manera.az
manera.az

Sözümüzün Fərhadı - Nəriman Əbdülrəhmanlı yazır

Sözümüzün Fərhadı - Nəriman Əbdülrəhmanlı yazır
Fərhad ABDULLAYEV – 60

Bu payız günündə artıq 60 yaşını tamamlamış qələm adamları sırasına daha bir nəfər də qoşuldu…

Tanınmış jurnalist və publisist, mahir tərcüməçi Fərhad Abdullayev də səssiz-səmirsiz ömrün daha bir zirvəsinə yetişdi…
Hər yubiley insanın, illah da sənət adamının öz-özü qarşısında hesabat vermək, yaşadığı ömrün ötən illərinə nəzər salmaq, uğurlarını və uğursuzluqlarını, qazancını və itkisini yaddaşının ələyindən keçirmək, təmkinlə qiymətləndirmək fürsətidi…

Şübhə eləmirəm ki, qələm dostumuz Fərhad da istər-istəməz bu imkandan yararlanacaq, həyatının təkcə uşaqlıq və gənclik xatirələrini deyil, yaradıcılıq axtarışlarıyla dolu günlərini, telejurnalist, redaktor, ssenariçi, reklamçı, publisist və nəhayət, tərcüməçi kimi keçdiyi yolu əriş-arğac eləyəcək, əslində, yaşadığı ömrün mənasının Vətən sevgisi, milli təəssübkeşlik, insana məhəbbətlə yanaşı, həm də yaradıcılıq olduğunu bir daha təsdiqləyəcək…

***
Fərhad Abdullayev Bakıda doğulub-böyüyüb, 13 saylı orta məktəbi, sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. BDU-da qonşu fakültələrdə, həm də təxminən eyni vaxtda oxusaq da, taleyin gərdişindən yollarımız kəsişməyib. Ola bilsin, dəhlizlərdə adını bilmədiyim iri cüssəli, güləşsifət olğanla çox qarşılaşmış, üstəlik, ötəri də olsa, kəlmə kəsmişik; çox güman ki, elə sonralar onun iş yeri olan, mənim tez-tez getdiyim Azərbayacan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (sonralar şirkətə çevrildi) dəhlizlərində də dəfələrlə rastlaşmışdıq, amma ekranda redaktor və senariçi kimi verilişlərinə tez-tez baxdığım Fərhad Abdullayevin məhz o rastlasşdığım oğlan olduğu barədə düşünməmişəm.
Bununla belə, şəxsən tanış olmadığım Fərhad Abdullayevin verilişlərinə baxanda bir cəhət də nəzərimdən qaçmamışdı (bunu sonralar, artıq iş yodaşı olanda xatırladım): onun verilişlərində söz ötəri, köməkçi vasitə deyildi, vizual təsviri üzvi şəkildə tamamlayır, əsas ifadə vasitələrindən birinə çevrilirdi – televiziya jurnalistinin ən böyük məharəti də, məncə, elə bundan ibarətdi. Ötən əsrin (!) 80-ci illərində onun araya-ərsəyə gətirdiyi televiziya verilişləri retro ekran əsərləri kimi, indi nümayiş etdiriləndə belə, Fərhadın dəsti-xəttini, nəfəsini, sözə münasibətini aydın duymaq olur...
Şübhəsiz, 80-ci illərin sonunda əzəli torpaqlarımıza məkrli düşmən iddialarının nəticəsi kimi baş verən hadisələr yaradıcı adam kimi Fərhad Abdullayevin də ömründə silinməz izlər qoydu. Azərbaycan dövlət müstəqilliyini bərpa eləyəndən, dünyaya, eləcə də yaradıcılğa yeni baxış formalaşmağa başlayandan sonra o, gücünü reklam sahəsində sınamaq fikrinə düşdü. Əlbəttə, bu, xüsusilə yaradıcı adam üçün böyük risq idi. Amma Fərhad televiziyada qazandığı təcrübə, eyni zamanda işinə məsuliyyətli münasibətilə reklamçılıqda da uğur qzandı. 90-cı illərdə və 2000-ci illərin əvvəllərində rastlaşdığımız televiziya reklamlarının müəyyən bir hissəsində onun zəhməti və nəfəsi var...

***
Yaxın illərəcən Fərhad Abdullayevin imzasına yazılı mətbuatda da rast gəlmiş, rastıma çıxan yazılarını oxumuşam, yaddaşıma həkk olunan publisistik yazıları da var. Amma mənə elə gəlir ki, onun publisistikası Azərbaycan Tərcümə Mərkəzində işləyəndən, Mərkəzin “Aydın yol” qəzetində köşə yazılarını və oçerklərini çap etdirəndən sonra ikinci nəfəs qazandı. O, həmin yazılarıyla həm dünyanın, baş verən hadisələrin nəbzini tutmağı bacardığını sübut elədi, həm cəmiyyəti narahat eləyən problemlərə, mənəviyyatımıza və mədəniyyətimizə bələdliyini, üstəlik, dildən istifadənin gözəl nümunəsini göstərdi.
Fərhad Abdullayevin publisistikası mövzu baxımından çox maraqlıdı, rəngarəngdi, bacarıqla istifadə elədiyi nəsr təhkiyəsi həmin yazıları daha da oxunaqlı eləyir. Onun “Birinci Nikolayın sevimli xanı”, “Məhbus xanımın ölüm rəqsi”, “Şuşada axşamlar yanar ulduzlar”, “Musa Nağıyevin kişi sözü” publisistik yazılarının hər biri insan ömrü haqqında peşəkar qələm adamının təqdim elədiyi kövrək hekayətdi. Xüsusilə “Tarixin karvanı” silsiləsindən araya-ərsəyə gətirdiyi “Heçdir Vətənsiz can”, “Böyüklər üçün dərs”, “Dünyanın qürub çağı”, “Onu bağışlamaq olarmı?”, “Qatarın dalınca baxma”, “Beş çömçə pay” və digər publisistik yazılarını qələmə alanda onun nə vaxtsa nəsr əsərləri yazmadığına inanmamaq olmur...
Başlıcası, Fərhad Abdullayevin publisistikasında insan var, insan taleyi var, insana sevgi var, üstəlik, o yazıları qəlmə alan kəsin yüksək peşəkarlığı var, bütün bunlarla yanaşı da müəllifin dilimizə bələdliyi var. Fərhada görə, publisistik yazı diqqəti təkcə mövzu ilə çəkməməlidi, həm də dilin imkanlarından yerli-yerində yararlanmaq qələm adamının borcudu.
Onun qələmindən çıxan publisistik yazılar məhz buna görə, necə deyərlər, “cana yaxın” və oxunaqlı olur...

***
Az qala, qırx illik yaradıcılıq ömründə Fərhad Abdullayev gücünü tərcümə sənətində də sınayıb...
Əvvəllər epizodik olan tərcüməçilik taleyin gərdişiylə son illər ərzində onun başlıca fəaliyyət sahəsinə çevrilib...
Fərhad Abdullayev Azərbaycan Tərcümə Mərkəzində işıq üzü görən görkəmli yəhudi yazıçısı Şalom Aleyxemin “Seçilmiş əsərlər”ini, böyük rus aktyoru Mixail Çexovun “Peşəkar aktyorluq dərsləri” monoqrafiyasını, “XX əsrin Norveç hekayələri” toplusunu (qələm dostları ilə birgə), çağdaş Ukrayna yazıçısı Nikolay Xomiçin “Sərdabanın sirri” əsərini (Saday Budaqlı ilə birgə), məşhur İtaliya yazıçısı Peter Amalettinin milli qəhrəmanımız, “Mixaylo” ləqəbli Mehdi Hüseynzadə haqqında “”Mixaylo”nun intiharı” kitabını dilimizə ustalıqla çevirib, hazırda isə bənzərsiz rejissor Andrey Tarkovskinin ekran sənəti barədə kitabının tərcüməsilə məşğuldu.
Bununla yanaşı, artıq onun yaradıcılıq bioqrafiyasına Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Nadin Qordimerin “Seçilmiş əsərlər”i, böyük fransız yazıçısı Aleksandr Dümanın “Robin Qud” romanının tərcüməsi də daxil olub...
Şübhəsiz, gələcəkdə də bu siyahı yeni tərcümələrlə zənginləşəcək, Fərhadın zəhməti, təcrübəsi, səbri, peşəkarlığı və məharəti sayəsində Azərbaycan mədəniyyəti və oxucusu digər sanballı əsərlərlə də tanış olacaq...
“Səbir” kəlməsini burda təsadüfən işlətmədim. Tərcümə sənəti adamdan peşəkarlıqla yanaşı səbir də tələb eləyir: çevirdiyin əsərin “havasını” tutmaq, müəllifin üslubununu mümkün qədər saxlamaq, rastına çıxan hər hansı “naqolay” bir ifadənin ardınca düşüb əslinə daha yaxın olan qarşılığını tapmaq, beləcə dilimizdə hər hansı bir əsərin orijinalına “xələl gətirməyən” nümunə yaratmaq asan iş deyil...
Fərhad Abdullayev də məhz buna can atır və xoşbəxtlikdən məhz səbri sayəsində istəyinə nail olur...

***
Onda adamı daha çox cəlb eləyən cəhətlərdən biri də yaşamaq eşqidi...
Fərhad Abdullayev həyatdan zövq almağı, insanlarla ünsiyyətdə olmağı, səyahətə çıxmağı, yeni yerlər görməyi, yaşadıqlarını yaddaş faktına çevirməyi sevir və bütün bunları gerçəkləşdirməyi bacarır...
Onunla yola çıxsan, darıxmazsan, üstəlik də yaşantılarının daha dolğun olacağına əmin ola bilərsən...
Fərhaddan ötrü yaradıcılığın başlıca cəhəti həyatı daha da gözəlləşdirməkdi...
O, ömrün 60-ına da elə bu inamla yetişib, ekranda, mətbuatda və tərcümə sahəsində gördüyü işləri böyük sevgi və peşəkarlıqla gerçəkləşdirib...
Bu payız günündə barlı-bəhərli ömrün mübarək, Fərhad!

Nəriman ƏBDÜLRƏHMANLI,
7 oktyabr 2018


Baxış sayı - 2 155 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
232425262728