çəməninə, çayına, çiçəyinə, quşuna əfsanələr düzüb qoşmuşlar ki, doğma yurdlarına öz möhürlərini vursunlar. Gələcək nəsillər də bu yerlərin məhz türklərə məxsus olduğunu təsdiqləyə bilsinlər. Adı çəkilən tədqiqatında alim mif və əfsanə, rəvayətlər arasında mövcud olan qarışıqlıqla bağlı dünya folklorşünaslığındakı fikirləri saf-çürük edir və sərrast elmi mülahizələri ilə bu janrların arasındakı sərhədləri müəyyənləşdirir. Tədqiqatçı eyni zamanda Azərbaycan folklorunda meydana çıxan zərərli bir tendensiyanı da – folklor materiallarının toplanıb yazıya alınması əsnasında toplayıcılar tərəfindən “qondarma” süjetlərin uydurulması və xalqın adına yazılması hesabına folklorumuzu zənginləşdirməyə “təşəbbüs edən” tədqiqatçıları da açıq şəkildə tənqid edir. Çünki xalq yaradıcılıq formalarının xüsusi qəlibləri, yaranma metodları var. Ayrı-ayrı yazıçılara xas olan fərdi yaradıcılıq üslubu ilə xalq yaradıcılığı formaları arasında nəzərə çarpacaq dərəcədə ciddi fərqlər mövcuddur. Xalq mahnımız olan “Apardı sellər Saranı” ilə “Apardı sellər Sarayı” adlı “uydurma” rəvayət arasındakı fərqləri ustalıqla üzə çıxardan tədqiqatçı poetik üslubi baxımdan xalq yaradıcılığına süni şəkildə edilən belə müdaxilələrin onu daha da korlamaqdan başqa bir şey olmadığını vurğulayır. Faktlar sübut edir ki, xalq mahnımız olan “Apardı sellər Saranı” daha qədim inanclara söykənir. Həmin qeydləri oxuyandan sonra “Dədə Qorqud kitabı”nda su ilə bağlı işlənmiş “su tanrı üzünü görmüşdür” fikrinin, həmçinin dilimizdə işlənən “su aydınlıqdır” ifadəsinin də bu qədim inanclarla bağlı olduğu və xalqın təfəkküründə min illərdən bəri yaşadığı aydın olur. “Tanrının üzünü görən suya” kult kimi yanaşılması inanclarda, alqış-qarğışlarımızda, atalar sözü və məsəllərimizdə bu gün də həmin magik izini qorumaqdadır: “Su kimi əziz ol”, “su harada, dirilik də orada”, “sularınız axar-baxarlı olsun” və s. Kitabı vərəqlədikcə dilimizin nə qədər zəngin və geniş üslubi, poetik imkanlara malik olmasını və tədqiqatçının dilimizin bu zənginliyini, poetik imkanlarını duya bilmək qabiliyyətini sadəcə alqışlamaq qalır. Dilimizdə “çox bahadır” əvəzinə işlənən “od qiymətinədir”, və “çox ucuzdur” ifadəsi əvəzinə işlənən “su qiymətinədir” ifadələrinin də kökləri çox əski inamlara dayanırmış. İlk dəfə məhz suyun önünü kəsən əjdahadan-oddan gözəl qızları qurban verməklə alınan su insanlara “od qiymətinə”, yəni odun qoyduğu baha qiymətə başa gəlirdi. Əjdahadan deyil, çaydan, göldən götürülən su isə daha ucuz- “su qiymətinə” başa gəlirdi. Tədqiqatçı əfsanələrin çevrilmələrindən danışarkən xalq dilinin geniş imkanlarına baş vurur və fikirlərini xalqın dilində işlənən əski ifadələrin izahlı yozumu ilə sübut edir. “Daş dinsə, o da dinər”, “bülbültək qəfəsdə olma”, “namusumuzu daşlardan, qayalardan soruş” ifadələri də ən qədim inanclarla bağlı olub əfsanə çevrilmələrindən əmələ gələn poetik fiqurlardır.

Azərbaycan şifahı xalq ədəbiyyatının bir çox janrlarını güllərsiz, çiçəksiz təsəvvür etmək mümkün deyil. Saflıqdan, gözəllikdən bəhs edən hər bir folklor nümunəsində güllərə, çiçəklərə müraciət edilmişdir. Tədqiqatda qızılgül saflıq və mənəvi paklıq rəmzi kimi təqdim olunur, lalənin əfsanələrimizdə yerinə yetirdiyi bir sıra funksiyalar təhlil edilir. Nərgiz çiçəyinin başının yana əyilməsinin səbəbini boynunu aşağı salıb suda öz əksinə tamaşa etməsi və öz gözəlliyi ilə öyünməsi kimi yozulması, bənövşənin baharın emblemi, bakirəlik, saflıq, fədakarlıq rəmzi hesab edilməsinə dair çox maraqlı əfsanələr, inanclar sadalanır. Kitabın “mif və sakral rəqəmlər” bölməsində Azərbaycan xalqının epik ənənəsində, xüsusən miflərdə, əfsanə və nağıllarda işlənən rəqəmlərin müxtəlif funksiyaları və onların işlənmə dairəsi maraqlı nümunələr əsasında təqdim edilir. İlkin arxaik ənənədə rəqəmlər daha çox kosmik, magik mənalarda işlənmiş, insanlar onların sehirli gücə malik olduğuna inanmışlar. Azərbaycan folklorunda rəqəmlərin əsas səciyyəvi xüsusiyyətləri bədii mətnlərdə onların ənənəvi şəkildə işlənməsidir. Bir çox rəqəmlər (3,4,5,7,9,40) təkcə folklorun epik janrlarında deyil, həm də bir sıra xalq şeirlərində, mərasim və ayinlərin keçirilməsi zamanı işlənirdi. Müəllif “Kitabi-Dədə Qorqud”un yazıya alınmamış boylarından danışarkən maraqlı bir fikir irəli sürür ki, oğuz türklərinin ən uğurlu rəqəmi 24 olsa da, (çünki tayfa birlikləri bu rəqəmlə bağlı idi) bu, dünyanın yaranmasında mövcud olan 2 mərhələdən birini ifadə edir. “Oğuz təsəvvürünə əsasən sakral rəqəmlərin tam mənzərəsini əks etdirən cədvəl tərtib edildikdə məlum olur ki, mənşəyinə görə ən əski çağlarla səsləşən dastanın boyları 32-də tamamlanır”.
Görkəmli folklorşünas
Tədqiqatçı “Mif və nağıl” kitabında ulu xalqımızın mənəvi dünyasına səyahət edir, sanki özünə yeni, sehirli bir dünya, bir sığınacaq kəşf edir və bu mənəvi aləmin zənginliyinə, mükəmməlliyinə heyran qaldığını özü də etiraf edir. Alimin 2011-ci ildə çap etdirdiyi “Mif, əfsanə, nağıl, epos”(Şifahi ənənədə janrlararası əlaqə) adlı monoqrafiyasında da, “Mif və nağıl”ın davamı kimi Azərbaycan türklərinin nağıl, əfsanə, rəvayət və eposları təhlil edilir. Mifin yuxarıda saydığımız folklor ənənələrinə təsiri, bu əlaqələrin prinsipləri göstərilir. Tədqiqatın “Mif və Epos” adlı bölməsində ulu kitabımız olan “Kitabi-Dədə Qorqud”la bağlı maraqlı fikirlərə rastlayırıq. Müəllif oğuzların əsrlərdən gələn qəhrəmanlıq dolu tarixinə güzgü tutaraq folklor ənənəsində bu tarixin necə əks olunduğunu izləyir. Oğuz dastanlarının Qərb və Şərq variantlarından danışarkən, əslində Oğuz dastanlarının şərq variantının olmadığı fikrini irəli sürür. Oğuz adının mənşəyi ilə bağlı səslənən müxtəlif fikirləri müqayisəli şəkildə saf-çürük edir. “Kitabi-Dədə Qorqud”un tədqiqat tarixini sistemli şəkildə dövrləşdirir və xronoloji ardıcıllığa riayət etməklə təqdim edir. Həmçinin “Kitabi-Dədə Qorqud”un “Müqəddimə”sində verilmiş atalar sözlərinin, Tanrıyla bağlı, Məhəmməd peyğəmbərlə bağlı, ailə, ər-arvad haqqında olan fikirlərin məzmunca Nizami Gəncəvinin əsərləri və yazılı epik ənənənin digər nümunəsi sayılan N.Tusinin “Əxlaqi nasiri” əsəri ilə müqayisəsi olduqca maraqlıdır. Alimin fikrincə, müqəddimədə verilən bu nəsihətçiliyin mayasında qələmə alındığı dövrün yazılı ədəbiyyat ənənəsi durur. Oğuz eposunu yazıya alan katiblər məhz bu ənənəni müqəddiməyə hopdurmağa çalışmışlar. Məsələn; Müqəddimədə “Allah-Allah deməyincə işlər olmaz...”, Nizami Gəncəvinin “Sirlər xəzinəsi”ndə: “Fikrin başlanğıcı və sözün sonu Tanrının adı ilədir”... Maraqlı məqam odur ki, N.Tusinin “Əxlaqi nasiri” əsərində də qadınlarla bağlı iki bölgü verilir ki, birinci bölgüyə görə qadınlar “Kitabi-Dədə Qorqud”da olduğu kimi 4 qismə bölünür. Evin dayağı olanlar, soy solduranlar, toy dolduranlar və bayağılar. “Kitabi-Dədə Qorqud”dan fərqli olaraq N.Tusinin qeyd olunan əsərində bədcins arvaddan dörd hiylə işlətməklə yaxa qurtarmağın mümkünlüyündən də bəhs edilir. Həmçinin F.Rəşidəddinin “Oğuznaməsi”ndə Oğuz xanın səfərləri ilə Makedoniyalı İskəndərin səfərləri arasındakı müqayisə, bu müqayisənin fonunda “Kitabi-Dədə Qorqud”da “Qazan bəyin dustaq olduğu boy”da Tumanın təkuru və Qazan bəy arasında yaşanan “düşməni öymə” hadisəsi arasındakı bənzərlik də maraq doğurur. Tədqiqatda “Kitabi-Dədə Qorqud”da olmayan daha 12 boy haqqında məlumat və onların məzmun hüdudlarının çəkilməsinə göstərilən cəhd də maraq doğuran məqamdır və təqdirəlayiqdir.
Görkəmli folklorşünas
Alimin “Azərbaycan türklərinin mifologiyası” adlı monoqrafiyası da, azərbaycanlıların mifologiyası yoxdur tendensiyasına layiqli və tutarlı cavab sayıla bilər. Tədqiqatçı mifoloji düşüncənin struktur səviyyələri, türk-oğuz eposunda mifoloji zaman və məkan anlayışı haqqında, xalqımızın qədim inancları ilə bağlı olan ilaxır çərşənbələri haqqında, Azərbaycan-türk miflərinin tematik-klassifikativ strukturu haqqında olduqca maraqlı mülahizələr yürüdür. İlaxır çərşənbələri dünyada bənzəri olmayan rituallar silsiləsidir ki, ilkin dünyagörüşü və təsəvvürlər toplu halında bütün xalq tərəfindən yaddaşda yaşadılır. Azərbaycanda İlaxır çərşənbələri adı ilə keçirilən mərasimlər barədə yazılı məlumata XIX əsrin 70-ci illərində “Əkinçi” qəzetində rast gəlinir. Çərşənbələrlə bağlı mülahizələrdə həftələrin ardıcıl sıralanması haqqında müxtəlif fikirlər irəli sürülürdü. F.F.Qasımzadə Novruzun mənşəyini zərdüştlüklə bağlayır və K.Vəliyevin fikirləri ilə razılaşırdı ki, çərşənbələrin ardıcıl sıralanmasında birinci torpaq, ikinci yel, üçüncü su, dördüncü isə oddur. M.Seyidov isə Novruzun mənşəyini zərdüştlükdən daha əski çağlarla əlaqələndirirdi. Ramazan Qafarlı da M.Seyidovun yuxarıdakı fikri ilə razılaşır və çərşənbələrin ardıcıllığını su, od, torpaq, yel çərşənbələri şəklində sistemləşdirir.
Görkəmli folklorşünas
Tədqiqatçının “Azərbaycan uşaq folkloru”(2011) adlı monoqrafiyası isə bizi şifahi xalq ədəbiyyatımızın mühüm qollarından biri olan uşaq folkloru adlı möcüzələr aləminə aparır. Monoqrafiyada Azərbaycan türklərinin uşaq folkloru ilk dəfə sistemli şəkildə tədqiq olunur. Uşaqların zehni və intellektual inkişafına yönələn tapmacaların məzmunca riyazi, söz oyunlu, informativ, emosional, intellektual və s. fərqli formaları ilə tanış olduqca xalqımızın nə qədər zəngin, intellektual potensiala malik olduğuna heyran qalmamaq olmur. Xalqımız uşağa olan məhəbbətini görün necə emosionallıqla ifadə edir:

“Tərəzidə çəkilməz
Bazarda satılmaz
Baldan şirin dadı var,
Yemək olmaz, canı var”.

Və ya məhəbbət və yaxşılıq kimi duyğuların uşaqların zehnində poetik qavrama biçimi görün necə mükəmməl düşünülüb:

“O nədir dərya kimi bölünməz,
O olmasa, bütün dünya dolanmaz ”.


Bəli, “dünyanı məhəbbət və yaxşılıq xilas edəcək” duyğusu bir misra ilə uşaq yaddaşına ilmə-ilmə naxışlanan ən ülvi duyğulardır. Bu mənada, tədqiqatçının gərgin zəhmət və böyük fədakarlıqla toplayıb ərsəyə gətirdiyi bu monoqrafiya təkcə elm aləmi üçün deyil, kiçik nəslin nümayəndələri üçün də dəyərli töhfə sayılmalıdır.

Tədqiqatçı mifologiya ilə bağlı tədqiqatlarını sonralar da davam etdirmiş, mifologiya elminin müxtəlif problemlərinə həsr olunmuş VI cildlik “Mifologiya” külliyyatının I və II cildlərini çap etdirmişdir.

2020-ci ildə nəşr etdirdiyi “Azərbaycan qorqudşünaslığı” adlı məqalələr toplusunda alim “Kitabi-Dədə Qorqud” haqqında müxtəlif illərdə müxtəlif tədqiqatçılar tərəfindən yazılan bir sıra dəyərli məqalələri bir yerdə toplayaraq təqdim edir.
Görkəmli folklorşünas
R.Qafarlının Xalq şairimiz Bəxtiyar Vahabzdənin yaradıcılığının təbliği sahəsində gördüyü işlər isə xüsusi təqdirəlayiqdir. Tədqiqatçı şairin əsərlərini XII cilddə və nəfis tərtibatda çapa hazırlamış və bunu mənəvi atası hesab etdiyi ustadına vəfa borcu bilmişdir. Həmçinin B.Vahabzadə yaradıcılığına həsr olunan bir neçə Beynəlxalq konfransın təşkilatçısı olmuşdur. B.Vahabzadə yaradıcılığı həm Azərbaycan ədəbiyyatı üçün, həm də bütövlükdə türk dünyası üçün milli, mənəvi, mədəni birlik manifesti kimi dəyərlidir. Ürəyində vətən, millət, dil sevgisi olan hər bir vətəndaş, hər bir ziyalı bu poeziyanı yaşatmalı, təbliğ etməlidir. Çünki bu poeziyanın mayasında elin ruhu, xalqın milli-mənəvi dəyərləri, zəngin folkloru dayanır.

Yaxın günlərdə Ramazan müəllimin 70 yaşı tamam olacaqdır. Ramazan Qafarlı 70 illik bu təlatümlü ömründə sevinci də doya-doya yaşadı, kədəri də. Haqsızlıqla, ədalətsizliklə rastlaşanda, özünə qarşı layiq olmadığı ögey münasibət görəndə hirsi yumruğunda düyünləndi, qəhəri boğazında... Bəzən dünyada hər kəsin yadından çıxdığını, tək qaldığını ürək yanğısı ilə dilə gətirdiyi anlar da oldu:

“Nə olsun ki, biz varıq
Yox kimiyik dünyada.
Toza dönüb uçarıq,
Düşmərik bir də yada”

(R.Qafarlı)

Lakin qələmini heç vaxt yerə qoymadı. Ramazan Qafarlı susduqca elmimiz üçün bir-birindən dəyərli tədqiqat əsərləri ərsəyə gəldi və onun yerinə danışdı. Bu yazının yazıldığı ərəfədə Ramazan müəllimlə bağlı sevindirici bir xəbər də oxudum. Çalışdığı AMEA Folklor İnstitutunun Elmi Şurası alimə professor elmi adı verilməsi haqqında qərar vermişdir və Folklor İnstitutunun təşkilatçılığı ilə alimin anadan olmasının 70 illiyi münasibəti ilə Beynəlxalq elmi konfrans keçiriləcəkdir. Bəli, Ramazan Qafarlı kimi dəyərli elm xadimlərimiz, ziyalılarımız hər zaman diqqətlə, qayğı ilə əhatələnməlidir.

Möhtərəm professor!
Sizi 70 illik yubileyiniz münasibəti ilə bir daha ürəkdən təbrik edirəm. Sizə ilk olaraq möhkəm can sağlığı, hər zaman elm məbədimizin müqəddəsliyini qorumağı və onu indiki kimi uca tutmağınızı arzu edirəm. Siz uca Allahın Sizə yazdığı ömrün 70 ilini şərəflə, alnıaçıq yaşadınız. Nə diliniz, nə də ziyalı qələminiz heç zaman inandığı doğru yoldan kənara çıxmadı. Siz hər zaman ən uca kürsülərdən ancaq elmi həqiqətlərin carçısı olmusunuz. Dahi Səməd Vurğunun sözləri ilə desək, el qədrini canından daha əziz tutanlar öz ömrünü heç vaxt bada vermirlər. Siz də elin qədrini, yurdun qədrini hər zaman öz ömrünüzdən uca tutmusunuz. Ömrünüzü elin, xalqın və onun zəngin folklorunun, adət-ənənələrinin, mənəvi dəyərlərinin qorunması, təbliği yolunda çırağa döndərmisiniz. Allahın haqq nuru hər zaman ömrünüzə çıraq və Sizə dayaq olsun!

Nizami Adışirinov
Filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Bakı. 5 iyun 2021-ci il.

Görkəmli folklorşünas






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31