Vətənpərvərliklə bağlı daha bir layihə | MANERA.AZ
![]()
“Azərbaycançılıq məfkurəsi”nin tələbələr arasında geniş təbliğinə başlanıldı
Gənclər Fondunun dəstəyi ilə “Azərbaycançılıq məfkurəsi”nin gənclərə təbliği" layihəsinin icrasına başlanılıb. Bu barədə " SAF həyat Naminə" Gənclər İctimai Birliyinin sədri Səbinə Abbasova məlumat verib. Onun sözlərinə görə layihənin əsas məqsədi “Azərbaycançılıq məfkurəsi” ni gənclər arasında təbliğ etmək və bu məfkurəni dərk edərək öz yaradıcılıqlarında əks etdirən istedadlı gənclərin potensialını üzə çıxarmaqdan ibarətdir:
" Layihə müasir dünyamızda Azərbaycanı yüksək zirvələrə ucaldan və ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliğinə xidmət edir. Adıçəkilən layihə birbaşa Azərbaycançılıq məfkurəsinin müstəqil dövlətimizin inkişafındakı rolunu gənclərimiz arasında təbliğ etməklə bərabər, eyni zamanda onun məntiqi vacibliyini cəmiyyətə çatdırmaqdır. Layihə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının “6.2. Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi” bəndinin “6.2.1. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliği” yarımbəndini əsas götürərək həyata keçiriləcəkdir.
Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ ölkəmizdə elmi- mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmalıdır. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılması, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilib. Ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi- mədəni irsimizə, milli- mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, ölkənin inkişafında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalır".
Qeyd edək ki, layihə ayrı- ayrı universitet (Azərbaycan Əmək və Sosial münasibətlər Akademiyası, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Müəllimlər Universiteti, “Azərbaycan Universiteti”) tələbələrinin iştirakı ilə həyata keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.