“Kitabi-Dədə Qorqud”a böyük maraq | MANERA.AZ
Bilik Fondu BSU-da Azərbaycanda təhsil alan xarici tələbələr üçün “Kitabi-Dədə Qorqud” mövzusunda mühazirə təşkil edib.
MANERA.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Prezidentin “Kitabi-Dədə Qorqud”un dünya elminə tanıdılması və alman dilində ilk nəşrinin 200 illiyinin qeyd edilməsi barədə Sərəncamına uyğun olaraq, Bakıda və ölkənin müxtəlif bölgələrində silsilə tədbirlər həyata keçirir.
Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə professor Rəhilə Qeybullayevanın xarici tələbələr üçün “Kitabi-Dədə Qorqud” mövzusunda mühazirəsi keçirilib. Tədbirdə Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dillər Universiteti və Qafqaz Universitetində təhsil alan əcnəbi tələbələr iştirak ediblər.
Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva müxtəlif xalqların ədəbiyyatında oxşar və fərqli cəhətləri təhlil edib, müqayisəli məqamlara diqqət çəkib. Mühazirəçi “Kitabi-Dədə Qorqud” dastanının türk xalqlarının ədəbiyyatında, mədəniyyətində, həmçinin məişətində mühüm rolundan danışıb.
İnteraktiv şəraitdə keçən mühazirədə xarici ölkələrdən olan tələbələr təmsil etdikləri xalqlarının şifahi ədəbiyyatından, dastan yaradıcılığından nümunələr gətiriblər.
Professor tələbələrin çoxsaylı suallarını cavablandırıb.