manera.az
manera.az

İkinci Mahmud - “Ol!” nidasından “Öl!” nidasınadək

İkinci Mahmud - “Ol!” nidasından “Öl!” nidasınadək
MANERA.AZ İkinci Mahmudun "Yay sıxıntısı" essesini təqdim edir:

İyunun qızmar bir bazar günü – rəhmətlik babam belə günlərdə əlini əlinə sürtüb deyərdi: “Eşik qar, içəri dar...” kimçünsə, nə üçünsə yamanca darıxıram... Düşünürəm: yəqin ki, darıxmaqlarn ən dəhşətlisi tanımadığın, bilmədiyin, heç vaxt üzünü görmədiyin, ola bilsin ki, ümumiyyətlə, hələ dünyaya gəlməmiş, bəlkə də, heç vaxt dünyaya gəlməyəcək bir adamçün və ya heç vaxt getmədiyin, heç vaxt getməyəcəyin, ola bilsin ki, ümumiyyətlə, mövcud olmayan yerçün darıxmaqdı.

Kimsə deyirdi: “Yağmurlu bir bazar günü günortadan sonra nə edəcəyinə qərar verə bilməyən insan oğlu, hələ bir də, ədəbi həyat arzusundadır...”

Bizim – sosial şəbəkələr erasının sakinlərinin işi, doğrudan da, çox çətindir. Görəsən, nə günah işləmişdik ki, harda, nəyi səhv etmişdik ki, Yaradan bizi 5000 (!) dostla cəzalandırır...

Ünsiyyət imkanı artıqca ünsiyyət imkanı azalır...

Seçim imkanı artıqca seçim imkanı azalır...

Əslində, məsələni lap kökündən bu cür də həll etmək olardı: nəsə artıqca nəsə azalır...

Acınacaqlı həqiqət bundan ibarətdir ki,Tanrının “Ol!” nidasından Tanrının “Öl!” nidasınadək hər şeyin çəkisi dəyişməz olaraq qalmaqda: sevincin də, kədərin də, sevginin də, nifrətin də, varlığın da, yoxluğun da...Gəlin yoxlayaq: varlıq azaldıqca yoxluq çoxalır və ya əksinə, yoxluq azaldıqca varlıq çoxalır. Demək, hər şey düz gəlir.

Qoxudan və daddan məhrum virtual aləmdən – yalançı dünyadan geri dönürəm. Dekabrın çovğunlu bir bazar günüdür və mən kimçünsə, nəyçünsə yamanca darıxıram.

Nəhayət, bütün cəsarətimi toplayıb özümlə söhbət etmək qərarına gəlirəm. Yəqin ki, bu fani dünyada insana onun özündən daha yaxın bir həmdəm yoxdur və məhz ona görə də, biz bütün tanışların içindən özümüzə ən çox bənzəyən adamla dostluq edirik...

İnsanın özünə insanın özündən daha çox kim bənzəyə bilər ki?!

...Özümlə söhbətin mükünsüzlüyünü anlayanadək xeyli vaxt və enerji sərf etməli oluram – yazıram-pozuram, yazıram-pozuram, yazıram-pozuram və nəhayət, başa düşürəm ki,əslində, bütün söhbətlər ikitərəfli monoloqdan başqa bir şey deyil. Adamlar görüşürlər, üzə-üzə otururlar və hərə öz monoloqunu söyləyib gedir...

***

Biz özümüzə daha çox bənzəyən adamla dostluq edirik.

Biz özümüzə daha çox bənzəyən adamları daha çox sevirik. Biz özümüzə daha az bənzəyən adamlara daha çox nifrət edirik...

Pişik siçanı qovur – tutsa, yeyəcək. Siçanlar pişiklərin qidasıdır. Təbiətin belə buyurub.

İt isə pişiyi qovur – tutsa, yeyəcəkmi? Yeməyəcək. Bəs it pişiyi niyə qovur?

Bəzən absurd situasiyalar qururam beynimdə. Məsələn, görəsən, hansısa ilahi təsadüf (ilahi təsadüf?!) nəticəsindəAfrika aborigenləri qaradərili olmasaydılar, taleləri belə faciəli olardımı?Yəni mənə elə gəlir ki, istismar edənlə istismar olunan arasındakı zahiri bənzərlik nə qədər çox olsa, istismar prosesi bir o qədər yumşaq olacaq.

Amma görəsən, zalimlə məzlum bir-birinə bənəzəyə bilərmi heç?!

Hər qövm öz Allahına bənzəyir: Allah qəzəblidirsə, bəndəsi də qəzəblidir, Allah mehribandırsa, bəndəsi də mehribandır, Allah nəyi sevirsə, bəndəsi də o şeyi sevir, Allah nəyi sevmirsə, bəndəsi də o şeyi sevmir.

İşə bir bax ki, Cənub-şərqi Asiya bütlərinin gözü qıyıqdır, özləri kimi. Tanrı zahirən də bəndəsinə bənzəməkdə.

Bütpərəst Afrika qəbilələri də öz allahlarını qaradərili təsəvvür edirlər – Afrika bütləri qaradərilidir.

Əlbət ki, Adolf Hitlerin Allahı Oskar Şindlerin Allahına bənzəməz.


İsanın qövmü Məhəmmədin qövmünə bənzəmədiyi kimi, İsanın Allahı da Məhəmmədin Allahına bənzəməz; İsanın Allahı İsanın özünə, Məhəmmədin Allahı da Məhəmmədin özünə bənzəyər... Musa da yalnız öz allahı ilə qurşaq tutub güləşə bilər.

“Kim məsumdursa, qoy birinci daşı o atsın!” – demişdi İsa vəİsa da yaxşı bilirdi ki, birinci daşı atmağa mənəvi haqqı çatanlar heç vaxt, heç vaxt, heç vaxt heç kimə daş atmazlar...İsanın bütün fəlsəfəsi məhz bunda idi.

Məhəmməd bütləri təpikləyə-təpikləyə deyirdi: “Bir düşünün, bəlkə, ata-babalarımız səhv ediblər...” Məhəməddin də bütün fəlsəfəsi bunda idi.

***

Atı atın yanına bağlayanda həmrəng olmasa da, həmxasiyyət olar – qədim hikmətdir. Sən get-gedə yüz minlərlə nüsxədən birinə çevrilirsən, bütün həyatın, yaşantıların adicə statistikadan başqa bir şey ifadə edə bilməməyə başlayır...

Pişik siçanı həmişə qovacaq. Siçanları pişiklərin qidasıdır.

Amma it pişiyi həmişə qovmayacaq. Get-gedə pişik itə bənzəməyə başlayacaq və nəhayət, itlə pişik arasında radikal fərqlər aradan qalxanda onlar dostlaşacaqlar. Artıq 70 ildir ki, Avropada müharibə yoxdur, 70 ildir ki, Avropada itlə pişik dostluq edir.

Görəsən, insanların bir-birinə bənzəməsində ədəbiyyatın, geniş mənada sənətin, lap geniş mənada, mədəniyyətin rolu nədən ibarətdir... Bu suala cavab vermək həm də “Ədəbiyyat nə işə yarayır?” sualına cavab verməkdir...

Padoksdan qaçmaq mümkün deyil: ədəbiyyat həm də insanları bir-birinə bənzəməkdən, daha doğrusu, yüzminlərlə nüsxədən birinə çevrilməkdən xilas edir.

***

Bəs mən niyə yazıram? – fərz edək ki, durduq yerə özümə belə bir təhlükəli sual verəsi oldum.

İçimdəki yazmaq-pozmaq (pozmaq yazmağın ən vacib elementlərindən biridir!) ehtirasının bircə qaynağı var: həyatı, həyat hadislərini, doğma və yad yaşantıları, situasiya və insanları anlamaq, bütün bunların çılpaq halını görmək istəyi.

Bu istək də özü-özlüyündə daha mənasız şeyə xidmət edir: həyatın adicə illüziya olması ilə bağlı ehtimallarıma haqq qazandırmaq, isbat etmək, özümçün isbat etmək.

İndi – 30 yaşımda, hətta iyunun qızmar bir bazar günü, günortadan sonra kimçünsə, nəyçünsə yamanca darıxdığımı hiss edərkən belə həyat mənə çox maraqlı və şirin, ölümsə çox qorxunc və arzuolunmaz gəlir. Görünür, bütün məqsəd bu balansı dəyişməkdən ibarətdir.

Hər şey bu qədər sadədir.../kulis.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031