manera.az
manera.az

Sənin xəyalınla könlüm isindi - Şeirlər

Sənin xəyalınla könlüm isindi - Şeirlər
Ruslan Ələkbərli 1994-cü ildə Bərdə rayonunun Yenidaşkənd kəndində doğulub. Əslən Kəlbəcər rayonunun Mollabayramlı kəndindəndir və rayonun işğalından bir neçə il sonra Mingəçevir şəhərində məskunlaşıb. Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur. AYB Mingəçevir bölməsinin nəzdində yaradılan “Mingəçevir qönçələri” ədəbi məclisinin həmsədridir. Xeyli sayda şeir və publisistik yazıları müxtəlif adlar altında nəşr olunan mətbuat orqanlarında, ədəbi almanaxlarda dərc olunub. “Bənövşə” jurnalında ictimai əsaslarla şöbə redaktoru vəzifəsində çalışır.
İsmayıl İmanzadə
AYB-nin Mingəçevir bölməsinin sədri



SƏNDƏN SONRA…

Nə tez ötüb keçdi bahar,
Nə tez döndü payız geri?
Bizim bəlalı eşqimiz
Qaralan bir ocaq yeri.

Gördüm sonuncu görüşdə,
Bulanıbdı baxışların.
Sanki “günahkaram” deyib
Hönkürürdü göz yaşların...

Zülmət çökdü gözlərimə
İnlədi səsim-harayım.
Uçub üstümə töküldü,
Mənim eşq adlı sarayım.

Gəlin köçdün özgəsinə,
Çatmadı sənə əllərim.
Artdı alnımda qırışlar,
Sənsiz keçdikcə illərim...

İtirmişəm dincliyimi,
Arzularım xıncım-xıncım.
Dilim söz tutmur danışım,
Sükutdur indi dilmancım.

Qəm-qüssəylə keçən həyat,
Vüsala həsrət gecəymiş.
Sən çıxıb gedəndə bildim
Nisgilin “dadı” necəymiş!

Görən qismət olacaqmı
Mənə bir də səni görmək?
Sənsiz yaman çətin imiş
Bu dünyada ömür sürmək...

Sıxır məni bu ev, küçə,
Nələr düşünürəm, nələr.
Səni mənə xatırladır
Bağlı qalan pəncərələr…

BİLMƏZDİM ...

Bilməzdim sonunda bu məhəbbətin,
Ayrılıq olacaq, hicran olacaq.
Bilməzdim sevginlə döyünən qəlbə,
Həsrət yol tapacaq, kədər dolacaq.

Sevgidən dərd çəkən tək mən deyiləm,
Dərdimlə sevgili olmuşam indi.
Yadıma salanda ötən günləri,
Sənin xəyalınla könlüm isindi.

Qalmışam bir uzaq yolayrıcında,
Elə bil zülmətdə azıbdır köçüm.
Bir kimsəm yoxdur ki, qolumdan tuta,
Niyə qeybə çıxdın, mənim bələdçim?..

Qoşa çəkilsə də bir vaxt adımız,
Nə mən Məcnun idim, nə də sən Leyli,
Getdin...qəlbimizdə söndü odumuz,
Yaşadım ömürdən-gündən gileyli...

İSTƏMİRƏM

Hələ mənim nəmli gözüm gülməyir,
Arzularım şikəst qalıb, ölməyir.
Allahın da xəbəri yox-bilməyir-
Ömrümdəki pis günlərin sayını.

Sızlayanda ürəyimə “döz”- dedim,
Qəm-qüssədən “əllərimi üz”- dedim.
Həsrətimə alov dedim, köz dedim,
Heç bilmədim ondan necə yayınım.

Ay göylərdən yerə örtük sərənim,
Hər çəməndən tər gül-çiçək dərənim.
Qismətimi mənə “bəxşiş” verənim,
Axı, niyə əzizləyim “boyunu”,
İstəmirəm, geri götür payını...

SƏNİ DÜŞÜNƏNDƏ...

Ürək yorğun, fikir xəstə,
Arzularım can hayında.
Sənsiz keçən günlərimin,
Unutmuşam ta sayın da.

Neçə vaxtdı gülmür üzüm,
Gözlərimdən yaş asılıb.
Ürəyimin düz başından
Elə bil ki, daş asılıb.

Soyuq keçir burda hava,
Saçlarıma qar ələnir.
Bir zamanlar “varlı” eşqim
İndi açıb əl, dilənir.

Məktub yazıb saxlayıram,
Bir də çətin səni görüm.
Vaxtın varsa gir yuxuma,
Heç olmasa orda verim.

Neçə gündü yuxusuzam,
Tez oyanıb gec yatıram.
Elə şeir yazanda da,
Sözlə başımı qatıram...

BU İL DƏ BAHARIM GƏLİB ÇIXMADI

Yatmış bəxdim kimi, yatıb təbiət
Bu bahar ömrümə hələ gəlməyib.
Qəm-kədər üstümə elə yığışıb,
Bəlkə də boylanıb məni görməyib.

Qonşu bağçasında güllər açarkən
Mənim ürəyimdə xəzan başlayır.
Mən kol dibindəki körpə bənövşə,
Həyat sığındığım kolu daşlayır.

Dağların qarını əridən günəş,
Nədənsə könlümə gücü çatmadı.
Əridib ilk eşqin xatirələrin,
Cismimdən əbədi silib atmadı.

Bu il də baharım gəlib çıxmadı,
Bilmirəm hardadı yoluna çıxım.
Bəlkə gözləməyim əbəsdir daha,
Bəlkə gözlərimi yollardan yığım?..

GECƏLƏR

Nədənsə hey məni özünə çəkir,
Bəxtimtək qaradı, qara gecələr.
Alıb qucağına aparır məni,
Özüm də bilmirəm hara, gecələr.

O sonsuz səmadı, mənsə dörd divar,
Onu aşkarlayan ay var, ulduz var.
Kaş ki, nur çiləyə ömrümə bir yar,
Çəkməyə könlümü dara, gecələr.

Bitəcək bu gecə, söküləndə dan,
Sızlayan dərdinlə yenə alış, yan.
Sabahı görməyə ümidsizdi can,
Vurduqca sinəmə yara, gecələr.

ÇALIŞ UNUDASAN...

Sındır bu sevginin qolun-qanadın,
Ayağa qalxmağa gücü çatmasın.
Yasdığı daş olsun, yorğanı tikan,
Bir özgə ürəkdə rahat yatmasın.

Yalvarsa eşitmə yalvarışları,
Qoy çəksin əzabı çəkdiyi qədər.
Yazığın gəlməsin, bir az qəddar ol,
Azmı çəkdiribdi sənə qəm-kədər?

Bu sevgi gör nələr yaşatdı sənə,
Nə sən xoşbəx oldun, nə də ki o qız.
Bir ömür yaşadın dərd kölgəsində,
Varsa ixtiyarın dərdin üstün cız.

Günahkar axtarma, səbəb axtarma,
Yaşayıb bəxtinə düşəni gördün.
Kimisi xoşbəxtlik abidəsini,
Sən isə bədbəxtlik qalasın hördün.

Çalış unudasan olub keçəni,
Köhnə xatirələri geridə qalsın.
Arzuyla-həvəslə çat yeni ilə,
Könlünə bəxtinin sevinci dolsun.

XƏSTƏLƏNİB

Eşitdim xəbəri, doldu gözlərim,
Dedilər sevdiyin gül, xəstələnib.
Günəşin, ulduzun, ayın dilmancı-
Nəğmələr söyləyən dil, xəstələnib.

Sızladı köksümdə sevən ürəyim,
Yıxıldı elə bil sevgi dirəyim.
Ömrümün mənası, eşqim, gərəyim-
Səninlə ötüşən il, xəstələnib.

Sanıram işləmir onsuz saatım,
Sevincə möhtacam indi, bir dadım.
Sən qəmli görüb mən necə yatım,
Ruslan səndən qabaq bil, xəstələnib.

SUS

Sus, daha danışma bircə kəlmə də,
Baxışlar danışsın dil əvəzinə.
Seyr edim üzünü, uzun-uzadı,
Təzə qönçələnən gül əvəzinə.

Beləcə danışaq biz gələcəkdən,
Tapım gözlərində vüsal anını.
Könlünü-könlümə elə toxuyum,
Elə bil toxuyur arı şanını.

Danışma deyirəm, lal da dayanma,
Titrəsin səsinlə kövrək ürəyim.
Mümkünsə bir az da dayan yanımda
Sən həm sevgilimsən, həm də gərəyim.

Meh əssin Xəzərdən sahilə doğru,
Dağıtsın saçını üzümə mənim.
Kiçik təbəssümlə topla saçını,
Bir telin pay olsun gözümə mənim.

Sənin də könlüncə olar bu görüş,
Qoyma istəyimiz xəyaltək qala.
Məni zirvələrə qaldıran ümid,
Kaş bir gün çevrilə cığıra-yola...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31