Türk dünyasının ünlü xalq şairi vəfat etdi
Tatarıstanın Xalq şairi Robert Minnulin vəfat edib.
Manera.az xəbər verir ki, bu barədə ”Tatar-inform” məlumat yayıb.
R.Minnulinin Azərbaycanla sıx əlaqəsi vardı. O, Xalq şairi Sabir Rüstəmxanlı və türkoloq Ramiz Əsgərlə yaxın dost idi.
Bakıda 70 illiyi münasibəti ilə Robert Minnullinin “Bülbüllərin toyu” şeirlər kitabı çapdan çıxıb.
Qeyd edək ki, Robert Minnullin tanınmış şair, publisist, jurnalist və siyasi xadimdir. Onun müxtəlif dillərdə 70-dən artıq kitabı nəşr olunub, 2007-ci ildə “Seçilmiş əsərləri”nin 7 cildliyi işıq üzü görüb. O, Tatarıstanın Əməkdar İncəsənət Xadimi, Başqırdıstanın Əməkdar Mədəniyyət İşçisidir. R.Minnullin 1977-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilib.
O, “Akbaq sirkdə”, “Yeddi əmi atı qoşur” və “Aya uçduq” uşaq kitablarına və televiziyada ədəbiyyatı fəal şəkildə təbliğ etdiyinə görə 1982-ci ildə Musa Cəlil adına mükafata layiq görülüb. Tanınmış ədibin “Bizim kəndin zooparkı”, “Mənə qardaş lazımdır” kitabları respublika müsabiqələrində birinci yeri tutub. “Dünyadakı ən böyük alma” kitabı isə beynəlxalq Hans Xristian Andersen diplomuna layiq görülüb. Ona 1997-ci ildə Tatarıstan Yazıçılar Birliyinin Abdulla Əliş mükafatı verilib. Robert Minnullin 1998-ci ildə “Küçtənəç” kitabına görə Abdulla Tukay adına dövlət mükafatı alıb.