“Tale ona iki 5 verir” - Yubiley
![]()
Görkəmli telejurnalist Rafiq Həşimovun 55 yaşı tamam olur.
Avqustun 11-də tanınmış televiziya aparıcısı, diktor, rejissor, ssenarist və esseist Rafiq Həşimovun 55 yaşı tamam olur.
Uzun zamandan bəri fəal çalışdığı televiziya sahəsində və bütövlükdə çağdaş ədəbi-mədəni mühitimizdə Rafiq Həşimovun özünəməxsus yeri, sayılıb-seçilən mövqeyi var.
Həyat və fəaliyyət yoluna nəzər salanda tam dəqiqliyi ilə aydın olur ki, bu mövqeyə o, özünün parlaq istedadı və digər üstün şəxsi keyfiyyətləri, xüsusən də, bir neçə onillik boyu aramsız davam edən gərgin yaradıcı zəhməti hesabına yüksəlib.
Rafiq Məhəmməd oğlu Həşimov 1966-cı ildə anadan olub. 1985-ci ildə Bakı Rabitə Texnikumunun “Televiziya və radio texnikası” fakültəsini bitirib. 1985-87-ci illərdə hərbi xidmətdə olub. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində 1987-ci ildə texnik kimi fəaliyyətə başlayıb. Sonradan videooperator, montajçı kimi çalışıb. 1997-ci ildə Baki Dövlət Universitetinin “Jurnalistika” fakültəsini bitirib. 1990-cı ildən bu günə qədər diktor kimi fəaliyyət göstərir. Bu illər ərzində “Xəbərlər”in, müxtəlif dövlət tədbirlərinin, “XX əsr” müəllif proqramının, “Səhər” proqramının aparıcısı olub. Nitq mədəniyyəti ilə bağlı “Space”, “Lider” və “Xəzər” telekanallarında aparıcılara və müxbirlərə məşğələlər keçib, “Xəzər” Universitetində dərs deyib. Ssenariləri əsasında bir çox ekran əsəri (“Səyyahın gündəliyi”, “Günəş və bulud”, “İki əsrin fenomeni”, “Gözümün işığı”, “Diktor”, “Odlar torpağının suyu”...) yaradılmış R.Həşimov 2011-ci ildə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə, şəhid Fuad Əsədov haqqında “Yarımçıq gündəlik” bədii-sənədli filmini, 2013-cü ildə isə görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadədən bəhs edən “Səttarın Azərbaycanı” sənədli filmini çəkib. “XX əsr” adlı kulturoloji müəllif proqramının müəllifi və aparıcısı kimi Azərbaycanın görkəmli elm, mədəniyyət, incəsənət xadimlərinə həsr olunmuş filmlər və verilişlər hazırlayıb. Ümummilli Lider Heydər Əliyevin 4 noyabr 1998-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.
Ədəbi fəaliyyətilə də seçilən Rafiq Həşimovun hekayələri (“Yuva”, “Bir saat”, “Allahdan qorxurdu”, “Körpü”, “Qaraböcək”...), esseləri (“Kitab”, “Söz”, “Tarix”, “Uşaqlar”, “Zəhra ilə söhbət”...), eləcə də Herman Hesse, Xorxe Luis Borxes, Şeslav Miloş və digər ədiblərdən tərcümələri nüfuzlu dərgilərdə, qəzetlərdə çap olunub. O, 2008-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2014-2020-ci illərdə AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədr müavini kimi çalışıb. 2020-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar
Rafiq Həşimovu 55 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, onu yaxından tanıyan dostlarının, həmkarlarının, ölkəmizin tanınmış simalarının təbrikləri çatdırır, dəyərli sənətkarımıza möhkəm cansağlığı, uzun ömür, yeni uğurlar arzulayırıq. ![]()
“Tale ona iki 5 verir”
Bizim zəmanədə polifonik, hərtərəfli və uğurlu İnsan olmaq çətindir. Geniş, əhatəli biliklərə sahib olmaq, gözəl nitqə, natiqlik məharətinə malik olmaq, publikanın sevimlisinə çevrilmək... Rafik Həşimov bütün bunlara büsbütün müvəffəq olmuş adamdır. O, bizim həmvətənlərimizin yaxşı tanıdığı məşhur teleaparıcı, istedadlı ssenarist və rejissordur. Bu gün tale ona iki 5 verir. Rafiq Həşimovu yubileyi münasibətilə təbrik edirəm, ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram.
Çingiz Abdullayev
Azərbaycan Yazıçılar Birliyinin I katibi,
Xalq yazıçısı
“İntellekt, peşəkarlıq, dəqiqlik, insanlıq”...
“Danış ki, səni görüm”. Filosof Sokratın dediyi bu fikri Rafiq Həşimov şəxsiyyəti üzərindən proyeksiya etsək belə bir mənzərə yaranar: İNTELLEKT, PEŞƏKARLIQ, DƏQİQLİK. Və bir də... Bir də bütün bu keyfiyyətlərin fövqündə dayanan İNSANLIQ. Rafiq Həşimovla 5 dəqiqəlik ayaqüstü söhbət belə kifayətdir ki, onu bir insan, bir ziyalı, həyatını jurnalistikaya həsr edən peşəkar və punktual şəxs kimi kəşf edəsən. İlk növbədə diqqətli dost və həmkar kimi Rafiq müəllimi doğum günü, 55 illiyi münasibətilə ürəkdən təbrik edir, yubilyara möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram.
Rövşən Məmmədov
"Azərbaycan Televiziya və Radio Verilişləri”
Qapalı Səhmdar Cəmiyyətinin sədri
“Sözün səslənməsinə qədər olan mərhələlərin özündə yaşayır...”
Rafiq Həşimov sözün səslənməsinə qədər olan mərhələlərin özündə yaşayır. Əvvəlcə hiss edir, sonra səsləndirir. Səslənən tərəfi, zahiri səlisliyi onun üçün nitqin mədəniyyət olaraq daxili tərəfinin davamıdır. Böyük sözün, parlaq təsvirin və zərif musiqinin yolçuluğuna çıxmaq və bu məfhumların hər birinin peşəkar təqdimatını həyata keçirə bilmək hər kəsə nəsib olmur. Rafiq Həşimov öz peşəsində sözü, təsviri və musiqini tamaşaçıya vəhdətdə təqdim edə bilib. Sonradan yaradıcı fəaliyyətini kinorejissor kimi davam etməsinə yol açan daxili tələbatı idi bu eyni zamanda.Ömrünün 55-ci ilində ona daim sağlam olmağı, köks genişliyi, ən yaxşı müsahibələri, ən uğurlu ekran əsərlərini arzu edirəm…
Ceyhun Əli
teleaparıcı, jurnalist
“Öz əqidəsinə, öz prinsiplərinə xəyanət etməyən insan...”
Rafiq sözün əsl mənasında YARADICI insandır. Zənnimcə Rafiq incəsənətin hansı sahəsini seçməyindən asılı olmayaraq, eyni uğuru, eyni müvəffəqiyyəti qazana bilərdi. Mən televiziyaya 90-cı ildə gəlmişəm. Artıq 30 ildən çoxdur ki, Rafiqi tanıyıram. Deyirlər ki, aradan keçən zaman, məşhurluq, vəzifə insanı dəyişdirir, amma vəzifə onu dəyişdirməyib. İlk tanıdığım gündən bəri Rafiq bir şəxsiyyət olaraq necə idisə, elə də qalıb. Öz əqidəsinə, öz prinsiplərinə xəyanət etməyən insan kimi.
Dilarə Səlim
diktor, telejurnalist
Azərbaycan Respublikasının əməkdar artisti
“Onun zövqünün aliliyinin şahidiyəm...”
Rafiq müəllim ölkəmizin sənət və ədəbiyyat mühiti üçün çox dəyərli insandır. İstər televiziya və kino aləmində, istər musiqi mühitində, istərsə də ədəbiyyat arealında onun zövqünün aliliyinin şahidiyəm.
Rafiq müəllim dayandığı yerə, sakini olduğu mühitə hörmət gətirən ziyalıdır.
Onun “Kitab klubu”, “XX əsr” və “XXI əsr” verilişləri, sənədli filmləri, tele-esseləri – ssenariləri yaddaqalan, yüksək zövqlərə xitab edən nümunələrdir. Bir neçə il öncə Rafiq müəllim mənə diskdə TV esselərini – “Uşaqlıq, “Azadlıq”, “Kitab”, Yalquzaq”ı verdi. Maraqla izlədim. O, şəxsi təcrübəsindən doğan suallarla, dünyanın ünvanladığı suallar arasında qalan iztirablı insanın düşüncələrini həmin TV esselərdə dərindən əks etdirib. Rafiq müəllimin sirayətedici səsində “Qurani-Kərim”i də dinləmişəm. İnanclı biri olduğuna görə onun səsindəki inandırıcı güc, enerji dinləyicini təsirləndirir.
55 yaşı münasibəti ilə Rafiq müəllimi ürəkdən təbrik edir, uzun və sağlam ömür arzulayıram.
Fərid Hüseyn
şair
“Məşhurluq onu dəyişdirməyib”
Rafiqin öz sənətinə hörməti, efir mədəniyyəti, səlis diksiyası, hər bir işə məsuliyyətlə yanaşması indiki gənc aparıcılara bir örnəkdir. Məşhurluq onu dəyişdirməyib. Təvazökarlıq, sadəlik, diktor sənətinə, özündən böyüklərə, tamaşaçılara hörmət-bütün bunlar Rafiq Həşimova aiddir.
55 yaşın mübarək! Sənə can sağlığı, uzun ömür, televiziya və radio üçün gördüyün işlərdə uğurlar arzulayıram.
Həqiqət Əsgərzadə
diktor-teleaparıcı,
Xalq yazıçısı
“Həmişə nəcib münasibət görmüşəm onun tərəfindən”
Rafiq Həşimovun yüksək professionallığı, çox yüksək ziyalılığı, onun peşəsinə əlahiddə dərəcədə təsir edir. Onun mənsub olduğu diktorluq məktəbi, hesab edirəm ki, çox gözəl bir məktəbdir və Rafiq Həşimov da həmin məktəbin tarixindəki ən uğurlu təmsilçidir.
İnsan kimi Rafiq gözəl və əvəzolunmaz insandır.Otuz ildən artıqdır ki, bir-birimizi tanıyırıq. Bu müddət ərzində həmişə nəcib münasibət görmüşəm onun tərəfindən, çox yüksək mədəniyyət sərgiləyib.
Nə yaxşı ki, Rafiq Həşimov var. Həm ailəsi və dostları üçün. Həm də bu peşədə, bu professional sənət və jurnalistika çevrəsində. Professional olaraq dövlət televiziyasında.
Rafiq müəllimi ürəkdən təbrik edirəm. Öpürəm, bağrıma basıram.
İlqar Muradov
Xalq artisti
“O həm də danışdıran Adamdır...”
Azərbaycanın televiziya məkanında xeyli savadlı və peşəkar aparıcı var. İnanın ki, nə qədər tv kanallarımızdan gileylənsək də, tənqid etsək də bu belədir. Amma kimsə inciməsin, mənə görə efir məkanının “Sonuncu mogikan”ıdır Rafiq Həşimov. Adları hamıya məlum olan, hər kəsin mübahisəsiz qəbul etdiyi nəhənglərin sonuncusudur o. Həm də onlarla bizim aramızda bir körpüdür. Rafiq Həşimov göstərdi ki, o təkcə “danışan” (latın dilində- diktor) Adam deyil, həm də danışdıran Adamdır.Çünki, müsahibə janrı onda çox gözəl alınır. Müşahidələrimə əsasən deyə bilərəm ki, özü də bu janrı çox sevir.
55 ilin haqqını vermisiniz. Nə yaxşı ki, varımızsınız. Hələ uzun illər Azərbaycana xidmətlərinizi görmək arzusuyla.
Məhsim Məhsimov
ARB Günəş televiziyasının direktoru
“Rafiq Həşimov əsl vətənpərvərdir”
Əvvəla onu deyim ki, Rafiq Həşimov əsl vətənpərvərdir. Xalqını, vətənini və dövlətini ürəkdən sevən bir insandır. Onun bu insani keyfiyyəti peşəsində də əksini tapır. Müəllifi olduğu oçerk və sənədli filmləri xatırlamaq kifayətdir. O, cəmiyyətdə baş verən hadisələrə heç vaxt biganə qalmır, hazırladığı tv proqramlarında tamaşaçını narahat edən, maraqlandıran suallara dəvət etdiyi qonaqlarıyla birlikdə cavab tapmağa çalışır. Bu həmişə belə olub.
Rafiq Həşimov diktor qəlibindən çıxmağı bacardı, baxmayaraq ki, diktorluq bizim sahənin ən çətin peşələrindəndir. Bir insan kimi çox ciddi, təmkinli, ilk baxışdan ağır təbiətli görünsə də, dostcanlı, yumor hissi olan, söhbətcil və çox da mehribandır bizim Rafiq.
İnan ki,55 yolun yarısıdır. Arzu edirəm ki, ömrünün qalan hissəsi bu rəqəmi aşsın və sən əvvəl 60-ı, sonra 90-ı xırdalayıb 100 yaşayasan!!!
Nərgiz Cəlilova,
teleaparıcı, jurnalist,
Əməkdar artist
“Onun üçün söz-həmişə əməl olub...”
Rafiq Həşimov kimdir? Xüsusidə ümumini görən və bunu dəqiqliklə müşahidə və ifadə edən adamdır. Düzgün suallar verə bilir ki, düzgün cavablar tapılsın.
Onun nitqi lüğətlərə, lüğətlərdəki ən azişlək sözlərə bəraət qazandıracaq qədər dürüstdür, dolu və dərindir. Rafiqi Həşimovu özünəqədərki və sonrakı peşəkar həmkarlarından fərqləndirən bir ciddi fərq var: o yalnız özgə mətnlərini ifa edən diktor, teleaparıcı olmayıb, sözün sirli dərinliyini anlayan, hiss edən, öz köynəyindən keçirən şəxsiyyətdir, adamdır.
Rafiq Həşimov asketik, sanki oruclu bir dillə yazan esse ustasıdır, nasirdir, tərcüməçidir.
Rafiq Həşimov istedadlı aktyordur.Rafiq Həşimov böyük dinləyicidir ki, bu da müsahibə janrında işin yarısı deməkdir. Rafiq Həşimov nitq üzrə böyük pedaqoqdur.
Rafiq Həşimov o adamdır ki, küçədə ona yaxınlaşa bilərlər və deyə bilərlər ki, ay oğul, sən niyə efirdə görünmürsən, sən danışanda biz hamımız sənə inanırıq; halbuki 30 ildən artıq televiziya stajı zamanı efirə çıxdığı illər 5 ili ötməz.
Dostumu təbrik edirəm! Çox yaşasın!
Səlim Babullaoğlu
şair