manera.az
manera.az

NOVRUZ – yaranış, oyanış və yeniləşmə bayramı

NOVRUZ – yaranış, oyanış və yeniləşmə bayramı
İşıq - qaranlıq. Qədim türklər təbiətlə bağlanan bayramlara xüsusi önəm verirdilər. İlk olaraq işığın (istinin, xeyrin) mənbəyinə - günəşə, aya, ulduzlara tapınan əcdadlarımız bütün zamanlarda başını uca tutmuş, həmişə ümidini göylərə dikmiş, təsəllisini göylərdən almış və əllərini göyə qaldırıb göy üzündən pənah diləmişlər.

İşıq - istilik - canlılıq Xeyrin, qaranlıq - soyuq - ölüm isə Şərin əlamətləri sayılmışdır. Əsas tapınaqları Təbiət və onun stixiyaları (hadisələri) olmuşdur. Təbiətin bir üzünün ağlığı (işıqlılığı), digərinin qaralığı (qaranlıqlığı), bir çağının istiliyi, o birinin soyuqluğu də Xeyrə, Şərə yozulmuşdur. Beləcə qoca Zamanı da ikiləşdirmişdilər: Xeyirin zamanı və Sərin zamanı. Xeyirin zamanı yazın gəlişi ilə başlayır.

Göydən düşən işığın, nurun bəşər oğlunun doğuşunun əzəlində, körpəliyində təfəkküründə, ilkin dünyagörüşündə açdığı izlər o qədər təsirli və dərin olmuşdur ki, minilliklər, uzun əsrlər ötüb-keçsə də, unudulmamış, adət-ənənələrin, mədəniyyət amillərinin hər birinin mayasına hopmuşdur. Lap başlanğıcdan odun kəşfi ilə əbədiləşdirilmiş və mərasimləşərək tonqalla rəmzləşdirilmişdir. Göyə məxsus işığın, istiliyin yerdə nişanəsi əvvəl mağaralardakı, sonralar isə çadır-otaqlardakı ocaq idi. İnsanların ocaq başına toplaşması Dünyanın əbədi İşığından içəriyə istilik, nur çəkməyə bərabər tutulurdu. Və bəşər oğlunun dünyabaxışı, əqidəsi dəyişdikcə həmin işığın da məğzi, məna tutumu genişlənmiş, nəhayət, Vahid yaradıcının Nuruna qovuşmaq şəklində kodlaşmışdır. İlahi İşığın, istiliyin - İlaxır — Novruz bayramının təməli insanın təbiətə tapınmasında qoyulsa da, ocağın vətənləşməsi, yurdlaşması, övladla əlaqələnməsi sonralar əcdad kultunun əsas amili kimi yaddaşlara hopması ilə nəticələnmişdi. Əski Türk təqviminin ilk ayının adının “Ocaq” adlandırılması məhz bu inamla bağlıdır.

Tarixi baxımdan elmdə Novruz (İlaxır) bayramı ilə bağlı iki qənaət mövcuddur:

1. Türklərin ən qədim təbiət bayramıdır. Çin mənbələrində b. e. yüz illər öncə Hunların 21 martda bahar şənlikləri təşkil etdikləri barədə qeydlərə rast gəlirik. Uyğur türklərinin də hətta müasir adətlərlə eyniyyət təşkil edən yaz mərasimləri mövcud olmuşdur. Qobustan qayaüstü rəsmlərində isə daha qədim çağlara aid ilin dəyişməsi ritualının təsviri əks olunmuşdur. Türklərin “Ərgənəkon” dastanında əski yurda dönüş yazın ilk günü ilə bağlanır və üç min əvvəl bünövrəsi qoyulmuş adət - kürədə qızdırılan dəmiri döymə törəni bu gün də ən yüksək dairələrdə icra olunur.

2. Əski İran əfsanələrindən törəyən mərasimdir. “Novruz” fars dilindən keçmə sözdür, anlamı “yenigün” deməkdir. Təbiidir ki, Novruz adlı bayram haqqında məlumatlar da farsdilli mənbələrdə özünə yer almalı idi. XI əsrin yazılı abidələrində, xüsusilə Firdovsinin “Şahnamə”sində “Novruz”dan bəhs edilir. Farslarda məhz bu zamandan sonrakı çağlara aid ədəbiyyatlarda ondan geniş bəhs olunur. Əgər farslarda da Qafqaz türklərində, hunlarda olduğu kimi daha qədimlərdən bahar bayramı keçirilsəydi, mütləq çoxsaylı yazılı abidələrində ondan bəhs olunardı. Professor Azad Nəbiyevin qənaətinə görə, Novruz bayramı Əhəmənilər dövründə e. ə. 350-ci ildən qeyd olunsa da, tarixi kökləri zərdüştlükdən əvvələ gedib çıxır.

Novruz qədim əkinçilik mədəniyyəti ilə bağlı olan yaz bayramıdır

Bayramın bütün əlamətləri — tonqal qalamaq, səməni cücərtmək, kosa-keçi tamaşaları, günəşi çağırış, qodu ilə qapıları döymək, savaşı saxlamaq, umu-küsülüyə son qoymaq, dünyadan köçmüşləri yad etmək, yumurta boyamaq, yumurta döyüşdürmək, yeddi növ nemətdən xonça hazırlamaq, ev-eşikdə, həyət-bacada yır-yığış etmək, təmizlik işləri görmək, ocaqda qazan qaynatmaq, papaq (yaylıq) atmaq, bacadan xurcun sallamaq, ev sakinlərinin hamısını ocağın başına toplamaq, qulaq falına çıxmaq təbiət-insan qarşılaşmasının rituallaşması və bayramlaşmasıdır, onun heç bir dinlə xüsusi bağlantısı yoxdur. Əksinə, tarixin müxtəlif dönəmlərində İlaxırın işığından bütün dinlər faydalanmışdır.

Azərbaycanda “Ölülər bayramı” varmı?

Türkiyə mənbələrində yazırlar ki, Şərqi Anadolu və Azərbaycanda Novruz günlərindən biri “Ölülər bayramı” adlanır. O gün qohumların qəbirləri ziyarət edilir, ata-babalar xatırlanır, ruhları üçün dualar oxunur. Doğrudur, ilin axır çərşənbəsində ata-baba ruhunun xatırlanması Azərbaycan Novruzunun əsas törənlərindən biridir. Lakin heç yerdə insanları barışa, dostluğa, xeyir iş görməyə çağıran bayrama “Ölü” adı verilmir. Bir-iki qəzet yazısında guya hansı bölgədəsə yazqabağı mərasimlərdən birinin “Ölü çərşənbəsi” adlandırıldığı qeyd olunsa da, bunu təsdiqləyən elmi dəlil yoxdur.

İlin axır çərşənbəsində nə üçün tonqallar qalanır?

İlin axır çərşənbəsində qalanan tonqalın əcdad kultuna bağlanan bir yozum mövcuddur. Belə ki, nə üçün tonqallar qalanır? - sualına el ağsaqqalları belə cavab verirlər: - Ulu əcdadlarımız hesab edirdilər ki, ildə bir dəfə ölmüş babalarının ruhları öz nəvə-nəticələrinə baş çəkməyə gəlirlər. Ata-baba ruhlarının gəlişinin vaxtı İlaxır çərşənbəyə düşür. İnsanlar çoxlu odun, çır-çırpı toplayırlar, böyük tonqallar qalayırlar ki, ətraf işığa qərq olsun, gecənin zülməti ərisin, ata-baba ruhları yurdlarını asanlıqla tapa bilsinlər. Əgər onlar görsələr ki, nəsilləri yaşayan evlərdə ocaqlar sönüb, elə başa düşərlər ki, qoyduqları adət-ənənələr tapdanıb, övladlarına qalan var-dövlət göyə sovrulub, hər şey məhv olub, qayıdıb gedərlər və bir də o tərəflərə gəlməzlər. Görsələr ki, ocaqlardan tüstü gəlmir, xörəklər bişirilmir, nəvə-nəticələri deyib-gülmürlər, ac-yalavacdırlar, küsülüdürlər, onda da inciyər və bir də oralarda görünməzlər. Məhz bu inama görə, İlaxır çərşənbə axşamı tonqallar qalanır, şənliklər keçirilir, umu-küsü aradan götürülürdü. Doğrudan da, dünya xalqlarının çoxunda özünə yer almış tonqal qalama, ətrafında ayinlər keçirmə bütün hallarda gün batandan sonra başlanır.

Kosanı oyun çıxarmağa nə vadar edir?

Novruz bayramının qədimliyini şərtləndirən ən mühüm cəhət Kosa-Keçi və Qodu-Qodu oyun-tamaşalarıdır. Ulu əcdad təbiəti həmişə insan və heyvanlarla müqayisədə təqdim etmişdir. Qışın soyuqluğunu kosa, çisi, buludu, dumanı keçəl qız, yazı keçi kimi obrazlaşdırmışdır. Günəşi çağırma mərasimində oxuyurdular ki:

Gün çıx, gün çıx,
Kəhər atı min çıx.
Keçəl qızı qoy evdə,
Saçlı qızı götür çıx...

Bütün varlıqların yaradıcısı Günəşin keçəl qızı bulud, duman, saçlı qızı isə onun şüalarıdır.

Yumurta boyamaq, yaxud bayramın rəngləri

Yumurta – törənişinin, təbiətin oyanmasının, həyatın təzələnməsinin, cansızın canlanmasının simvoludur. Yumurtaları boyamaq və onları döyüşdürmək ənənəsi çox əski çağlardan qalmışdır. Adətən, yumurtaların boyanmasında və Novruz xonçasının hazırlanmasında yeddi rəngdən istifadə edirdilər. Bu rənglərin hər birinin türk tarixində öz mənası və yeri vardır.

Türkün rənglər dünyası

Əski türklərdə Dünyanın dörd istiqamətinin hər biri bir rənglə əlaqələndirilmişdir: Quzey (şimal) - qara, güney (cənub) - qızıl, doğu (şərq) - göy, batı (qərb) - ağ. Coğrafi adlarda da rəng simvolikasına rast gəlirik: Qara dəniz, Ağ dəniz, Qısıl dəniz, Göy göl, Göygə gölü, Qaradağ, Qarabağ. Eləcə də türk soylarının adında rənglərdən istifadə edilirdi: Ağ Hunlar, Boz Hunlar, Göy Türklər, Ağ Orda, Qara Orda, Ağqoyunlu, Qaraqoyunlu. Ümumilikdə götürəndə türklərin önəm verdikləri rənglər bunlardır: ağ, qara, boz, qızıl (qırmızı, al), göy (mavi), yaşıl, sarı. Novruz xonçasında (yeddi löyün nemətlər və yeddi rənglı yumurtalar) bu rənglərin hər birindən gen-bol işlənilir.

Su, Od, Torpaq və Yel çərşənbələri - həqiqət, yoxsa uydurma?

Qəribədir ki, yalnız ötən ilin 80-ci illərindən başlayaraq yazqabağı mərasimlər silsiləsindən geniş bəhs olunur və bayramın xalq arasında xüsusi təntənə ilə qeyd olunan axır çərşənbəsinə daha üç çərşənbə də artırılır. Bu barədə çoxsaylı yazıların ümumi qayəsi budur ki, Novruz gününə aparan yol dörd mərhələdən – çərşənbədən keçir. Bunlar su, od, torpaq və yel çərşənbələridir. Sonuncu həm də İlaxır çərşənbə adlanır. Guya su çərşənbəsində su mənbələri təmizlənir və təzələnir. İkinci çərşənbənin odla əlaqələndirilməsi də əbəs yerə deyil. O, günəşin hərarətinin artması ilə izah olunur. Üçüncü çərşənbədə torpaq oyanır. İlaxır çərşənbədə isə küləyin köməyi ilə bütün varlıqlar canlanır, ağaclar tumurcuqlayır. Sonuncu iki çərşənbənin Yel, sonra Torpaq ardıcıllığı ilə sıralanmasını deyənlər də var. Çərşənbələrdə, xüsusən də İlaxır çərşənbəsində, eyni zamanda bayram günündə hava qaralana yaxın tonqal qalanar, hər kəs onun üzərindən tullanar. Bu sözləri söyləyərlər: “Ağırlığım, uğurluğum burda qalsın!!!”, “Dərdim, bəlam odda yansın”. İnanca görə, odun üzərindən tullandıqdan və həmin sözlər deyildikdən sonra onlar köhnə ilin bəlalarından, xəstəliklərindən qurtulur, yeni ilə paklanmış, təmizlənmiş, sağlam olaraq gedirlər.

Hamını maraqlandıran həqiqətə aydınlıq gətirmək üçün onu da vurğulayım ki, sovet dönəmində Novruz bayramına dini don geydirilərək keçirilməsinə qadağa qoyulsa da, xalq həmişə ilin axır çərşənbəsini və yazın gəlişini böyük təntənə ilə bayram edirdi. 1980-ci illərin ikinci yarısında Novruzun üzərindən qadağa rəsmi şəkildə götürüldü. O zaman BDU-nin Folklor kafedrasında çalışırdım. Mərhum professor Azad Nəbiyevlə birlikdə dünyanın yaranmasında iştirak edən dörd ünsürlə (su, od, torpaq, yel) bağlı qədim inancları, atalar sözü və məsəlləri toplayıb ilk dəfə 1987-ci ilin fevral ayından başlayaraq hər çərşənbə günü “Kommunist” qəzetində su, od, torpaq və yelə aid çoxlu materiallar çap etdirdik. Bu təşəbbüs gözləmədiyimiz maraqla qarşılandı, o vaxtdan çərşənbələri ünsürlərlə bağlı qeyd etmək ənənə halını aldı. 1988-ci ildə “Əzəl çərşənbələr” adında bir toplu da buraxdıq. Bundan sonra hər il Novruzla bərabər dörd çərşənbə də bu adlarla qeyd olunmağa başladı. Bir vaxtlar “Əkinçi” qəzetində belə bir məlumat dərc olunmuşdu ki, ötən çağlarda yazqabağı çərşənbələrdə təntənələr ab, atəş, xak və bada həsr olunurdu, Biz bu məlumata əsaslanaraq rituallar sistemini bərpa etməyə təşəbbüs göstərmişdik. Sonra mütəxəssis və həvəskarların bu məsələ ətrafında mübahisələri KİV-lərə yol tapdı. Çərşənbələrin ardıcıllığını hərə bir cür yozmağa başladı. Müxtəlif konsepsiyalar irəli sürdülər. Əslində cərşənbələrin adları ideyasının xalqa elm adamları tərəfindən ötürülməsinin heç bir ziyanı yox idi. Novruzun yaradılış, törəyiş, uğur, bərəkət bayramı olmasını elm sübut edir. Biz dünyanın yaranışının mifoloji modelinin tətbiqinə əsaslanaraq ilkin ünsürlərlə bağlı inancları gündəmə gətirmişdik. Bu addım xoş istəkdən doğurdu, amma sanki bununla bəzilərinin əlinə girəvə vermişdik, özlərindən qəribə “kəşfrər” etdilər. Bəziləri “ağac”, “kül” çərşənbələrini meydana atdılar, “ölü” çərşənbədən danışanlar da tapıldı. Biri yazdı ki, “torpaq” axırıncıdır, digəri ona qarşı çıxdı, finişi “yel”ə, ya da “oda” verdi.

Papaq və yaylıq atıb pay istəmə adəti

Yaz bayramında hamının gözütox olması, təbiətin nemətlərindən pay alması vacibdir. Lakin bir məsələ mübahisə doğurur və yad təsirlərdən yarandığı daha ağlabatan görünür. Axır çərşənbə axşamı yeniyetmə oğlanlar və qızlar qapıları gəzib papaq, yaylıq atırlar, gizlənib pusurlar. Ev sahiblərindən pay almayınca oradan getmirlər. Papaq qeyrət, namus, yaylıq abır-həya rəmzidir. Papaq və yaylıq insandan yuxarıda yerləşdiyi üçün Yaradana daha yaxındır. Papağın və yaylığın ayaqlar altına atılması, pay tələb edilməsi əslində aşağılıqdır. Qadının baş örpəyi ancaq savaşın, qan tökmənin qarşısı alınarkən araya atılırdı. Evin bacasından xurcun, torba sallamaq, yerə qurşaq sərməklə bağlı qədim adət ölkəmizın müstəmləkə çağlarında papaqla əvəz edilmişdir.

“Ey türk milləti, torpağına sahib çıx!..”

Bu çağırış qədim türk dastanı “Ərgənəkon”dan götürülmüşdür. Ulu əcdadlarımızın söylədiyinə görə, türklər bir zamanlar düşmən tərəfindən hiylə ilə yenildiklərindən böyük itki verərək doğma yurdlarını tərk etmək məcburiyyətində qalmış və keçilməz dağlarla əhatələnmiş bir ovalığa sığınmışdılar.

Türklərin yerləşdikləri həmin ölkədə axar sular, qaynaqlar, ovlaqlar, bulaqlar, cürbəcür bitkilər, dadlı meyvələr vardı. Belə yeri görüncə, onlar Allaha şükür etdilər. Qışda heyvanların ətini yedilər, dərisini geyindilər, yazda südünü içdilər. Bu ölkəyə Ərgənəkon dedilər.

Zaman keçdi, çağlar axdı, türk nəsilləri o qədər artdı ki, Ərgənəkona sığmadılar. Dörd yüz ildən sonra çarə tapmaq üçün qurultay topladılar. Dedilər: “Atalarımızdan eşitdik, Ərgənəkonun dışında geniş ormanlar, gözəl ölkələr var. Bizim yurdumuz da əskidən o yerlər imiş. Dağların arasını araşdırıb yol tapaq, köçüb gedək. Ərgənəkondan kənarda kim bizə dost olsa, biz də onunla dost olaq, kim bizə düşmən olsa, biz də ona düşmən olaq”.

Türklər qurultayın qərarına əsasən Ərgənəkondan çıxmaq üçün yol aradılar, tapmadılar. O zaman bir dəmirçi dedi ki: “Dağda bir dəmir mədəni var. Dəmiri əritsək, bəlkə dağ bizə keçid verər”.

Gedib dəmir mədənini gördülər. Dağın geniş yerinə bir qat odun, bir qat kömür dizdilər. Dağın altını, üstünü, yanını, yönünü odun-kömürlə doldurdular. Yetmiş dəridən yetmiş böyük körük düzəldib yetmiş yerə qoydular. Odun-kömürü odlayıb körüklədilər. Allahın yardımıyla dəmir dağ əridi, yer açıldı. Bir yüklü dəvə çıxacaq qədər yol əmələ gəldi.

Sonra göy yellikli bir Bozqurd çıxdı ortaya; haradan gəldiyi bilinmədi. Bozqurd gəldi, Türkün önündə dikilib durdu. Hər kəs anladı ki, yolu o göstərəcək. Bozqurd yürüdü; ardından da Türk milləti irəlilədi. Və Türklər Bozqurdun öndərliyi ilə o müqəddəs ilin müqəddəs ayının müqəddəs günündə — Ocaq ayının 21-də Ərgənəkondan çıxdılar.

Türklər o günü, o saatı əbədi yadda saxladılar. Bu müqəddəs gün Türklərin bayramına çevrildi. Hər il o gün böyük törən düzəltdirlər. Bir parça dəmiri atəşdə qızdırdılar. Bu dəmiri öncə Türk xaqanı qısqacla tutub zindana qoyur, çəkiclə döyürdü. Sonra şöhrətli Türk bəyləri bir-bir gəlib eyni işi yerinə yetirərək təntənəni davam etdirirdilər. Bu törən zamanımızadək yaşadılıb və 2007-ci ilin noyabrın 17-də Bakıda, “Gülüstan” sarayında Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında bir daha baş tutub. İlk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çəkiclə dəmiri döyəcləyib.

Ərgənəkondan çıxdıqları zaman türklərin xaqanı Kayı Xan soyundan gələn Börtəçin (Bozqurd) idi. Börtəçin bütün ellərə elçilər göndərdi. Onlara Türklərin Ərgənəkonu tərk edib əski yurda döndüklərini bildirdilər.

Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək, “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığin yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyatımıza daxil olmuş, insanlara aydın və isıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir.

Əsrlər boyu Novruz bizim üçün təbiətin və ana torpağın oyanması, baharın gəlişi olmaqla yanaşı, həm də barış və saf niyyətlər bayramı olmuşdur”.

Novruz – törəyiş, yaranış, oyanış, yeniləşmə bayramı olaraq dərin köklərə söykənən qədim ənənələri üzə çıxarır və Türkün yenilməzliyini, birliyini, işığa, xeyirə meylliliyini bütün dünyaya bir daha əyani şəkildə nümayiş etdirir.

Ramazan QAFARLI,
filologiya elmləri doktoru, professor
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031