Sevginin günü - Günel İmran yazır

Hələ uşaqlıq illərimdən bu günə “Sevgililər” günü xoş xatirələrə xatırladığım əziz bayramlardan biridir.
14 fevral evimizdə həmişə xüsusi bir gün kimi qeyd olunub. 14 fevral gününün səhəri atamın anama sevgi etirafı ilə başlardı. O, eyni cümlələri hər il təkrarlardı. Öz doğum günü 15 fevralda olduğundan hər “Sevgililər” günündə anama “Mən sənin valentinka hədiyyənəm, sadəcə bir gün sonra gəlmişəm”-deyərdi.
Və bu sözlərlə açılan sabahımız gün boyu bayram əhval ruhiyyəsi ilə davam edərdi. Axşamsa hər birimizə bir ədəd qırmızı qızıl gül hədiyyə edərək nə qədər çox sevdiyini deyərdi. Atam məhəbbətini həmişə dilə gətirən insan olsa da, həmin gün onun bayramı idi. 14 fevralı “yeni il” bayramı kimi önəmli edərdi. Bayramı bayrama çevirən adamlardır. Atam indi həyatda olmasa da, 14 fevral həmişə mənim üçün əziz bir gündür. Uşaqlıqda valideynlərinmə həddindən çox sual yağdıran, hər şeylə maraqlanan biri idim. 4-5 yaşlarımda atamdan ölüm haqda soruşanda mənə “Bir insanı lap çox sevərsənsə o, heç vaxt ölməz.
Bu onu ölməkdən qoruyar”-demişdi. Bu sözlərinin mənasını böyüyəndə anladım. İlk olaraq sevməyi valideynlərimizdən öyrənirik, böyüdükcə sevgimiz də böyüyür. Sevgi həqiqətən insanı ölümsüz edirmiş. Sevdiklərimiz məkan, zaman olaraq harda olmasından asılı olmayaraq həmişə qəlbimizdə olurlar. Sevək ki, insanlar həmişə yaşasın. Sevdiklərimizə sevgimiz deyək ki, bundan xəbərləri olsun.
Həyat rutinində birinə sevgimizi söyləməzsək o, bunu bilməyə də bilər. İnsanları dəyişmədən olduğu kimi sevək. Çünki əksi sevgi yox, sadəcə öz eqomuzun səsi olar. Sevgi insanın gözlərində parlayan işıqdır. Zamanı dayandıra bilmiriksə, sevgimzi bildirməkdə bir an belə gecikməyək. Ən başlıca həyatı sevək ki, sevgi dolu bir həyat yaşayaq.
MANERA.AZ