manera.az
manera.az

Mənə yaxın qoymur uzaqlar səni - Şeirlər

📅 23.04.2021 16:47

Mənə yaxın qoymur uzaqlar səni - Şeirlər
Elnur Eldaroğlu

Səni

Soyuqdur əllərin, soyuqdur nədən?
Məhəbbət atəşi kənarmış səndən,
Ürəyin şaxtadır, neyləsəm də mən,
Çovğuna qatacaq sazaqlar səni.

Həmdəmim sən idin, köməyim də sən,
Ən böyük dayağım, gərəyim də sən.
Həsrət qasırğası bürüyən gündən,
Ayrılıq küləyi qucaqlar səni.

Uzaqsan, ürəyim yalnızmı coşsun?
Yoxsa tənhalığa misralar qoşsun,
Söylə, Elnur sənə necə qovuşsun?
Mənə yaxın qoymur uzaqlar səni.

Unutmaq çətin

Baxışlar özgədir, belə zilləmə,
Saxta təbəssümlə, üzümə gülmə,
Toxunma, dəysə də əlin əlimə,
Yad olan əlləri bir tutmaq çətin.

Bir gün əməlinlə qalsan baş-başa,
Köksün dağa dönər, ürəyin daşa,
İstərsən yuxuda olasan qoşa,
Yatsan da əzabı uyutmaq çətin.

İlk addım bünövrə, başlanğıc, təməl,
Silinməz bir izdir hər ilkin əməl,
İlk sevgi olsa da vaxtından əvvəl,
Bu ağrı, təlaşı unutmaq çətin.

Uçan fıkirlərim yerə ensə də,
Ürəyim qəhərdən gölə dönsə də,
Ahım külək olub, təbim sönsə də,
Elnurun ilhamın soyutmaq çətin.

Məndən uzaq

Göz qara, qaş da qara, tel qaradı - məndən uzaq,
Telin atmış ay üzə, hey daradı - məndən uzaq.

Xəbərim yox, neçə vaxtdı, yoxa çıxmış deyəsən,
Apardı sel onu yəqin, Saradı - məndən uzaq.

Bimar oldum dünən axşam, xəbər almış o saat,
Zəng edib sübhü-səhərdən aradı - məndən uzaq.

Deyir ki, sevgilimin könül malikanəsi var,
Sığınıb orda qalır, bəs haradı - məndən uzaq?

Sən demə qəlb diyarımda o da Şahzadə olub,
Nə biləydim ürəyi çox yaradı - məndən uzaq.

O zaman qəlbimin onsuz vermişəm fitvasını,
O vəfasızda qalan qəlb paradı - məndən uzaq.

Səndən, həm sevgidən, həm Elnur özündən ayrılıb,
Boyamaq olmur axı qan qaradı - məndən uzaq.

/"525-ci qəzet"/


Baxış sayı - 846 | Yüklənmə tarixi: 23.04.2021 16:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031