manera.az
manera.az

Həsrət yüklü yaralı Arazım - Yeni Şeirlər

Həsrət yüklü yaralı Arazım - Yeni Şeirlər

MANERA.AZ Nizami Adışirinin yeni şeirlərini təqdim edir:


Şəhid atası

Titrəyən səsində, təngiyən nəfəsində
yarım qalan arzuların naləsi.
Və yaşanmamış bir ömrün
bumbuz qara daşdan yonulan son nida işarəsi
-Şəhid məzarı!!
Önündə boynubükük,
əynisökük,
əli qabarlı bir ata - üzü vətən xəritəsi.
Saçlarının dümağ rəngi
Vətənin başı qarlı dağları sanki.
Baxışları tutqun duman.
Gözləri yorğun dəniz.
Yanaqlarından süzülən yaşlar
Həsrət yüklü yaralı Arazım.
Rəngin kimi qapqaradır alnındakı yazın.

Qəhər büküb belini yumaq kimi,
Kəpəz kimi paralanmış ürəyi.
Dimdik, ayaqüstə dayanan,
İçindən quruyan çinar qaməti.
Ürəyində sağalmayan dərdi.
Üzündəki dərin qırışlar da
oğlunun can qoyduğu vətən səngəri.
Onun xatirələri, ayaq izləri..
Ömür adlı yükünü darta-darta
Yeriyir o qırışlar arasında bu ata.
Bəlkə, oğlunu tapa.
Bəlkə, hardansa boylana,
Qaçıb boynuna dolana..
Və boğula-boğula göz yaşına
Üzündəki o qırışlardan keçib hər gün
gəlir oğlunun məzarı başına..

Süpürgəsatan

Köhnə, yüngül geyimdə
Ağır güzəran içində.
Bir uşaq gördüm küçədə,
Tamam fağır biçimdə.
Süpürgə satırdı tində.
Ehtiyac halqa salsa da gözlərində,
Məğrurluq vardı yenə görkəmində.
Süpürgəni alan da yox.
Satdığına baxan da yox.
Bu uşağın varlığını duyan da yox bu küçədə,
Bu uşağa qənim idi sanki soyuq bu gecə də.
Dilənməyi ar bilirdi özünə bu kiçik uşaq.
Süpürgəni satmaq üçün küçə-küçə dolaşaraq.
Bişə-bişə bərkimişdi zəhmətində,
Yorularaq dayanmışdı axır tində...
Gözlərində xumarlanan bir yuxu var.
Bir isti yer tapsa əgər yatıb qalar
Bax beləcə səhərəcən...

-Ver, balaca, süpürgənin hamısını alıram mən.
Bir anlığa duruxsa da təəccübdən, dedi belə:
-Hamısını neyləyəcən, əmi, söylə?
Başqasına lazım olsa, onda necə?
-Ver, balaca, hamısını ver, indicə.
Üzündəki dərd, kədəri süpürəcəm.
Dalanları, küçələri,
günah dolu bu şəhəri süpürəcəm.
Dillərdəki yalanları süpürəcəm.
Paxır tutan vicdanları süpürəcəm.
İkiüzlü insanları süpürəcəm.
Göy üzündən ulduzları süpürəcəm
Sənin qarnın acsa əgər,
Qoy ulduzsuz qalsın göylər.

Çat

Günəş qovurur yeri.
Xəsislik edir buludlar
günəşə inad.
Torpağın bağrı çat-çat.

Simurqların qanadından
Bombalar yağır uşaqların yuxusuna
sülhə inad.
Uşaqların yuxusu çat-çat.

İllərdir bir qadının sevinci
bir kişinin bumbuz baxışlarından asılıb qalıb.
Soyuq küləklər veyillənir içində
isti nəfəsə inad.
Şuxluğu, gözəlliyi çat-çat.

Xəyanət adlı zəlzələnin
bal şkalası yoxdur hələ.
Dağıdıcı təsiri ölçülə.
Bu ev təzə görünsə də,
Niyə viran olub belə?
Qapısından içəri qarlı qışdır
çöldəki bahara inad.
Gözlərdəki inam çat-çat.

Bacarsaydım nur olardım
Qaranlığı sürmə kimi gözlərinə çəkənlərə.
Göz olardım bu həyatın sevincindən
gözübağlı keçənlərə.
Bacarsaydım sözlərimdən
ev qurardım evsizlərə.
Qorxuram ki, damar o da
Şeirim çat-çat,
misram çat-çat...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31