manera.az
manera.az

Vətənə sevginin əvəzi yoxdur >> Yeni Şeirlər

Vətənə sevginin əvəzi yoxdur >> Yeni Şeirlər
MANERA.AZ Reyhan Kənanın yeni şeirlərini təqdim edir:

Şəhid ruhu

Ruhunuz ucalıb ulu göylərə,
İgidlər ruhuyla orda görüşüb.
Heç vaxt enə bilməz bu şanlı bayraq,
Üstünə müqəddəs qanınız düşüb.

Yaralı bir ana çağırdı sizi,
Vətən torpağına çıxdınız yiyə,
Canı gülə-gülə qurban verdiniz
Körpə gülüşləri yaşasın deyə.

Vətənə sevginin əvəzi yoxdur,
Əzəldən babalar elə düz demiş,
Hər şey vətən üçün deyib getdiniz,
Sevgi dedikləri elə bu imiş.

Bizim analar da dağ vüqarlıdır,
Sorağı obaya, elə yayılır,
Oğullar bir dəfə şəhid olsa da,
Analar ölüncə şəhid sayılır.

Haqqı var öyünsün bu ana torpaq
Qeyrətli oğullar yetirə bilib,
Atalar, dədələr igidliyini,
Gələcək nəsilə ötürə bilib.

Tam ola bilməyin dadı bir başqa,
Tamı iki bölmək kəsrdən çıxıb.
Nədənsə can verən bütün igidlər,
O daxma adlanan "qəsr"dən çıxıb.

Amma bu Vətənin hər daşı qəsr,
Hər daşı möhtəşəm sarayımızdır.
Dünyanı bürüyən səs-sədamızsa,
Qarabağ adlanan harayımızdır.

Xətt çəkib üstündən ağrı-acının,
Daha ayrılıqla vidalaşmışıq,
Nöqtəni, vergülü atıb bir yana
Bütöv Vətən ilə nidalaşmışıq!

Qayıdış

Tikilən evlərin pəncərəsindən,
Günəş də başqa cür baxacaq daha,
Qurtulub düşmənin qart pəncəsindən,
Yenə dikiləcək evlər sabaha.

Zaman dayanışı düz otuz ilsə,
Çatar arzusuna neçə yurd yeri.
Kim hansı yaşında çıxıb gedibsə,
Elə həmin yaşda dönəcək geri.

Qazılar düşmənin quyusu dərin,
Açılar çiçəklər boranlı qışda,
Başına daş-kəsək yağar kədərin,
Qoca da gəncləşər bu qayıdışda.

Yenə əvvəlkitək yağar yağışlar,
Yuyular bu yürdün dərəsi, düzü,
Yenə quşlar gəlib bağa yığışar
Hər evin, ocağın alışar közü.

Tufandan sağ qalıb üşüyənlərin,
Gəmisi ilişər, Nuhu qayıdar,
Düşmən gülləsinə tuş gələnlərin,
Bu yurda əbədi ruhu qayıdar.

Payızın adı - Qarabağ

Bir bahar kimisən mənim gözümdə,
Qışa yox, yazadır indi yol, payız!
Yamyaşıl görürəm səni izimdə,
Nə qədər istəsən saral, sol, payız!

Yurdum azad olsun təki yağıdan,
Bir daha heç kimə əzilməyəcəm,
Nə qədər saralıb solursansa sol,
Daha xəzanına üzülməyəcəm.

Döyüş ruhu hopub hər bir havaya,
Günəşin parlaqdır, yağış da yağmır,
Hər ana gözündə ümid işığı,
Vətənin qəlbindən qara qan axmır.

Bayrağım Şuşaya yol aldı getdi,
İgid əsgərimin əlindədir, bax!
Dünyanın nə gözəl payızısan sən,
Azadlığa çatdı bizim Qarabağ.

Həsrətdən yorulub bu el, bu oba,
İşin elimizə yaramaq olsun.
İndi ağacların işi, gücü də
Küləkdə saçını daramaq olsun.
Bəlkə adını da dəyişim sənin,
Kiməsə payız ol, kimə son bahar,
Mənimçün sadəcə Qarabağ olsun.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031