manera.az
manera.az

Şairlər turizmi - Atilla İlhan

📅 20.04.2020 11:55

Şairlər turizmi - Atilla İlhan
Sakit bir sentyabr günü idi, kafedə əyləşmişdim, qarşımda 40-cı illərin nəşri olan "Şeir dəstəsi” kitabı vardı, pəncərədən göy üzünə baxırdım.

Axşamın bu çağında Rasihin məşhur qəzəli beynimə düşmüşdü, ilk misrasını əzbər bilsəm də, ikincisini yada sala bilmirdim, bu da məni əsəbiləşdirirdi, necə olur olsun onu yadıma salmalıydım, fəqət, o buludlar...

Buludların sürətlə dəyişən forması və axını, inanılmaz bir mənzərə yaratmışdı. Bir üfüqdən o birinə axan bulud karvanı məni necə ovsunladısa, Rasihin qəzəlini düşünərkən, Əhməd Muhibin o məşhur şeirini öz-özümə pıçıldadım:

Baxıram, necə də xoş gəlir axını
Şəhərin üstündən keçən buludların
Bəlkə də, axır yan-yörəsinə
Arzularımızı çevrələyən hüdudların...


Şeir həyatımıza məna verir, şairinin tutduğu məqam, yaşayıb keçdiyimiz, əhəmiyyət vermədiyimiz gizli duyğuları özündə əks etdirir. Ona görə də şairi avaragor, şeiri mənasız hesab edən adam, bizim bu dünyaya gəlməyimizi də boş və mənasız sayacaq. Ona görə də "Divar” kitabımın (1959) ön sözünü yazarkən bu məsələni belə izah etmişdim: "Yaranışda daimi şairlər vardı, Yenə də yeni yaranışda daimi şairlər olacaq” ("Divar”, s. 12, 6-cı nəşr, 1991).

Əslində, düşüncəm dəyişmədi, amma...

...Şeir bir bəhanədir, məqsədləri gəzmək, mümkün olduğu qədər özlərini tanıtmaqdır!

Dünyada "konqres turizmi” mövcud olduğu kimi, "şairlər turizmi” də var: Hər ölkədə elə şairlər var ki, şairlikdən çıxıb, "səyahət agenti”nə dönüblər. Oturub düz-əməlli şeirini yazmaq əvəzinə gəzmədikləri kol dibi qoymayıblar. Hansı ölkə olursa olsun getmək, özləri kimi "istedadlı” şairləri tapmaq, öz ölkəsinə dəvət etmək, özünü də onun ölkəsinə dəvət etdirmək əsas məqsədləridir. Sayları artıqda isə, xərcləri hansısa rəsmi qurumun belinə yükləyib, filan ölkənin filan şəhərində bir şeir festivalında iştirak etmək adı altında kimlərdənsə pul qoparırlar.

Əslində isə, bu cür kütləvi tədbirlərin xərcini çəkənlər, kef əhli olan bu şairlərin dilindən öz təbliğatlarını ustalıqla və hiss olunmadan edirlər. Necə də gözəl səslənir: "Dünya şairləri”, ya "sülh” üçün bir araya gəlib, ya "insan haqları”, ya da "təbiəti qorumaq” bəhanəsiylə bir yerə yığışıblar. Nəticədə müftə yeyib içirlər, boş-boş və mənasız söhbət edib, sonra başqa bir ölkənin hansısa şəhərində yeni bir festivalda görüşmək üçün ümidi ilə geri qayıdıb bəhərsiz yaradıcılıqları ilə məşğul olurlar.

"Şairlər turizmi” hansısa bir işə yarayırmı? Şeirə uzaq olan "biganə” şəxslər onun ucundan-qulağından bəhrələnirlər. Festival adı altında qəzet və televiziyalarda az da olsa şeirdən danışıb gözə kül üfürürlər. Beləcə müasir insanın həyatından uzaqlaşmış görünən şeir, az da olsa yenidən "gündəmə” gəlmiş olur. Vallah, məncə, bu məsələyə necə yanaşmaqdan çox şey asılıdır.

Türkiyə mətbuatında son iki şeir "festivalı”nda kim daha çox iştirak edir, kim iştirak etmir, kim dəvət olundu, kim nə üçün dəvət olunmadı mübahisəsi varmı? Olsa da belə, bunun da şeirə bir xeyri olduğunu başa düşmək müşkül məsələdir. Qəzətlər buna yer ayırdı-ayırmadı, festival məkanları doldu dolmadı, nə fərqi var? Şeirlə xalq arasında əlaqə qopub, hürufiliyə meyillənən şairlər özlərindən razıdırlar, şeirin səviyyəsi ürək ağrıdan bir haldadırlar, nə olsun?

Mən sizə bir şeyi deyim: Şair yazıb-yaradır, xalq isə onu dilində və yaddaşında əsrlərini yaşadır yaşadır, "şairlər turizmi” ilə məşğul olanlar isə bu şeylərdən kənar adamlardı.

...buludların rəngi açıldı, bir az əvvəl qaralmışdı, indi gizli qalan qırmızı çiyələklər görünür, utancaq bənövşəyi zanbaq da ordadı, Mərmərə üzərində maviyə çalan yağış dənəcikləri rəqs edir.

Rasihin məşhur qəzəli ənənəvi türk şeirinin ahəngini dərinliyi ilə hiss etdirən qəzəllərdəndir. İlk dəfə yadımda deyil, 1943-cü də, ya da 44-cü ildə oxumuşdum, o vaxtan heyran olmuşam, İlahi, o beytlər necə gözəl idi:

Süzmə çeşmin gələməsini müjgan müjgan üstünə
Vurma yaranı sinəmə peykan peykan üstünə...
...Almaz tozu əkər hər açdığı yaraya o gözəl
Lütfü var olsun edər ehsan ehsan üstünə...


/artkaspi.az/
Tərcümə: Səxavət Sahil


Baxış sayı - 736 | Yüklənmə tarixi: 20.04.2020 11:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031